Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası mətbuat xidmətinin rəhbəri Elməddin Behbud Azadinform-a müsahibə verib. Elməddin Behbudu həm mediadan, həm də QHT sektorundan hamı tanıyır. Səbri və səmimiyyəti, davranışı və istedadı ilə sözün əsl mənasında nümunə olacaq Azərbaycan türküdür. Müsahibimiz həm də 2017-ci ildə son qonağımız oldu. Söhbətə hamımızı yaralayan illərin dərdini xatırlatmaqla başlasa da “yol boyu” maraqlı fikirləri, dəyərli tövsiyələrinin şahidi olduq:
– Gələn il Ermənistan-Azərbaycan münaqişəsinin otuz illiyidir. Yeri gəlmişkən bu münaqişənin ağrı-acısını birbaşa olaraq dadmış biri olaraq deyim ki, bu münaqişə yalnız birbaşa zərərçəkən yüz minlərin deyil, bütün Azərbaycan xalqının həyatının qırmızı cizgisinə, ən vacib həyati məsələsinə çevrildi. O acını mən hələ beş yaşımdan öz həyatımda yaşamışam. Onunla da bağlı müəyyən uşaqlıq xatirələri var. Beş yaşımdan etibarən Bakıda yaşamışam. Ali məktəb illərindən ictimai həyatda, jurnalistikadayam. Bu illər ərzində nə yazdım, nə pozdum, hansı qurumlarda və necə çalışdım, bunu əhatə dairəmdə olanlar, birgə çalışdıqlarım, dostlar daha yaxşı bilir. Özüm haqda uzun-uzadı danışmağı xoşlamıram, heç zaman. Buna xüsusi bir əsas da yoxdur. Ancaq ürəyimə rahatlıq verən bir məqam var, prinsiplərimi pozmadan sevdiyim, könüllü seçdiyim işlə məşğulam. Bundan sonra da bu sferada bilik və bacarığım daxilində fəaliyyət göstərməyə qərarlıyam.
– Siz kifayət qədər sakit adam təsiri bağışlayırsınız.
– Elə deyirlər. (gülümsəyir)
– Amma fəaliyyətiniz yaşınızın çox olmamasına baxmayaraq kifayət qədər qabarıqdır. Emosiyalarınızı gizləyirsinizmi, yoxsa xasiyyətinizmi belədir?
– Emosiyasız insan həyatı yoxdur. Mən illər öncə özüm üçün qərarlaşdırdım ki, ictimai-siyasi fəaliyyətlə məşğul olan adam heç nəyə təəccüblənməməlidir. Bu cəhətdən ola bilər kənardan emosiyasız kimi görünüm. Bəzi dostlarım hərdən, tanışlar isə daha çox yarı ciddi, yarı zarafat şəkildə deyirlər, “sən heç hirslənmirsənmi?”. Deyirəm, əlbəttə, mən də xoşagəlməz hallarla üzləşirəm, özü də bəlkə bir çoxlarından daha çox, təbii ki, əsəbiləşdiyim məqamlar var. Amma mənim düşüncəmə görə insan hisslərini cilovlamağı bacarmalıdır. Hansısa problematik məsələ olanda qarşısındakına nəyisə izah eləmək daha rasional yoldur, nəinki emosiyaları qabarıq formada qarşı tərəfə nümayiş etdirmək. Mən həmişə buna inanıram ki, insan öyrənməyə və öyrədilməyə möhtacdır, sadəcə bunun uyğun, asan mexanizmlərini tapmalıyıq. Bu da bəlkə maarifçiliyə daha çox rəğbətimin olmasından irəli gəlir.
– Dostlarınız sizi çox yaxşı analiz edirlər. Sizin onlara münasibətiniz nədir? Ümumiyyətlə ictimai fəaliyyətdə dost anlayışı keçərlidirmi?
– Azərbaycanda ən çoxsaylı kontingetlərdən biri ictimai sektordur. Təxminən 20 ilə yaxındır ki, bu sektordayam. Bunların içərisində çoxsaylı jurnalistlər, qeyri-hökumət təşkilatlarının rəhbərləri, QHT fəalları və digər mütəmadi ünsiyyətdə olduğum şəxslər var. 2000-ci illərin əvvəllərində ictimai sektorda olan şəxslərin bəziləri ilə indi də münasibətlərim var, bəziləri hələ də fəaliyyətlərini davam etdirirlər, bir qismi Rusiyadadır, bəziləri Amerikadadır. Ümumiyyətlə, bu fəaliyyət sferasından kənarlaşanlar da var. Amma mən hər zaman buna inanmışam ki, hansı sahədə çalışmağından, hansı sahənin mütəxəssisi olmağından asılı olmayaraq əgər xarakter, əqidə eyniliyi varsa, çox asanlıqla dostluq, yoldaşlıq eləmək mümkündür. Yəni münasibətlərdə davamlı olmaq xarakter məsələsidir, işlə, peşəylə bağlı deyil. Adam var heç vaxt sənin ona, onun sənə işi düşən deyil, amma illərdir dostluq edirsən. Adam da var zəngi gələndə artıq bilirsən ki, nəsə işi düşüb, çünki ayrı halda əminsən ki, səni arayan deyil. Tanıyanlar bilir, dost dediyim adamlarla münasibəti qoruyub saxlamaq mənim üçün mənəvi tələbatdır, heç bir qarşılıq gözləmədən həmişə onları itirib-axtarıram. Şükürlər olsun, könül sirdaşı olan dostlarım var.
