Əli Əliyev: “Dünən Heydər Əliyevə odpüskürən siyasi liliputlar bu gün İlham Əliyevin əl pişiyinə çevriliblər”
“Yeniçağ.az”ın “Dialoq kürsüsü”ndə Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevdir.
“Qardaş Türkiyəni daxili və xarici müharibəyə, dövlət çevrilişlərinə sürükləməklə, əsas müttəfiqimizin müvazinətini pozmağa cəhdlər var”
– Dialoqa bütün müsahiblərimə ünvanladığım ənənəvi bir sualla başlayacam. Maraqlıdır, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev bu gün dünyaya hansı “pəncərədən” baxır və nələri görür?
– Bir partiya sədri olaraq aydındır ki, bu gün dünyaya siyasət “pəncərəsindən” baxıram. Bir halda ki, bu ictimai mükəlləfiyyəti üzərimə çəkmişəm, deməli hadisələrə də peşəkar yanaşmalıyam. Görünən odur ki, dünya mürəkkəb, Azərbaycan isə daha gərgin qavranılır. Çünki dünyanın müşküllərinin izini də daşımaq məcburiyyətindəyik. Özəl problemlərimizi də obyektiv proseslərə “yüklədikdə” mənzərə acınacaqlı təəssürat yaradır. Dünya böyük güclərin toqquşması fazasını yaşayır.
“Dünya növbəti dönəmdə necə idarə olunacaq” sualına cavab axtarılır. Trampın gəlişindən sonra meydana çıxmış tablo ürəkaçan deyil. Lakin bundan əvvəlki daha eybəcər idi. Obamanın amorf davranışı dünyada gərginliyi və hərc-mərcliyi artırmışdı. Rusiya, İran, Şimali Koreya, müxtəlif terrorist qurumlar transmilli mahiyyətli mövqelər göstərməyə başlamışdılar. Avropa Birliyindəki dezinteqrasiya, Avropada ultra qüvvələrin siyasi dövriyyəyə girməsi, aşkar şəkildə suveren dövlətlərin torpaqlarının işğalı, seçkilərə müdaxilələr, hibrid müharibələri dünyanı çalxalayır. Azərbaycanımızda vəziyyət, deyilənlərə rəğmən, daha gərgindir. Qlobal dünyada miqyaslı proseslərdən qorunmaq çox mürəkkəbdir.
Qonşularımızın hamısı bu “oyun”ların içərisində yer alır. Həm Rusiya, həm İran yeni ABŞ administrasiyasının hədəfindədirlər. Qardaş Türkiyəni daxili və xarici müharibəyə, dövlət çevrilişlərinə sürükləməklə, əsas müttəfiqimizin müvazinətini pozmağa cəhdlər var. Dünyanın ən qaynar nöqtəsi – Suriya ilə coğrafi məsafəmiz bir neçə yüz kilometrdir. Bunların hamısı bir tərəfə qoyulduqda daxili mühitimiz qeyri-sağlamdır. Hakimiyyətin daxilindəki mühit-korrupsiya, kriminal ünsürlər, iqtisadi model, maliyyə böhranı, qruplaşmalar, müharibə ovqatı, siyasi qütbləşmə və avtoritarizmdən diktaturaya yuvarlanma, siyasi instusional deqradasiya, ictimai müqavimətin məhvi, mətbuatın “özəlləşdirilməsi” və sair amillər Azərbaycanın perspektivinə kölgə salır. Hakimiyyətin bütün psevdo mahiyyətli dəlilləri – “analoqsuz inkişaf”, “regionun lider dövləti”, “Azərbaycanda demokratiya, insan, vicdan, söz və düşüncə azadlıqları mövcuddur”, “Lazım olsa Qarabağı azad edəcəyik” , “Azərbaycan diplomatiyasının uğurları” kimi deyim və çağırışların nəticəsizliyi göz önündədir. Hökm sürən sabitlik hüzur və rifahdan törəməyib, təzyiq və təhrikdən, ölkənin polis dəyənəyi ilə idarə olunmasından törəyib və aldadıcıdır. Heç bir avtoritar və ya diktatur cəmiyyətdə ictimai asayiş pozulmur. Belə cəmiyyətlərdə sakitliyə inqilablar son qoyur, qalan zamanlar elə bizdəki kimi zahiri “əmin-amanlıq” olur. Ölkədə sabitliyin və rəvan keçidin bəlkə də ən ardıcıl tərəfdarlarındanam. Lakin təəssüf ki, hakimiyyətimiz cəmiyyəti öz tövrü ilə məxməri proseslərdən uzaqlaşdırır, cəmiyyətin haqlarını “ayağı” altına almaqda israrlı görünür. Ölkədə respublika dəyərləri düşünülmüş şəkildə sıradan çıxarılır. Daxili istinadı olmadığından, qərar qəbul edənlər daha çox kənar maraqlardan çıxış etməyə üstünlük verirlər. Nə isə… Siyasət prizmasından dünya və bizim vətənimiz belə görünür. Əlbəttə ki, bu, mənim subyektiv təəssüratlarımdır.
