Elçin Mirzəbəyli: “Əkinçi” ilə başlayan yol 142 ildir ki, davam edir”

“Azərbaycanın mövcud inkişafı ölkə mediasının yüksəlişinə güclü təkan verir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Mətbuat Gününü dəyərləndirən “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib.

Mirzəbəylinin fikrincə, əsası Həsən bəy Zərdabi tərəfindən qoyulan Azərbaycan milli mətbuatı mühüm inkişaf yolu keçib:

“Əlamətdar haldır ki, Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” ilə başlayan bu yol 142 ildir ki, davam edir. Əlbəttə, bu, kifayət qədər böyük zamandır və geridə qalan müddət ərzində mətbuatımız ciddi yüksəlişə nail olub.

Sözsüz, mətbuatımızın inkişafını təmin edən əsas amil Azərbaycanın dövlət istiqlaliyyətinin bərpa edilməsidir. Dövlət müstəqilliyimiz bütün digər sahələr kimi mətbuatımızın inkişafının başlıca şərtidir.

Ölkənin mövcud inkişafı həm də medianın yüksəlişinə mühüm təkan verir. Azərbaycanın imkanlarının genişlənməsi dövlətin mediaya diqqət və qayğısının artmasına imkan yaradııb.

O baxımdan, dövlətin qayğısı sayəsində mətbuatın maddi-texniki bazasının gücləndirilməsinə yönələn davamlı addımların atılması, KİV-ə Dövlət Dəstəyi Fondunun yaradılması, jurnalistlərin sosial problemlərinin həllinə hədəflənmiş tədbirlər xüsusi qeyd olunmalıdır. Bir neçə gün əvvəl jurnalistlər üçün inşa edilmiş ikinci binanın təhvil verilməsi bu fikirlərin bariz nümunəsidir.

Milli Mətbuat Günü münasibəti ilə bütün həmkarlarımızı təbrik edir, onlara uğurlar arzulayıram”.

A.Zeynalov
Yenicag.Az

 

COP29