– QHT sektoruna mətbuatdan gəlmisiniz. Bu, həm də o deməkdir ki, siz hər iki sahənin mətbəxindən xəbərdarsınız. Sizcə QHT-lərmi daha çox iş görür, media az işıqlandırır, yoxsa QHT lər elə az iş görür?
– Mediaya gəldiyim ilk dövr QHT sektoruna ayaq basmağımla eyni vaxta düşür. Bir insan əgər 15-20 il eyni sahədə çalışırsa, istər-istəməz o sahənin mətbəxinə bələd olur. QHT sferası sadəliyi və mürəkkəbliyi eyni halda özündə cəmləşdirən unikal bir sistemdir. Dünyada ictimai fəaliyyət könüllü prinsiplərə əsaslanır. Azərbaycan Respublikasında mövcud olan ilk qeyri-hökumət təşkilatı statusuna aid edəcəyimiz təşkilatlar ölkəmiz müstəqillik qazandığı dövrlərdə yaranmağa başladılar. Təşəkkül dövrü isə ondan sonra başladı. Bizdə sivil, vətəndaş cəmiyyətinin oturuşduğu ölkələrdən əsas fərq ondan ibarətdir ki, Azərbaycanda QHT-lər əsasən ictimai-iqtisadi formasiyanın dağılması, yeni siyasi quruluşun yaranmasıyla meydana çıxdı. Bəzi adamlar, belə demək mümkünsə sırf işsizlik ucbatından bu sektora gəldilərsə, dövlət işindən təqaüdə çıxıb, yaxud sadəcə qazanc və ya maliyyə üçün gəlir əldə etmək xatirinə gələnlər, eyni zamanda xeyli peşəkar, bacarıqlı kadrlar da var.
– Yəni bunlardan siz məlumatlısınız…
– Əlbəttə. Heç Şurada çalışmayan, uzun illər QHT sektorunda olan hər kəs demək olar ki, bir-birini tanıyır. Təşəkkülün ilkin mərhələsi qeyd etdiyim əsaslara söykənib. 1995-ci ildə gənclər təşkilatının konfederativ orqanı olan Gənclər Təşkilatlarının Milli Şurası, 1999-cu ildə Milli Qeyri-Hökumət Təşkilatları Forumu yarandı. Biz Azərbaycanda Qeyri Hökumət Təşkilatlarının yaranması və inkişaf trayektoriyasını bir neçə mərhələyə bölə bilərik. Birincisi, Azərbaycan müstəqilliyini qazandığı dövrdən 1999-cu ilə qədər olan mərhələ. Bu mərhələdə QHT-lər yeni-yeni yaranmağa, müxtəlif çatılar altında birləşməyə və fəaliyyət imkanlarını artırmağa çalışırdılar. 1995-ci ildə ölkə Konstitusiyasının qəbulu da QHT-lərin yaranmasına birbaşa münbit zəmin yaratdı, vətəndaşların birləşmə hüququnu ali səviyyədə təsbit elədi. İkincisi, 1999-cu ildən 2008-ci ilə qədər olan mərhələ. 1999-cu ildə QHT Forumunun yaranması və 2000-ci ildə QHT-lər haqqında ilk qanunun qəbul olunmasıyla QHT-lər artıq konkret hüquqi baza əldə elədilər və onların fəaliyyət imkanı xeyli möhkəmləndi. Və 2007, 2008-ci illərdə cənab prezident İlham Əliyev verdiyi sərəncamlarla Azərbaycan QHT-lərinin, ümumimilkdə vətəndaş cəmiyyətinin həyatında mühüm bir mərhələnin əsasını qoydu. Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası təsdiq olundu, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası yaradıldı. Şura, yəni milli donor institutu yarandıqdan sonra QHT-lər artıq həm xarici mənfi təsirlərdən xeyli uzaqlaşdılar, həm də ictimai problemlərin həlli üçün irəli sürdükləri təşəbbüs layihələrini həyata keçirmək üçün daha asan və effektiv forma tapdılar. İstər xaricdəki donorlar, istər həmin donorların Azərbaycandakı yerli nümayəndəlikləri, o dövrdə sağlam, peşəkar meyara əsaslanmayan, bir çox halda subyektiv və siyasi maraqlara görə müsabiqə qalibləri seçilirdilər. Belə bir durumda da təbii ki, donorun imkanlarından yararlanmaq əlçatan deyildi. Ancaq 2008-ci ildən sonra QHT-lər bu mühüm imkanı Şuranın şəxsində əldə elədilər. Daha sonra Gənclər Fondu və digər donorlar da yaradıldı. Gənclər və İdman Nazirliyi də QHT-lərin layihəsini daha geniş dairədə dəstəkləməyə başladı.
