!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Elçibəy hökuməti Rusiya ilə qoz-qoz oynayırdı...” - Hikmət Hacızadə 4 iyundan danışır

!Reklam – Yazi

1992-93-cü illərdə Azərbaycanın Rusiyadakı səfiri olmuş Hikmət Hacızadə 24 il əvvəlki proseslərə aydınlıq gətirir.

Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə Yenicag.Az-a müsahibəsində 1993-cü il 4 iyun hadisələrini dəyərləndirib.

– 24 il əvvəl baş vermiş 4 iyun hadisələri ilə bağlı bütün məqamlara tam aydınlıq gətirilibmi? Şəxsən Sizin üçün qaranlıq nəsə qalıb?

– Elə bir adamam ki, mənim üçün təfərrüatlar o qədər də vacib deyil. Yəni 4 iyunla əlaqədar mənzərə aydın idi. Deyə bilərəm ki, milli hökumətə üç tərəfdən hücum oldu. Üstəlik də milli hökumətin o məsələdə səriştəsinin olmaması da ciddi rol oynadı. Eyni zamanda, hökumətin, Xalq Cəbhəsinin orduda və polisdə ciddi dayaqlarının olmaması da belə bir nəticəni yetişdirdi. Yəni ordunun böyük hissəsi Rusiya və İran kəşfiyyatı ilə bağlı idi. O cümlədən, Azərbaycanda yenilikləri, demokratik dəyişiklikləri istəməyən daxili qüvvələr də bu prosesdə iştirak etdilər. Təsəvvür edin, Elçibəy əmr verirdi, ancaq onun əmri yerinə yetirilmirdi. Bax, bu amillər gətirib məlum nəticəyə çıxartdı. O zaman kimin kimə zəng etdiyini, nə danışdığını bilmirəm və bu, mənə maraqlı da deyil.

– Sizcə, o vaxtkı prosesləri fərqli istiqamətə yönəltmək olardı?

– Bu, artıq tarixi bir sualdır (gülür). Çaldıran döyüşü başqa cür nəticələnə bilərdimi, ya yox…

– Hər halda, 500 və 24 il əvvəlin fərqi var…

– Belə deyək, əgər milli qüvvələr bir az fərqli davransaydılar, həmçinin xarici demokratik qüvvələr bizə dəstək versəydilər, o hadisələrin yönünü dəyişmək mümkün idi. O zaman nə Türkiyə, nə də ki Qərb bizim arxamızda durmadı. Ona görə də milli hökumət necə deyərlər, geniş, antidemokratik internasionalla üz-üzə qalmışdı. Neyləmək olardı?

Deyim ki, o zaman Rusiya ilə münasibətlər çox vacib idi. Biz gərək Rusiyanı iynələməyəydik. Nazarbayev Rusiya ilə necə davranırdısa, biz də elə davranmalıydıq. Ancaq milli hökumətin Rusiya ilə müsbət davranmasına Azərbaycan cəmiyyəti imkan vermirdi. Çünki ictimaiyyət xüsusilə 20 yanvar hadisələrindən sonra Rusiyaya qarşı çox aqressiv ovqatdaydı, Rusiyanı heç bir halda qəbul etmirdi. Bizim hökumət də Rusiyaya qarşı sərt siyasət yürütdü və başladı Rusiya ilə qoz-qoz oynamağa. Onun da sonu belə oldu.

Ancaq görün, Nazarbayev neylədi, az qala hər həftə bəyanat verirdi ki, biz sizi qucaqlayırıq, sizinlə birləşirik, ittifaq yaradırıq və sair. Bu, çox düzgün, düşünülmüş bir siyasət idi. Nə Nazarbayev bir şey itirdi, nə də Qazaxıstan. İstədiyini elədi, paytaxtı da köçürtdülər şimala. Rusiya isə bu siyasətə qarşı heç nə edə bilmirdi, nəsə etməyə əsası qalmırdı.

-Ancaq səfir olduğunuz vaxt ikitərəfli münasibətlərin normallaşdırılmasına cəhd göstərirdiz…

– Mən Moskvada onları öpüb-qucaqlayırdım (gülür)

– Ancaq deyəsən, bu mehribanlığınız yetərli olmayıb…

– Ciddi danışsaq, dövlətin siyasətini mən müəyyənləşdirmirdim axı…

– 1993-cü ilin aprelində Aleksandr Lyubimovun “Moment istinı” verilişinə dəvət alsaz da, Ermənistan səfiri ilə debata çıxmamışdız. Ona görə də həmin verilişdə Azərbaycanın maraqlarını erməni politoloq Marqaryan müdafiə etmişdi. Bu məsələni necə xatırlayırsız?

– Bunun necə olduğunu sizə deyim. O məsələdə mənim günahım yox idi. O zaman “Ostankino” kanalı səhv qrafik tutmuşdu. Qeyd edim ki, həmin verilişin çəkiləcəyi günlərdə Moskvada Qarabağ danışıqları gedirdi və mən də orada Azərbaycanı təmsil edirdim. O çəkilişlər başlayanda, mən Rusiya Xarici İşlər Nazirliyində keçirilən danışıqlara qatılmışdım. Təbii ki, vaxtım olsaydı, o verilişdə mütləq iştirak edərdim. Ermənistanın səfiri verilişdə ona görə iştirak edirdi ki, onun səlahiyyətləri geniş deyildi, Qarabağ danışıqlarına qatılmırdı. Mənə danışıqlardan bir gün əvvəl televiziyadan zəng edəndə, onlara da məsələni olduğu kimi izah etmişdim. Yəni o işdə mənim heç bir təkəbbürüm, lotuluğum olmayıb.

– 4 iyun hadisələrinin qiymətləndirilməsində əsas tənqid hökumətə, onun fəaliyyətsizliyinə yönəlir. Bununla razılaşırsız?

– Əlbəttə ki, razılaşıram. Ancaq məndə Xalq Cəbhəsi fəallarının hərəkətsiz qalmaları haqda fakt yoxdur. Dəqiq məlumdur ki, ordu Elçibəyin əmrlərini yerinə yetirmirdi. Yəni prezidentin əmrini Müdafiə Nazirliyi icra etmirdi. Bunu Əbülfəz bəyin özü mənə demişdi. Mən Bakıya qayıdanda ondan soruşdum ki, axı niyə əmr vermədiniz? Dedi ki, əmr verirdim, yerinə yetirmirdilər. Hərbi qüvvələri konkret ərazilərə göndərməklə bağlı əmr verirdim, ancaq icra olunmurdu. Bax, belə bir vəziyyət yaranıbmış. Ordu tamamilə xarici kəşfiyyatın əlində olub.

– Elçibəyin Bakını tərk etməsi üçün göstərdiyi səbəb Sizin üçün qaneedicidir?

– Yox, qaneedici deyil. Elçibəy gərək getməyəydi.

A.Zeynalov
Yenicag.Az

www.yenicag.az

1520
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv