“Bəşəriyyətin böyük bəlasına çevrilmiş COVİD-19 pandemiyasına qarşı mübarizə bütün dövlətlərin, o cümlədən Azərbaycan dövlətinin gündəliyində başlıca məsələdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında əhalinin sağlamlığının qorunması, ölümcül virusun yayılmasının qarşısının alınması istiqamətində sistemli və səmərəli işlər görülməkdədir. Dövlətimizin böyük imkanları bu istiqamətdə səfərbər edilmiş, xəstəliyə yoluxma hallarının ciddi şəkildə azaldılmasına nail olunmuşdur. İndi əsas məqsəd əldə olunan müsbət nəticəni qoruyub saxlamaq, koronavirusun yenidən geniş yayılmasının qarşısını almaqdır. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı əsasında tətbiq edilən sərt karantin rejimini və məhdudlaşdırıcı tədbirlər əhalinin sağlamlığının qorunması kimi vacib dövlət vəzifəsinin yerinə yetirilməsini nəzərdə tutur.”
Yenicag.az xəbər verir ki, bu fikirləri Trend-ə açıqlamasında Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini – icra katibi Əli Əhmədov bildirib.
Baş nazirin müavini daha sonra bildirib: “Əhalinin sağlamlığının qorunması naminə dövlətin həyata keçirdiyi məhdudlaşdırıcı tədbirlərə, karantin rejiminə əməl edilməsi vəzifəsindən və ictimai mövqeyindən asılı olmayaraq hər bir vətəndaşın borcu olmalıdır. Əhalinin sağlamlığına təhlükə yaradan hərəkətlərin qarşısı qətiyyətlə alınmalı, belə hərəkətlərə yol verənlərin əməlləri isə kəskin şəkildə pislənməlidir. Karantin rejiminə, məhdudlaşdırıcı tədbirlərin tətbiqinə məhəl qoymadan kütləvi mərasimlərin təşkili hökumətin qəbul etdiyi zəruri qərarlara hörmətsizlik kimi qiymətləndirilməlidir. Çox təəssüf edirəm ki, haqqında danışdığımız qadağalara baxmayaraq bir neçə gün bundan əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi keçirilmişdir. Yeni ailə quran gənclərə xoşbəxtlik arzulamaq bizim ən ülvi milli adət-ənənələrimizdəndir. Lakin toy mərasiminin COVİD-19 pandemiyası dövründə mövcud olan qadağalara məhəl qoyulmadan keçirilməsi və sosial şəbəkələrdə geniş müzakirələrə, əhalinin haqlı narazılığına səbəb olması bizi məyus etməyə bilməz. Yeni Azərbaycan Partiyası ölkənin iqtidar partiyasıdır. Partiyamız bütövlükdə və onun hər bir üzvü ayrılıqda qanunlara nəinki riayət etməli, hətta bu işdə hər kəsə nümunə olmalıdır. Azərbaycan hüquqi dövlətdir, ölkəmizdə qanunların aliliyi təmin olunub. Heç kimə ayrıca səlahiyyətlər, üstünlüklər və ya imtiyazlar verilməyib və verilə bilməz. Mənim dediyim bu sözlər ilk növbədə Yeni Azərbaycan Partiyasının üzvlərinə aiddir. Belə olan halda partiya üzvlərindən kiminsə xüsusi imtiyazlara sahib olduğunu düşünməsi anlaşılmaz və yolverilməzdir. Hesab edirəm ki, karantin qaydalarının kobud şəkildə pozulmasına görə toy sahiblərinin qanunla cəzalandırılması hamıya ibrət olmalıdır.
Sözügedən toy mərasimində iştirak edən partiya üzvlərinin partiya məsuliyyətini dərk edirik və zəruri tədbirlərin görülməsi, inanıram ki, təmin olunacaqdır. Mən bütün partiya üzvlərini COVİD-19 pandemiyası dövründə tətbiq edilən karantin rejiminin tələblərinə riayyət etməyə dəvət edirəm və düşünürəm ki, gələcəkdə bu cür hallar bir daha yol verilməyəcək.”