– Nə qədər QHT var ölkədə? Onlar görükdləri işi ictimaiyyətə lazımınca çatdıra bilirlərmi?
– Azərbaycanda qeydiyyatdan keçən 3000 QHT var. Təbii ki, heç də hamısı aktiv fəaliyyətlə məşğul deyil. Qanunvericilik onların üzərinə aktiv fəaliyyət göstərmək məcburiyyəti qoymur. Yəni, müvafiq dövlət qurumlarına vaxtlı-vaxtında hesabatlarını verirsə o təşkilatın fəaliyyəti qanuni əsasda davam edir. Amma QHT yaratmaqla bir və ya bir neçə şəxsin məqsədi bu olur ki, cəmiyyətdə onu narahat edən bir məsələ var, ictimai təşəbbüskarlıq nümayiş etdirir və o QHT müstəvisində həmin problemlərin həll olunmasına çalışır. Sadaladığım bu QHT-lərin özü də müxtəlif kateqoriyaya bölünür. Fəaliyyət göstərməyənlər var, fəallar var, ən fəallar, passivlər var. Onların içərisində kifayət qədər məhsuldar olan, istər Azərbaycanın milli maraqlarının beynəlxalq aləmdə qorunması, istər sosial, istər humanitar, mədəni, təhsil, iqtisadiyyat və digər sahələrdə çox maraqlı layihələr həyata keçirərək ictimai problemlərin aradan qaldırılması üçün ciddi səy göstərən, məşğul olduğu sahəyə, həmin mövzuya ictimaiyyətin diqqətini cəlb eləməyi bacaran çoxsaylı QHT-lərimiz var. Amma zaman ötdükcə bu təşkilatların fəaliyyəti üçün də yeni tələblər ortaya çıxır. QHT-nin işi yalnızca tədbir keçirmək, hansısa bir kiçik dairədə maarifləndirmə aparmaq deyil. Maarifləndirməyə ehtiyac duyulan miqyas böyükdür. Yeni dövrün tələbləri isə bu sferanı xeyli genişləndirib. Nədir bu tələblər? Mənim yadıma gəlir, üzv olduğum təşkilatın, QHT-nin hansısa tədbiri haqqında 2000, 2001, ümumiyyətlə o illərdə “Səs”, “Ədalət”, “525-ci qəzet” və digər KİV-lərdə kiçik bir material gedəndə elə sevinirdik ki, təsəvvür etməzsiniz. Hamımız onun üzünü çıxarıb cibimizdə saxlayırdıq. Onda o çap mediasını oxuyan çoxuydu. İndi isə informasiyanın həcmi və kommunikasiya vasitələri hədsiz dərəcədə artıb. Oxuduğum bir hesabatda qeyd olunmuşdu ki, təxminən gün ərzində qırx geqabaytdan 80 geqabayta qədər informasiya istehsal olunur. Yəni, təsəvvür eləyin, biz bir A4 vərəqinə yazı yazırıq və ora bir kiçik şəkil də qoymuşuqsa bu, ən yaxşı halda həcmi 20 kbaytdısa, gün ərzində 80 gbayt informasiyanın istehsal olunması görün nə deməkdir. Bu qədər məlumatın içərsində sən öz istehsal etdiyin informasiyanı ən maraqlısına çevirməlisən. Eyni zamanda informasiyanın əhəmiyyətli olmağı ilə yanaşı həm də müsair piar üsulları ilə oxucunu onu oxumağa məcbur eləməlisən, yəni piar alətlərindən effektli istifadəni bacarmalısan. Hazırladığın informasiya quru statistik xarakter daşımamalıdır, ictimaiyyətin diqqətini cəlb eləyən, onu narahat edən mövzuya, problemə həsr olunmalıdır və i. Bu işi PR mütəxəssisləri yaxşı bilirlər. Bunlar hamısı kompleks şəkildə bir-birini tamamlamalıdır. Belə deyək, Azərbaycanda ən böyük qapalı zal “Kristal Holl”dur, hardasa 22-25 min adam tutur, yəni ən böyük zalda tədbir keçirsən, sözün sadəcə bu qədər adama çata bilər. Amma sən öz ideyanı hətda klassik KİV-ə möhtac olmadan peşəkar şəkildə ictimaiyyətə təqdim edə bilərsən, yüz minlər bundan xəbər tutar, on minlər bundan faydalanar, yüzlərlə oxucuda sənə rəğbət oyanar, onlarla adam sənin həmfikrinə çevrilə bilər. Biz Şura olaraq daima QHT-lərlə media orqanlarının daha sıx əlaqədə olmasına çalışırıq. Bununla bağlı bilikləri QHT-lərə həmişə fərdi və kollektiv surətdə çatdırırıq. Bir müddət əvvəl bu mövzuda Qubada geniş bir tədbirimiz oldu. Orada QHT-lər ilə media mənsubları üzbəüz müzakirələr, fikir mübadiləsi apardılar, müəyyən məsələlərdə opponentlik elədilər. Bu çox geniş mövzudur. Qısa şəkildə onu deyə bilərəm ki, il-ildən vətəndaş cəmiyyətinin iki vacib komponenti olan QHT-lər və media arasında əməkdaşlıq daha da inkişaf edir, genişlənir. Mövcud olan çətinliklər, problemlər də QHT-lərin peşəkarlığı, medianın ictimai əhəmiyyətli məsələlərə həssaslığı artdıqca aradan qalxacaq.