“Azərbaycanda baş verənlər müxalifət düşərgəsinin problemi deyil, cəmiyyətin müşkülüdür”
– Əli bəy, “müxalifət düşərgəsi” deyilən siyasi cəbhənin mövcudluğu vaxtilə müzakirələrdə olsa da görünürdü. Bu düşərgənin “vahidlik və birgəlik” zərurətindən danışılır, əks təqdirdə ümumi məğlubiyyətin qaçılmaz olduğu “siqnalı verilərdi”. Artıq “müxalifətin qatarı ötüb keçdi” deyirlər. Hətta kimlərəsə siyasi müxalifətçilikdən söz açmaq belə, gülünc görünür. Buna görə də müxalifət partiyalarının liderləri ittiham olundular. Baxın, bu gün belə bir siyasətçiyə bu mövzuda danışmaq mənasız gəlirsə, bu duruma nə ad verilməlidir?
– İlk suala cavabda bəzi məqamlara toxundum. Bir az üzərində duraq ki, aydınlıq yaransın. Normal siyasi mühitin necəliyi hakimiyyətin qərarlarından birbaşa asılı məsələdir. Dünyanın hansı demokratiyadan uzaq ölkəsində güclü müxalifət görünüb, yaxud ciddi siyasi qüvvələrdən danışmaq olur? Bir dənə də olsun belə nümunə yoxdur. Ola da bilməz. Belə alternativlik siyasi mühiti və dövlətçilik prinsipləri qorunan dövlətlərdə rast gəlinir.
Misal: Zimbabve və Afrika qitəsinin ən qəddar sayılan diktatoru Robert Muqabe belə, 35 illik hakimiyyəti dövründə parlament çoxluğunu müxalifətə verdiyi dönəmlər, prezident seçkilərinin ikinci turunun keçirildiyi zamanlar olub. Azərbaycanda buna rast gəldinizmi? 24 illik YAP idarəçiliyi zamanı alternativliyin, qanuniliyin seçkilərdə izini görən oldumu? Yaxud bu gün dünyanın “qamçıladığı” Venesuela prezidenti Maduro parlament seçkilərini rəsmən uduzub. Bizdə belə bir halı təsəvvür edirsinizmi? Myanmada hərbi xunta belə, hakimiyyəti könüllü şəkildə alternativ siyasi gücə təslim etdi. Nümunələr ona görə lazımdır ki, ölkədəki vəziyyəti müqayisəli şəkildə qavrayaq. Gətirdiyim misallar dünyanın ən qəddar rejimləri hesab edilən ölkələrdir. Bunula belə, oradakı siyasi reallıqlar bizdən xeyli üstündür. Azərbaycanda baş verənlər müxalifət düşərgəsinin problemi deyil, cəmiyyətin müşkülüdür. Hakimiyyət dövlətin təməli olan siyasi institutları məqsədyönlü şəkildə sıradan çıxarır. Məhv etdiyinin yerində müqəvva yaradır. Bu, həm siyasi partiyalar, həm QHT-lər, həm mətbuata aiddir. Tamamilə təslim olmayanlar dissident fəaliyyətilə, yaxud təqiyyə şəraitində iqtidara “qulluq” edirlər. Belə şəraitdə müxalifəti qınamaq ən azı haqsızlıqdır. Müxalifət cəmiyyətin inikasıdır.
