Elçin Əlibəyli Rasim Balayevi susdurdu: “Vəzifədə olanda niyə səsin çıxmırdı?” – QALMAQAL

Xalq artisti Rasim Balayevin telekanallar və müğənnilər haqqında dediyi sərt fikirlər cəmiyyətdə birmənalı qarşılanmayıb.

Qeyd edək ki, aktyor tənqidi fikirlər səsləndirib: “Bizim vaxtımızda efirə nümunəvi adamlar çıxırdı. Küçədən keçənlər efirə çıxa bilməzdi. Bu gün küçə adamları ekranlardadı. Əxlaqsız adam mənə əxlaqdan, rüşvətxor adam mənə rüşvətdən, ağılsız mənə ağıldan dərs deyir. Nə cürə geyinib səhnəyə, ekrana çıxırlar. Yaxşı, bunların öz yiyəsi, əri, qardaşı, bacısı yoxdur. Bəs bu televiziyanın sədri yoxdur?”

Yeniçag.az-a açıqlama verən tanınmış teleaparıcı Elçin Əlibəyli xalq artisini cavabsız qoymayıb:

“Birincisi, Rasim müəllimin bu söylədikləri gecikmiş fikirdir. Vaxtilə Kinematoqrafçılar İttifaqında birinci katib vəzifəsini icra edərkən qeyri-peşəkarlar efirdə olanda niyə səsi gəlmirdi? Onda niyə danışmırdı? Bu gün hamı müəyyən vəzifədən gedəndən sonra prokurora çevrilib, televiziya haqqında fikirlər səsləndirir. Ona qalsa, 1982-ci ildən başlayaraq teleməkanda bir aşınma dövrü başlamışdı, onda dinib-danışmırdılar. İkincisi, geyim elə məsələdir ki,  səhnənin öz geyim tərzi var. Biz İranda yaşamırıq ki, hamı efirə çadrada çıxsın. Hətta 60-70-ci illərdə açıq-saçıq paltarlar geyinən sənətçilərimiz olub. Səhnəyə açıq-saçıq geyimdə çıxıb dövrün dəbini diqtə ediblər. İndi bu barədə danışmaq gülməli görünür. Həmin dövrdə çəkilən filmlərə baxın, yaxud da televiziyaya çıxan müğənnilərə. Mən efirdə heç kimi yarıçılpaq görməmişəm. Hər kəs normal geyimdə çıxır”.

E.Əlibəyli aktyorun peşəkarlıqla bağlı ittihamlarına da aydınlıq gətirib:

“Qaldı ki, kimin səviyyəli olub-olmadığını müəyyənləşdirmək, bu çox çətin məsələdir. Bu, verilişin aparıcısının zövqünə buraxılan bir işdir Bəli, televiziyada peşəkar redaktor, prodüser işləsəydi, ola bilər onlar seçim apara bilərdi. Amma Azərbaycanda bunu tənzimləyən televiziya akademiyası olmadığı, mütəxəssislər yetişmədiyi üçün ola bilsin, zövqsüzlük ortaya çıxsın. Kino ilə televiziya bir-birinə yaxın sahədir. Rasim Balayev o zaman Kinematoqrafçılar İttifaqının katibi olanda həmin qurumun nəzdində Televiziya Akademiyası yaratsaydı, daha faydalı olardı”.

“MTRŞ deyilən bir qurum var. Daim bu məsələni nəzarətdə saxlayır, hətta xırda bir detal olan kimi cərimə də tətbiq edir”- deyən Əlibəyli teleməkanda Rasim Balayevin dediyi kimi acınacaqlı vəziyyətin olmadığını bildirib:

“Onun fikir bildirməsi hər halda yaxşı haldır. Amma bu fikir də əsaslanmış şəkildə olmalıdır. Elə hamıya geyiminə görə qadağa qoymaq olmaz. Biz neçənçi əsrdə yaşayırıq? Şou-biznes həmişə dövrün və zamanın geyimlərini diqtə edib. Guya Rasim Balayevin öz dövründə necə geyinirdilər? Məsələ burasındadır k, onun dövründə də açıq-saçıqlıq birmənalı qarşılanmırdı”.

Teleaparıcı televiziya rəhbərlərinin də müdafiəsinə qalxıb:

“Televiziya rəhbərləri hər verilişə gələni oturub izləyəsi deyil. Kiminsə geyiminə irad tutub, “paltarını dəyiş” deyə irad tutmaq qeyri-ciddi oalrıdı. Bütün kanallarda qaydalar qorunur. Rasim müəllim yəqin ki, çoxdandır televiziyalara baxmır”.

Cəvahir

COP29