– QHT-lər maliyyələşməlidirmi? Bu barədə nə düşünürsünüz?
– QHT-lərin ideyalarını həyata keçirmək üçün hökmən maliyyəyə ehtiyacları var. Bildiyiniz kimi QHT-lərin ikinci bir adı qeyri-kommersiya təşkilatları adlanır. Bu, qanunvericilikdə də öz əksini tapır. QHT-lər fəaliyyətindən gəlir əldə etməyi güdməyən təşkilatlardır. Lakin dünyanın hər yerində QHT-lər maliyyə alıb o ideyanı həyata keçirirlər. Əlbəttə ki, insanlar, imkanlı şəxslər ictimaiyyəti narahat edən məsələləri aradan qaldırmaq üçün xeyriyyə fəaliyyəti ilə məşğul ola bilərlər. Əsrin əvvəlində Azərbaycan milyonçularının bu istiqamətdə göstərdiyi fəaliyyət hamımıza yaxşı məlumdur. Bu gün QHT sektorunun ən çox ehtiyac duyduğu məsələlərdən biri də onların özəl sektorla davamlı, rentabelli və çoxşaxəli əməkdaşlıq münasibətlərinin qurulmasıdır. Ancaq ictimai fəaliyyət heç də sadəcə zəngin olan insanların işi deyil. Özündə bu problemlərin aradan qaldırılması üçün güc-qüvvə tapan hər şəxs bunu edə bilər, önəmlisi həmin o ideyanı həyata keçirmək üçün hansı qaynaqdan, qeyri-sağlam niyyətlər olmadan maliyyə almaq və o layihəni peşəkarlıqla həyata keçirməkdir. 2014-cü ildə Azərbaycan QHT-lərinin xarici donorlardan maliyyələşmə sistemi ilə bağlı şəffaflığın və hesabatların artırılması üçün qanunvericilikdəki boşluqlar aradan qaldırılıb, daha təkmil varianta salındı. Bilirsiniz ki, xarici donorlar milli maraqlarımızın təbliği ilə bağlı layihələri maliyyələşdirmirdilər. Biz özümüz də gənc QHT olaraq dəfələrlə belə mövzularda layihələr vermişdik. Qeyd etdiyim mövzuda layihələri demək olar ki, qəbul eləmirdilər. Eyni zamanda şəffaflıqdan yayınırdılar, hesabatlılıqdan kənarıydılar. Məni, o cümlədən həmkarlarımı həmişə bu sual düşündürürdü ki, vətəndaş təşəbbüskarlığından söhbət gedirsə, donor vətəndaş təşəbbüskarlığını dəstəkləməlidirsə, necə olur ki, yüzlərlə QHT müraciət edir və konkret bir mövzu üzrə layihələr həyata keçmir? Yaxud nəticə elan edildikdən sonra məlum olurdu ki, sən demə filan xarici donor kifayət qədər böyük büdcəsi olan dırnaqarası müsabiqə elan edibmiş. Deməli, burda pərdəarxası məqamlar üzə çıxır. Bu cəhətdən cənab prezident İlham Əliyevin sərəncamı Şuranın və digər milli donor institutlarının yaradılması Azərbaycan vətəndaş cəmiyyəti institutlarına özlərini daha yaxşı şəkildə ifadə etmək, milli maraqları daha effektiv şəkildə qorumaq üçün tribuna əldə eləmək imkanı verdi.
– QHT-lərin fəlaiyyət imkanları nə qədər olmalıdır?
– QHT-lərin yalnız konkret bir ölkənin çərçivəsində fəaliyyət göstərməsi ilə bağlı məhdudiyyət yoxdur. Müstəqil seçimdir. Ümumiyyətlə, Azərbaycanda təəssüflər olsun ki, QHT-lərin konkret sahə üzrə ixtisaslaşması prosesi hələ bitməyib. Bu əlbəttə ki, asan məsələ deyil və qısa müddətdə həyata keçmir. Beynəlxalq miqyasda fəaliyyət göstərmək üçün QHT-dən daha artıq bilik, bacarıq, enerji və digər potensial tələb olunur. QHT-lərin xaricdən də maliyyələşməsi qanunvericiliyimizə görə qadağan deyil və mən burda qeyri-adi bir şey görmürəm. Sadəcə yeganə vacib meyar heç bir halda, hansısa beş rəqəmli, altı rəqəmli maliyyənin qarşılığında-vəsaitin miqdarın heç bir əhəmiyyəti yoxdur – mənsub olduğun millətin, vətəndaşı olduğun dövlətin milli maraqlarının satılmasına getməməkdir. Milli maraqları heç bir halda satmaq olmaz. Vaxtilə “jurnalistin Vətəni, milliyyəti yoxdur” deyə bir ideya təbliğ olunurdu. Bunu ciddi cəhdlə ictimiyyətə sırımağa çalışırdılar. Ancaq biz birinci körfəz savaşından, ikinci ABŞ-İraq, ABŞ-Əfqanıstan müharibəsindən tanınmış, nüfuzlu beynəlxalq medianın əməkdaşlarına senzuranın hansı dərəcədə və şəkildə tətbiq olunduğunu yaxşı bilirik. Bunu həmin jurnalistlərin özləri də iş yerlərini dəyişdikdən sonra etiraf edirlər. Hər bir dövlətin öz milli maraqları var və dövlət milli maraqlarını qorumağa borcludur. Ancaq bu yalnız inzibati qaydadamı aparılmalıdır? Mən düşünürəm ki, xeyr. Jurnalist özü o məsuliyyəti dərk eləməlidir. Vətəndaş cəmiyyəti institutu hər bir halda ölkə sərhədlərindən kənarda Azərbaycanın adına utanc gətirəcək çıxışlardan çəkinməlidir. Biz tənqidin əleyhinə deyilik. İnkişafın əsas tətikləyici vasitələrindən biri tənqiddir. Yaşadığımız cəmiyyətdə və dünyadakı reallıqları müasir kommunikasiyanın imkanları ilə çox gözəl bilirik. Yəni bilirik ki, Azərbaycanla bağlı qara rəngi başının üzərindən endirməyənlər, ifrat dərəcədə tənqid edənlərin niyyəti heç də hansısa mövcud problemin aradan qaldırılması deyil. Onları bu narahat etmir.
– Cəmiyyətdə həm də belə bir düşüncə hakimdir ki, “QHT-lər qrant almaq üçün yaradılıb”. Xüsusilə Azərbaycandan kənarda fəaliyyət göz qabağındadır…
– Bu fikirlə razı deyiləm. QHT-nin hansısa beynəlxalq konfransda iştirak eləməsi, həmin o tədbirdə Azərbaycanın milli mənafelərinin təbliği ilə məşğul olması üçün maliyyə qaynağı olmalıdır. Mən hələ tədbirdə iştirakdan bəhs edirəm. Bir də bunların təşkil edilməsi var. Sizin dediyiniz bu rəy çox təəssüflər olsun ki, var, amma kökündən yanlışdır. Əgər Şuranın tədbirlərini izləsəniz, internet səhifəmizdəki hesabatlara baxsanız görərsiniz ki, QHT-lər nə qədər önəmli, ölkə əhəmiyyətli, milli mövzularda layihələri uğurla icra edirlər. 2008-ci ildə, yəni Şuranın yarandığı ilk ildə 190 QHT-nin layihəsi dəstəklənib. 2009-cu ildə isə Şura 248 QHT-nin layihəsini maliyyələşdirib. O zamandan indiyədək bu say artan sıra üzrə gedib. QHT-lərin müxtəlif istiqamətlər üzrə olan mövzularda ötən 10 ildə 4000 layihəsi maliyyələşdirilib. Azərbaycan QHT-ləri bu gün dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarına Ermənistanın işğalı ilə bağlı hesabatlar təqdim edirlər. Şuranın dəstəyi ilə Ermənistanın işğalçılıq siyasətinin ifşasına həsr olunmuş filmlər hazırlanır və onlar xarici ölkələrdə nümayiş etdirilir. Bir çox QHT-lərimiz Şura və digər donorlarla əməkdaşlıq çərçivəsində xaricdə mühüm işlər görürlər. Şura hər bir layihənin icrası prosesini ciddi monitorinq altında saxlayır. Təbii ki, layihələrin daha yüksək səviyyədə icrasını istəyirik, bu istiqamətdə çalışırıq. Ancaq bunlar zamanla QHT-lərin peşəkarlığının artırılması ilə mümkün olur. Bu işləri bilavasitə müşahidə edən, onu tənzimləyən qurumun əməkdaşı kimi deyə bilərəm ki, bu istiqamətdə irəliləyiş böyükdür. Şura QHT-lərə sadəcə maliyyə dəstəyi vermir, onlara metodik, konsultativ, məlumat, təşkilati-texniki xidmət göstərir. Bütün bunlar QHT-lərin fəaliyyətində özünü göstərir.
– Bir QHT sədri kimi Şuranın fəaliyyətindən razısınızmı? Səmimiyyətinizə güvənirəm.
