“Şahbaz Quliyevlə Dilqəm Əsgərov öz dədə-baba yurdunu ziyarət etməyə getmişdilər. Mən onların məhkəməsini görmüşəm. Üzləri bağlı məhkəməyə aparıblar. Amma siz məni necə görürsünüz? Üzüm qırmızı, kamera qarşısına çıxmışam”.
Yenicag.az xəbər verir ki, bu sözləri Azərbaycanda əsirlikdə olan erməni Arsen Baqdasaryan deyib.
“Közərən xaç” filmində danışdırılan Baqdasaryan ölkəmizdə əsir olmasına baxmayaraq, ona qarşı heç bir təzyiq olmadığını bildirib. Azərbaycanca rahat şəkildə danışmağı öyrənən Baqdasaryan, Səməd Vurğunun Azərbaycan şeirini də deyib.
Qeyd edək ki, Arsen Baqdasaryan 2014-cü ilin 26 dekabrında qoşunların təmas xəttini gizli keçərək Azərbaycan Silahlı Qüvvələrinin müdafiə mövqelərinə özləri ilə götürdükləri 17 ədəd “fuqas” tipli piyada əleyhinə minalardan 3 ədədini yerləşdirdikdən sonra geri qayıtmaq istəyərkən tutulub.
O, istintaq zamanı törətdiyi cinayətləri könüllü etiraf edib. Məhkəmənin hökmü ilə Baqdasaryana 15 il həbs cəzası verilib.