Elmar Məmmədyarov Hindistanın xarici işlər nazirini qəbul etdi

Xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Hindistanın xarici işlər naziri xanım Suşma Svarajın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, ölkəmizdə olmasından məmnunluğunu bildirən Hindistan xarici işlər naziri Qoşulmama hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransının yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib. Xanım Suşma Svaraj Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul olunduğunu və görüş zamanı çox faydalı müzakirələrin aparıldığını qeyd edib. Nazirlər Qoşulmama Hərəkatının beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasında oynadığı mühüm rolu vurğulayıblar.

Tərəflər iki ölkə arasında siyasi və iqtisadi əlaqələrinin möhkəmləndirilməsində yüksək səviyyəli görüşlərin vacibliyini vurğulayıblar və enerji, investisiya qoyuluşu, film sənayesi, informasiya texnologiyaları, kənd təsərrüfatı, turizm, əczaçılıq və digər sahələrdə əməkdaşlıq üçün geniş potensialın olduğunu bildiriblər. İqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsində Hökumətlərarası birgə komissiyanın rolu qeyd olunub.

Söhbət zamanı tərəflər Şimal-Cənub və Cənub-Qərb nəqliyyat marşrutları barədə fikir mübadiləsi aparıblar. Cənub Asiya regionunu Şərqi və Şimali Avropa regionları ilə birləşdirən bu nəqliyyat dəhlizlərinin region ölkələri arasında yük daşımalarının və insanlararası təmasların artmasına təkan verəcəyini vurğulayıblar. Qonaq Hindistanın Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı üzrə Azərbaycanın və digər tərəfdaş ölkələrin səylərini dəstəklədiyini bildirib. O, Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizinin işə düşməsi ilə bağlı Azərbaycanı təbrik edib.

Görüşdə tərəflər parlamentlərarası əlaqələrin inkişafı, müqavilə-hüquq bazasının genişləndirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə də toxunublar. Elm-təhsil sahəsində əməkdaşlığın vacibliyini qeyd edən nazirlər diplomatik təhsil müəssisələri arasında tələbə-müəllim mübadiləsi məsələsini nəzərdən keçiriblər.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında məlumat verən nazir Elmar Məmmədyarov Ermənistanın BMT Təhlükəsizlik Şurasının münaqişə ilə əlaqədar müvafiq qətnamələrinin Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına dair tələblərini yerinə yetirmədiyini və Azərbaycan ərazilərini işğal altında saxlamaqda davam etdiyini diqqətə çatdırıb.

Görüşün sonunda nazirlər “Azərbaycan Respublikası Hökuməti ilə Hindistan Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında Saziş”i imzalayıblar. “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin ADA Universiteti və Hindistan Respublikasının Xarici İşlər Nazirliyinin Xarici Xidmət İnstitutu arasında Anlaşma Memorandumu” nazir müavini, ADA Universitetinin rektoru Hafiz Paşayev və Hindistan Respublikasının Xarici İşlər Nazirliyinin katibi (Qərb) xanım Ruçi Qranaşyam tərəfindən imzalanıb.

Daha sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.