– Tam səmimi deyim, razıyam. Bu razılıq heç də özündənrazılığın ifadəsi deyil, əksinə həm görülən işlərə obyektiv qiymət verilməsindən və tələbkarlıqdan doğur. Şura sədri Azay Quliyev son dərəcə tələbkar rəhbərdir və biz daim üzərimizdə yaxşı mənada ciddi nəzarət hiss edirik ki, bu da məsuliyyətimizi artırır. Narazı olduğum odur ki, böyük miqyasda görülən işlər ictimaiyyətdə yetərincə çatdırılmır. Təəssüflər olsun ki, bir sıra hallarda auditoriya qeyri-ciddi, ifrat əyləncəli, bəzən bayağı mövzu və məlumatlara daha çox meyl göstərir, nainki cəmiyyətin ümumi rifahı üçün önəmli olan mövzulara, ciddi informasiyalara. Bu, yalnız bizim deyil, bütövlükdə cəmiyyətimizin ciddi problemlərindən biridir.
– 2018-ci ildən gözləntiləriniz nələrdir?
– Hər bir ildən insan özü, ailəsi, milləti, xalqı, dövləti üçün yalnız xoş, xeyirli günlər arzulayır. Biz də arzulayırıq ki, 2018-ci ili gələn il bu vaxt daha böyük nailiyyətlərlə xatırlayaq. Bilirik ki, 2018-ci ildə Ümummilli liderimiz Heydər Əliyevin 95 illiyi, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi, 1918-ci ildəki soyqırım hadisəsinin 100 illiyi, 1948-53-ci illərdəki Ermənistandan azərbaycanlıların deportasiyasının 70 illiyi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin 30 illiyi və Şuranın yaranmasının 10 ili tamam olur. Bu cəhətdən Şura olaraq bizim də üzərimizə böyük vəzifələr düşür. Şura Ulu öndərin 95, Cümhuriyyətin 100 illiyi, Şuranın yaranmasının 10 illiyi ilə bağlı İşçi Qrup yaradıb. Müvafiq işlərin görülməsinə başlanılıb. Düşünürəm ki, 2018-ci il çox məhsuldar il olacaq. 2018-ci il üçün ən önəmli hadisələrdən biri də Azərbaycanda növbəti prezident seçkilərinin keçirilməsidir. Azərbaycan xalqı inanıram ki, növbəti dəfə inkişafa, tərəqqiyə, onun mənafeyini beynəlxalq tribunalardan yüksək qətiyyətlə söyləyən siyasi platformaya səs verəcək, cənab prezidenti, onun siyasi kursunu dəstəkləyəcək.
– Biz millət olaraq dünyadan çoxmu şey istəyirik?
– Əsla. Altaylardan ta Balkanlara qədər böyük bir coğrafiyada yaşayan Türk milləti, onun ən önəmli parçalarından olan Azərbaycan xalqı hüzur içərisində, rahat, kimsənin haqqına girmədən, öz geniş dünyamızda rahat yaşamaq, ədaləti bərqərar eləmək istəyir. Amma təəssüflər olsun ki, bədxahlarımız buna davamlı şəkildə mane olurlar… Bizim dünyada cavablandıra bilmədiyimiz suallar, cavablandırdığımız suallardan daha çoxdur. Nə qədər həyat var, insan var, şübhəsiz ki, mübarizə dayanmayacaq. Yaxın hədəfimiz münaqişənin ədalətli şəkildə həll olunması və Ermənistanla olan BMT-nin də tanıdığı həmin o sərhədlərimizi tezliklə bərpa etməyimizdir. Ancaq düşünürəm ki, biz həm də zamanla tarixi haqqımızı bərpa etməliyik. Bu missiyanı da unutmamalıyıq. Hamımız bilirik ki, regionun siyasi arxitekturasının müəllifləri cəmi iki yüz il əvvələdək türk dövlətləri olub. Bu gün tarixən qurduğumuz dövlətlərin həm sərhəddləri kiçilib, həm dünyada baş verən proseslərə təsir imkanları azalıb. Həmişə bu haqda düşünürəm və inanıram ki, nə qədər ki, idealist, öz milli maraqları üçün hər şeyə getməyə hazır olan insanlar var, bu şanlı, haqq mübarizəsi davam edəcək və sonda ədalətin qalibiyyəti ilə bitəcək.
– İcazənizlə bir az şəxsi həyatınızdan danışaq… Yeri gəlmişkən sosial şəbəkələrdə də bu məsələdə xəsissiniz…
– Mən həmişə hesab eləmişəm ki, şəxsi həyat adamın özünə məxsusdur və arxa planda qalması lazımdır.