Müxalifət cəmiyyətdən güc almalı, ona bənzəməlidir. İqtidara qarşı dissident qismində fəaliyyət göstərən fərdlərimiz varsa, həbsdə siyasi və vicdan məhbuslarımız qalmaqdadırsa, deməli, bu iqtidar qalib deyil. Öz xalqına divan tutmaq, onu normal inkişafdan saxlamaq, milləti müxtəlif yaramaz meyarlarla sortlaşdırmaq heç kəsə uzun vədəli prosesdə uğur gətirməyib. Belə düşünənlər strateji düşünə bilmirlər. Zorakılığın daim sonu olur. Təmənnasız xidmət insanlığın qəlbində “yuva” sala bilər. Rəsulzadə və Atatürk nümunələri bunun ən bariz misallarıdır. Azərbaycanda mövcud haqsızlıqla mübarizə aparan xeyli sayda insan var. Ondan da dəfələrlə çox susqun şəkildə etiraz edənlər, pıçıltı ilə şikayətlənənlər və sair insanımız var. Bizim problemimiz müxalifətin birliyi problemi deyil. Vahid namizəd postulatı da xilas resepti deyil. Hərçənd ki, hər iki məfhum əhəmiyyətli uğur formulları ola bilər. Bizim problemimiz heç YAP da deyil. O, Azərbaycanın sərvətlərini sümürmyə girişmiş beynəlxalq konqlomeratın yalnız üzdə olan hissəsidir. Ona görə də siyasi davamızda özümüzü haqsızcasına döyəcləməməliyik. Bu xalq kimliyini 30 il qabaq dünyaya sübut edib, bir daha edəcəyinə hamı əmin ola bilər. Bizə beynəlxalq şərtlərin uyğunluğunu gözləmək lazımdır. O zaman gələcək. İnşallah, proses inkişaf etdikcə, xalqımızın əzmi ortaya çıxacaq.
“Bizi kiçik , fərsiz, bacarıqsız göstərməyə çalışanlar uğursuz olacaqlar”
– VİP özünü kimin varisi sayır və bu gün siyasi proseslərdəki fəaliyyətini nə dərəcədə qanedici hesab edir?
– VİP ideoloji baxımdan özünü Uzun Həsənin, Səfəvilərin, Əfşarların, Qacarların, Rəsulzadənin varisi sayır. Böyük Azərbaycanın dövlət xadimlərinin nəhəng irsi bizim tarixi mirasımız, qibtə mənbəyimizdir. Dünyada imperiya qurmaq hər millətə nəsib olmayıb. Biz bunu bacaran azsaylı dünya xalqlarındanıq. Biz Azərbaycan türkləri və azərbaycanlılar parlaq keçmişə, yüksək mənəvi-əxlaqi keyfiyyətlərə, böyük mədəniyyətə malik millətik. Bizi kiçik , fərsiz, bacarıqsız göstərməyə çalışanlar uğursuz olacaqlar,inşallah. Əminəm ki, hakimiyyətimizə sahibləndikdən sonra böyük hədəflərimizə çatacağıq. Buna inanmaq və uğrunda yola davam etmək lazımdır. Təəssüf ki, YAP iqtidarını yolumuzdakı əngəl kimi qaldıra bilmirik. Ən təəssüfləndirici fakt budur.
– Ölkənin ictimai-siyasi həyatında müşahidə olunan durğunluq, siyasi təşkilatların qeyri-aktivliyi müxtəlif amplualarda təhlil olunur. Sanki hamı bu vəziyyəti kənardan izləməyə məhkum edilib və bu, “siyasətsizliyin” “hökmdar” olması ilə səciyyələndirilir. Belə bir vəziyyətin yaranması nəyə işarədir?
– Durğunluq hakimiyyətin yaratdığı idarəçilik üslubudur. Yadınızdadır, Qorbaçov hakimiyyətə gəldikdə sovet dönəmini bu terminlə xarakterizə etdi:durğunluq! Bu yaxınlarda dərin hörmət bəslədiyim İlyas İsmayılovla söhbətimiz zamanı Kremlin əsas həkimi Çazovun memuarlarını oxuduğunu dedi. Suslova istinadən Çazovun İlyas müəllimin dilindən eşitdiyim kəlməsi yaddaşımda özünə yer etdi: “Kadrların dəyişməzliyi siyasi uğurun rəhnidir”. Bu, nəhəng SSRİ-nin Siyasi büro üzvünün dediyi ifadədir. Necə də bizdəki isteblişmenti xarakterizə edən fikirdir. Deyilmi? SSRİ-nin aqibəti hamıya bəllidir. Durğunluq müəyyən dövrə qədər effektlidir. Sonrası fəsada yol açır. Bizdə də belə olacağına şübhə olmasın.
– Bu gün daxildə siyasi partiyaların fəaliyyətsiz durumu özünüinkarla müşahidə olunur. Gənc siyasətçilərin meydana çıxmasının qarşısını alan nədir?
– Mənə görə siyasi meydanın qapısı yoxdur. Ümumiyyətlə, meydanların qapıları olmur. Kim nə vaxt meydana çıxmağa təşəbbüs etdi ki, ona mane oldular? Başqa məsələdir ki, siyasət özü də rəqabət meydanıdır. Kim xoşluqla öz yerini kimə isə güzəştə gedir? Təbiətdə də bu belədir. Cavan şir qocalmış dəstə başçısını döyüşərək qovur, onun balalarını boğub öldürür və mirasına sahiblənir. Təbiətin amansız da olsa, yeganə hərəkətverici qüvvəsi belə rəqabətdir. İnanmıram ki, meydana çıxmaq üçün istəyi, gücü, ağlı və savadı olan kiminsə qarşısını almaq mümkün olsun. Messinin qarşısını yaşıl zəmidə kim ala bilərdi? Eləcə də siyasətə gəlmək istəyən “Messi”ləri heç kəs saxlaya bilməz. Sadəcə olaraq, bu gün siyasət rentabelli və təhlükəsiz karyera üçün münasib peşə deyil. Ona görə də gənclər bura həvəslə qoşulmurlar. İnanıram ki, şərait yarandıqda belələrinin sayı minlərlə olacaq. Əslində, qurtuluş da oradadır. Çünki gəncliyi olmayan istənilən hərəkat gücsüz olacaq.
– Bu gün dünyada gedən gərgin proseslər fonunda ölkənin hazırki ideoloji durumunu necə qiymətləndirmək olar və bu müstəvidə ictimai-siyasi təşkilatların rolu hansı səviyyədə görünür?
– Azərbaycanda ən bərbad vəziyyət ideoloji sahədədir. Dünyada sınaqdan çıxmış heç bir ideoloji prinsiplər cəmiyyətdə yer tuta bilməyib. Cəmiyyətdə siyasi baxımdan ideoloji vakuum mövcuddur. Bu boşluğu isə pis-yaxşı dini təmayüllər zəbt etməkdədir. Bu, ölkə üçün yavaşıdılmış bombadır. İnstusional tükənən siyasi məkan mövcud şəraitdə cəmiyyətin siyasi maarif işinin öhdəsindən gələ bilmir. Bu, bilərəkdən edilir. Çünki istənilən ideoloji cərəyanın davamı ilə təşkilatlanma zərurəti yaranır. Cəmiyyətin təşkilatlanması isə istənilən avtoritar hakimiyyət üçün başağrısı, yuxusuz gecələrdir.
“Cəmiyyət insanımızı qızıla da bənzədə bilər, təsirsiz qaza da”
– Təbii olaraq insan potensialına dayanan cəmiyyətlərin mədəni inkişaf tempi fərdlərin hüquq və haqlarının müdafiəsi üzərində formalaşır və bu sistem məhz insan həyatının təkmilləşməsinə yönələn qanunlarla nizamlanır. Sizcə, bu cür sifarişlər Azərbaycanda özünü necə doğruldur?
– Bu gün yürüdülən səhv siyasət nəticəsində Vətəndə perspektivə inanmayan passionar gənclik ölkəni tərk edir. Hər bir maddənin necəliyi onun molekulundan asılıdırsa, cəmiyyətin də keyfiyyəti vətəndaşın necəliyindən asılıdır. Bu, birinci postulatdır. Fərd qızılda, platində, qaz halında olan digər maddə də ola bilər. Şəxsin necəliyi ona dövlətin münasibətindən asılıdır. Necə ki, övlad ailədə gördüyündən ibrət götürər, eləcə də vətəndaş yaşadığı cəmiyyətin xüsuslarını özündə yaşadar. İmam Əlinin bir kəlamı yerinə düşər: “ İnsanlar valideynlərindən çox , zamanələrinə bənzəyərlər”. Cəmiyyət insanımızı qızıla da bənzədə bilər, təsirsiz qaza da. O qalır cəmiyyətin inkişafını müəyyən edən hakimlərin vicdanına… İkinci postulat bu fərdlərin cəmiyyətdəki düzənidir. Özü-özlüyündə fərdlərin keyfiyyəti cəmiyyətin keyfiyyətində vacib, lakin həlledici amil deyildir. İctimai münasibətlər sistemi, azadlıqlar, ədalət və s. mühüm dəyərlər cəmiyyətin əyyarını müəyyən edir. Yenə təbiətdən misal gətirmək istəyirəm. Dünyanın ən sərt və bahalı maddəsi almazdır. Çox qəribədir ki, onun kimyəvi tərkibi, yəni molekulları qrafit (karandaş) ilə eynidir. Hər iki maddə C atomlarından təşkil olunub. Sadəcə, fəza quruluşlarında fərq vardır. Deməli, eyni maddə bir cür təşkil olunduqda çox sərt, başqa cür yığıldıqda çox yumşaq ola bilir. Azərbaycan iqtidarı bu iki postulatın heç brində maraqlı görünmür. Nə yüksək dəyərləri bölüşən vətəndaş, nə də onların birliyindən formalaşan yüksək dəyərləri yaşadan ədalətli cəmiyyət… Sanki daha çox ona çalışılır ki, cəmiyyət zəif, fərdlər bioloji varlıq olsunlar.
“İqtidara istənilən dəstəyi verməyə hazıram”
– Dağlıq Qarabağ münaqişəsi və regionda yaranmış gərginliklə bağlı aparılan danışıqlar və həll prosesinin süni olaraq uzadılması, eləcə də ATƏT-in Minsk qrupunun boş vədlərinə olan etirazlar sonda bizdən hansı addımların atılmasını tələb edir?
– Dağlıq Qarabağ məsələsinin bugünkü şərtlər daxilində həllini mümkünsüz görürəm. Bir partiya sədri kimi bu məsələnin həlli üçün iqtidara istənilən dəstəyi verməyə hazıram. Lakin belə hakimiyyətin məsələ çözəcəyinə inamım azdır. Hakimiyyətin ən yüksək qatında problemi yaratmış dövlətin rezidentlərinin olması haqda söz-söhbət gəzirsə, yenə də həmin qatda erməni qohumluğu olan şəxslər çoxdursa, hakimiyyət başqa dövlətin sözünü icra etmək məcburiyyətindədirsə, problemin həllindən danışmaq tezdir. Səmimi şəkildə inanıram ki, İlham Əliyev torpaqların azad edilməsinə səy göstərir. Lakin onun rəhbərlik etdiyi komandanın və dövlətin siyasi reallıqları bu uğuru mümkünsüz edir. Mənim üçün düşməni kimin əzəcəyinin fərqi yoxdur. Qoy bu tarixi şansı o reallaşdırsın. Şərtləri heç cür uyğun görmürəm. Hakimiyyət başqalarının yükündən azad olmayana qədər uğura inanmıram. Torpaqlar yalnız uyğun beynəlxalq şəraitdə öz gücümüz hesabına qaytarıla bilər. Gücümüz isə təksə hərbi qüdrətdə deyil. Müasir dünyada güc iqtisadi, hüquqi, maliyyə, demokratiya, azad mətbuat, şəffaf cəmiyyət və s. məfhumları ehtiva edir.
– Bu gün Azərbaycana qarşı işləyən hansı xarici təsirlər var və bu, özünü nədə göstərir?
– Azərbaycan, hakimiyyətin yürütdüyü siyasət nəticəsində, elə yalnız xarici təsirdən asılı hala gəlib . İradəsi sındırlmış cəmiyyətdə başqa hansı faktor işləyə bilər ki? Bu günlərdə facebook hesabımdan yeganə müttəfiqimiz Türkiyə ilə viza rejiminin qalması barədə yazmışdım. Bu biabırçılıq deyilmi? Türk vətəndaşı Rusiyaya, Yaponiyaya, Braziliyaya və onlarla başqa ölkəyə vizasız gedə bilir, Azərbaycana isə yox. Budurmu “İki dövlət, bir millət“ şüarı? Bilirsiz, viza rejimi niyə saxlanır? Çünki İranla Rusiya bunu istəmir. Xarici təsirin bariz nümunəsi deyilmi bu ? Yaxud prezident Əliyevin aprel döyüşləri zamanı öz dili ilə hərbi əməliyyatların dayandırlmasının Rusiyanın “xahişi” ilə etdiyini etiraf etmədimi? Fikrimcə, legitim hakimiyyətə sahib olmayan istənilən kiçik dövlət xarici təsirə həssas olur. Bu baxımdan Azərbaycan bütöv halda xarici faktorun əsarətindədir. Düşünürəm ki, bu ilin ikinci yarısında, ən geci isə təqvimdə nəzərdə tutulduğu kimi növbəti prezident seçkilərində legitim prezidentlik institutu formalaşdırılmalıdır. YAP-ın bu seçkilərə yeni sima ilə qatılacağı qənaətindəyəm. Bu seçkilər xarici asılılıqdan qurtulmaq üçün vacib proses ola bilər.
