Reklam

Reklam

Bu gün mərhum aktyor Elçin Həmidovun anım günüdür.

Sənət dostu, əməkdar artist Novruz Qartal uzun illər Musiqili Komediya Teatrında bərabər çalışdığı E. Həmidovla bağlı heç yerdə demədiyi faktları Yeniçağ.az-a açıqlayıb.

– Novruz müəllim, Elçin Həmidovu xatırlayacağıq… Bildiyimizə görə, sizinlə yaxın dost olub?

– Bunu heç kim bilmir, ilk dəfə sizə deyirəm. Elçini ilk dəfə Musiqili Komediya Teatrına mən işə düzəltmişəm. Lənkəranlı bir dostum xahiş elədi ki, bir yeniyetmə oğlan var, onun teatrda işə düzəlməsinə kömək elə. Gətirdim teatra, xorda oxumağa başladı. Sonradan işıqçı işlədi, yavaş-yavaş aktyor kimi fəaliyyət göstərdi. Mən onu yanımda qastrollara aparırdım, istedadlı oğlan idi.

– Xaraktercə necə insan idi?

– Çox qapalı insan idi, sirlərini bölüşməzdi. Amma mənimlə dərdləşirdi. Onlarda nəsillikcə beyinlə bağlı xəstəlik vardı, çox yaşamırdılar. Anası, bacısı, qardaşı 40-50 yaşlarında qəfildən dünyalarını dəyişmişdilər. Elçin də yaşa dolduqca “tutma”ları olurdu. Çox pis vəziyyətə düşürdü, sanki ölüb-dirilirdi. Həkim çağırırdıq, iynə-dərmandan sonra özünə gəlirdi. Hamı onun bu xəstəliyini bilirdi. Amma çox da açıb-ağartmırdıq

– Heç tamaşa zamanı belə “tutma”ları olurdu?

– Bir dəfə İranda qastrol səfərində idik, tamaşa qabağı qəfildən halı pisləşdi, elə bildik ölüb. Təcili yardım çağırdıq, xəstəxanaya apardıq. Həkimlər müayinə etdilər, dedilər ki, 6 ay vaxtı qalıb. Əgər gəlib müalicə olunmasan, həyatla vidalaşacaqsan. Nə qədər yalvardımsa, tək adamsan, pulun da var, get müalicə olun, səhlənkarlıq eləmə. Sözümə baxmadı.

– İran səfərindən nə qədər sonra dünyasını dəyişdi?

– Düz altı aydan sonra… İranlı həkimlər ona açıq demişdilər ki, ciddi müalicə olunmasan öləcəksən. Hətta bizə də dedilər ki, onun müalicəsini yubatmayaq. Özündə oldu günah. Amma əcəl çatanda, heç kimdən icazə almır.

– Ürəyi xəstə idi?

– Yox, beynində problem vardı. Diaqnozunu bilmirəm. Beyin damarlarında nəsə tutulmalar olurdu, təzyiqi qəfil qalxırdı. Bir dəfə teatrda elə bir hala qaldı ki, hamımız sarsıldıq. Özünü bilmirdi, üst-başı yaman günə düşdü, sonra da yıxıldı; hamı necə qışqırırdı…

– Son görüşünüz nə vaxt olmuşdu?

– Ölümündən bir gün əvvəl. Onunla “Hərənin öz ulduzu” tamaşasında oynayacaqdıq. Səhər gəldim, məşq oldu, gördük ki, Elçin yoxdur. Dedik, yəqin axşama gələr. Yenə gəlib çıxmadı, zəng elədim, cavab vermədi. Evinə getdim. Həyətdə mühafizəçidən soruşdum, dedi axırıncı dəfə onu dünən görmüşəm. Evinə qalxdım, qapının zəngini nə qədər basdım, açmadı. Axırda aktrisa Kubra xanıma zəng elədim, dedim bəlkə onun xəbəri olar. Çünki qorxdum, dedim birdən evdə “tutma”sı tutar. Kubra xanım onun qohumudur axı. Nə isə, polisə xəbər verdik, pəncərəni sındırıb içəri girdilər. Gördük ki, yataq otağında ağzıüstə yıxılıb.

– Gecədən dünyasını dəyişibmiş yəqin…

– Yəqin ki, çünki televizor da, işıqlar da yanırdı.

– Heç tez öləcəyi ürəyinə dammışdı?

– Bu barədə danışmırdı. Amma bir dəfə mənə dedi ki, ana tərəfdən nəsillikcə xəstəliyimiz var, çox yaşamırıq.

– Evlənməmişdi də… Sizcə, niyə?

– Xəstəliyinə görə. Ölümündən əvvəl mənimlə dərdləşdi. Şəxsi həyatı ilə bağlı ürəyini boşaltdı. Dedi ki, onsuz da tez öləcəm, niyə evlənim ki? Çox pis oldum. Bu sözləri deyəndə kövrəlmişdi. Elə məni də kövrəltdi.

 

Cəvahir Səlimqızı

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 196
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."