– Həm də məxsus deyil…
– Doğrudur, ictimaiyyətçiliyin varsa həm də məxsus deyil. Ancaq bu heç də şəxsi həyatın toxunulmazlığı prinsipini pozmağı ehtiva etmir. Sosial şəbəkələrdə də şəxsi həyatımla bağlı nələrsə yazmağa, paylaşmağa adəti üzrə ehtiyac görmürəm. Şəxsi məsələlər insanın özünə aiddir onun xüsusi sərgilənməsinə ehtiyac yoxdur. Bu yəqin ki, xasiyyətdən irəli gələn məsələdir. Amma sualınıza cavab olaraq və qaydanı pozmamaq şərti ilə deyə bilərəm ki, böyük övladım orta məktəbdə oxuyur, kiçiklər məktəbli deyil, azyaşlıdırlar. Valideynimlə yaşayıram. Əlbəttə ki, hər bir valideynin qarşısında duran ən mühüm məsələ övladının mənəvi, əxlaqi dəyərlərə sadiq qalması, yüksək təlim və tərbiyə şəraitində böyüdülməsidir. Ona görə də diqqətimizin böyük bir hissəsi onların təlim tərbiyəsinə sərf olunur. Ancaq nəticə necə olacaq, onu gələcək göstərər. Daim məni düşündürən bir məsələ var, övlad ilk növbədə ailənin başını uca eləməlidir. Ailədə uşağın olması o deməkdir ki, cəmiyyət üçün bir insan, dövlət üçün bir vətəndaş böyüdürsən, o hökmən layiqli bir insan olmalıdır.
– Ədəbiyyatla aranız necədir?
– Pis olması mümkün deyil. Ədəbiyyat süzgəcdir, insanı mənəvi cəhətdən saflaşdıran, yalnız doğruya, munisliyə, sevməyə dəvət edən ecazgar bir mədəniyyət kompanentidir. Emosiyaların korlanmamasının, estetik zövqümüzün, dünyagörüşümüzün, düşüncələrəmizin cilalanmasının qayğısına qalmağa imkan qədər vaxt tapmalıyıq, buna ürəyim istədiyi qədər olmasa da zaman ayırıram həmişə. İşimlə bağlı zatən davamlı olaraq informasiya axınının qarşısındayam. Amma bu, əlbəttə ki, təbii seçim deyil, gündəlik işimlə bağlıdır. Ancaq təbii seçimlərim də var və bir az çox, bir qədər az olmaqla elə gün yoxdur ki, kitab oxumayım. Ailə kitabxanamızı məlum münaqişə ilə bağlı bura gətirə bilməsək də, ikinci kursdan etibarən yenidən kitabxanamı yaratmağa başladım. Təxminən iki minə qədər kitabım var və evin rəflər olan hissəsi qəribədir ki, sanki ruhum üçün daha çəkicidir. Daha çox bədii, elmi, elmi-populyar və siyasi əsərlər oxuyuram. Məsələn, bu yaxınlarda QHT fəaliyyətinin nəzəriyyəsinə və tarixinə həsr olunan çox maraqlı, fundamental, mövzunu kifayət qədər dolğun şəkildə əks etdirən bir monoqrafiya oxuyub bitirmişəm. Yəqin ki, yeni ilin ilk aylarında onun təqdimatı olacaq və geniş auditoriya onunla tanışlıq imkanı qazanacaq.
– Müəllifi kimdir?
– Demək istəmirəm, çünki müəllifindən icazə almamışam, ancaq onu deyə bilərəm ki, bu mövzunu həm nəzəri, həm də praktik olaraq dərindən bilən bir şəxsin qələminin məhsuludur. Əsər nəşr olunub, təqdim olunanda hamınız görəcəksiniz. Çox zaman oxuduğum kitablara yenidən qayıtmaq təlabatı hiss edirəm. Kitabı nə qədər diqqətlə oxusam da bir sıra hallarda sujet xətti, əsərin ideya xüsusiyyətləri məni illər sonra yenidən bir daha dönüb o əsəri oxumağa vadar edir. Bu il 20-yə qədər kitab oxuya bildim. İsa Muğannanın məşhur “Məhşər” romanını yenidən oxudum və necə deyərlər ruhumu dincəltdim. Təsvirlər göz önündə olmasa da obrazların səsini aydın şəkildə eşitdim. Hazırda Markesin “Yüz ilin tənhalığı” kitabını bir daha oxuyuram, il başa çatandək bitirəcəm yəqin ki… Rəsul Rzanı, Bəxtiyar Vahabzadəni, Ramiz Rövşəni, Rüstəm Behrudini, Salam Sarvanı, gənc yazarlardan Mirmehdi Ağaoğlu, Şərif Ağayarı, Aqşin Yeniseyi, Tural Turanı, Sahilə İbrahimovanı imkan düşdükcə mütailə edirəm. Sonuncu dəfə Mirmehdi Ağaoğlunun “Bu gün səbr elə” povesti, Şərif Ağayarın “Arzulardan sonrakı şəhər” romanını, dünya ədəbiyyatından isə Nobel mükafatı laureatı Orean Golingin “Milçəklər kral”ı və Tolstoyun son və şedevr romanı olan “Dirilmə” əsərini oxumuşam. Doğrudur, müasir ədəbiyyatımızda ədəbi hadisə adalandıracağım elə bir əsərə hələ ki, rast gəlməmişəm. Ancaq aydn hiss olunur ki, özünəməxsus yazı manerasına malik, ədəbi axtarışlarını cəzbedici bir şəkildə oxucuya təqdim eləməyi bacaran yeni, istedadlı ədəbi nəsil yaranır. Bu günlərdə Mirmehdi Ağaoğlunun bir hekayəsi beynəlxalq müsabiqədə qalib oldu. Xeyli müddət əvvəl, gərək ki, keçən iliyidi, o hekayəni oxuyandan sonra rəyimi heç bir tanışlığım olmayan müəllifə yazmışdım. Hekayədə İslam tarixinə dair məşhur bir hadisənin uğurlu bədii inkasını gördüm. Bədii təsvir vasitələrinin yerində işlənməsi, sadə və axıcı dilə malik olması, müəllifin mövzuya bələdçiliyini ustalıqla və aydın şəkildə hiss etdirilməsi də hekayədə diqqətimi çəkən əsas məqamlardan oldu. Əlbəttə, bədii təxəyyülün sərhədləri sonsuzdur və buna görə mövzulara yanaşmalar da müxtəlifdir. Ancaq buna baxmayaraq düşünürəm ki, hətda müsabiqəyə təqdim edilən bütün hekayələr məhz bu mövzuda yazılsaydı da yenə də bu “85-ci gün” hekayəsinin bədii dəyərini, məziyyətini azaltmış olmazdı. Yəni, heç də mən öz ədəbi zövqümü əcnəbi müsabiqə jurilərindən pis saymıram.