– Bu günün ictimai münasibətlərində daha çox kommersiya xarakterli, qeyri-ciddi nüanslar ortaya çıxır. Bütün sahələrdə bir “bazarlıq” var. Bu da öz təsirini insanların rəftarından tutmuş, musiqi, din, ədəbiyyat, televiziya, siyasətdə də göstərir. Bu mənada sizi daha çox narahat edən məqamlar hansılardır?
– Bu sırada ən çox narahatlıq doğuran dəyərlərin devalvasiyasıdır. Baxın, kiçik istisnalarla, hansı ziyalımız xalqın düşdüyü vəziyyətdən danışır, xalqın müdafiəçisi qismində çıxış edir? Prezident təqaüdü uğrunda, başqa sözlə qarnı, bioloji ehtiyacları uğrunda mübarizə necə amansız şəkildə gedir. Düz deyirsiniz ki, kommersiya, yəni şıdırğı alver gedir. Görün siyasət nəhəngləri necə cırtdana çevriliblər. Vəzirova, Mütəllibova, bir az da Heydər Əliyevə od püskürən siyasi liliputlar İlham Əliyevin əl pişiyinə necə çevriliblər? Mədəniyyət xadimlərinin bu gün susmasına, çoxlarının “qarın otarmasına” bir söz deyə bilmərəm. Yaradıcı adamlar siyasətin subyekti deyillər. Yaratmaları üçün yeməlidirlər. Belələrini “xalqın ziyalısı”adlandırmamaq yetər. Zatən də təslim olmamış mədəniyyət xadimlərimiz də var, bunu qeyd etməmək günahdır. Satqınlıq, xəyanət, tülkülük… Bu sözlərin hamısı bir yerdə baş verənləri əks etdirməz. Bu gün bütün sferalar dürüstlüyə acıyıb. Dəyərləri qorumuş, təslim olmamış, ədalətsizliklə sinə-sinəyə duran insanları cəmiyyətin nümunəsinə çevirməyi bacarmalıyıq. Onların bu haqqı reallaşmalıdır. Cəmiyyəti nümunələr irəli apara bilər. Şükür Yaradanın lütfünə ki, belələri də kifayət qədərdir.
“Əgər ciddi müqavimət təşkil edə bilsək, istiqamətimiz ədalətli cəmiyyətə doğru olacaq”
– İctimai-siyasi proseslərdə fəal olan bir siyasətçi, partiya sədri olaraq fəaliyyəti sırasında bədii yaradıcılığa yer ayırdımı?
– Yaradıcılığın bədii hissəsi ilə heç vaxt məşğul olmamışam. Mən pedaqoji və elmi fəaliyyətlə məşğulam. Ən çox sevdiyim məşğuliyyət növü isə peşə seçdiyim siyasətdir. Burada o qədər çox, ümmansız işlər var ki, onları görsək, millətə ən dəyərli xidməti göstərmiş olarıq.
– Bütün bu proseslərə nəzər salaraq bu gün nələrin olacağını gözləyirsiniz?
– Azərbaycan yolayrıcında, sükan da prezident Əliyevin əlindədir. İstiqamətlərdən biri Suriya və əsarət istiqaməti, digəri isə böyük və qüdrətli Azərbaycana doğrudur. Yolayrıcında durmağa vaxt çox qalmayıb, Tramp prosesləri sürətləndirib. Hansı istiqamətdə gedəcəyimiz tək Prezidentdən də asılı deyil. Sükan onun əlindədir. Xalq və siyasi camiə öz sözünü deməyi bacarmalıdır. Əgər ciddi müqavimət təşkil edə bilsək, istiqamətimiz ədalətli cəmiyyətə doğru olacaq. Edə bilməsək, şəxsi təhlükəsizlik baxımından Rusiya adlı “sakit” liman seçiləcək. Lakin bu halda onun “sakitliyi” səksəkəli Yanukoviçin həyatından heç nə ilə fərqlənməyəcək və müvəqqəti olacaq.
Tahirə Qafarlı
Yeniçağ.az