Ümumiyyətlə, Kulis.az saytını davamlı olaraq izləyirəm, hər gün, günaşırı bu saytdan hansısa hekayə, şer və ya məqaləni oxuyuram. Təəssüflər olsun ki, elementar yaddaş zəifliyi deyilən nəsnə bütün müəllifləri sadalamğıma imkan vermir. Kulis.az bayağı və bir sıra hallarda zərərli informasiyaların, zövq korlayan palitranın içərisində mədəniyyətimizin təbliğini uğurlu həyata keçirilən, rəqabətə davam gətirəcək potensialda olan maraqlı layihədir. Memuar ədəbiyyatını xüsusilə sevirəm, belə əsərlərdən doymuram.
– Elməddin bəy, cəmiyyətdə qadına münasibət necə olmalıdır?
– Qadına münasibət bütövlükdə o cəmiyyətdə mənəvi, ictimai tarazlığa qiymət vermək üçün ən vacib barometrlərdən biridir. Bu çox uzun mövzudur. Sadəcə onu demək istəyirəm ki, bütün həyat sahələrinin nizamlanması, cəmiyyətdə mənəvi harmoniyanın təmin olunması, narahatedici halların ortadan qaldırılması üçün xanımlarımızdan çox şey asılıdır. Onların təhsil səviyyəsi yüksəkdirsə, qadınlara olan münasibət bərabərhüquqludursa cəmiyyətdəki bir çox problem birbaşa olaraq aradan qalxmış olur. Bunlar çox önəmli faktorlardır. Ancaq törələrimizdəki gözəl və təbii ştrixləri heç zaman unutmaq olmaz. Əksinə yuxarıda qeyd etdiklərimlə yanaşı müsbət ənənələrimizi yaşadaraq, sağlam ailələr quraraq xoşbəx ola bilərik.
– Ad gününüzdür…
– Doğum günüm mənim diqqətimin orbitində dayanan məsələ deyil. Heç zaman da dayanmayıb. Amma əlbəttə ki, hər bir insanın pisixikası üçün, insani münasibətlər zəminində də ən önəmli komponent diqqət məsələsidir. O diqqət bəzi təqvim günlərində daha qabarıq şəkildə özünü göstərir. Doğum günü insanın özünə hesabat verməsi üçün yaxşı bir fürsətdir. Mən uşaqkən düşünürdüm ki, nəinki 35, 30 yaşda adam necə olar, görəsən nə düşünər, nə haqda fikirləşər? Artıq təsəvvür edə bilmədiyim o yaşı yaşayıram. Və ömrümün hansı hissəsini yaşadığımı da dəqiq bilmirəm. 35 yaş ömrün tən yarısı da ola bilər, daha kiçik hissəsi də. Təbi ki, həyat tablosunun neqativ rəngləri də var. Ancaq hər zaman müsbətləri düşünüb, xeyir işlərə can atıb, faydalı işlərlə məşğul olmağa çalışıram. Həyat qayğıları və töhfələri ilə rəngarəngdir və biz onu olduğu kimi qəbul edib yolumuza davam etməliyik.
– İnsan hiss elədiyi yaşdadırmı?
– İnsan hiss elədiyi və fiziki imkanları olan yaşdadır. Arzular böyükdür, deyirlər ən böyük maqnit arzudur, insanı özünə çəkir. Çalışıram ki, həmişə özümüzdən asılı olan şeyləri edək, mənəvi dünyamızın qidalarını kəsməyək. İnsan həyatının kədərli, sevincli, çətin, ağrılı anları olur. Əsas odur, belə məqamlarda müvazinəti qoruyub saxlaya biləsən.