Elnur Allahverdiyev: Namizədliyimin bu dairədən irəli sürülməsi mənim üçün fəxrdir – MÜSAHİBƏ

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Yeni Azərbaycan Partiyasının (YAP) 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizədi Elnur Allahverdiyev də deputatlıq mandatı uğrunda mübarizə aparacaq.

Allahverdiyev Elnur Marat oğlu 21 aprel 1978-ci ildə Bakı şəhərində, ziyalı ailəsində anadan olub.

Atası Allahverdiyev Marat Allahverdi oğlu Tarixi Abidələrin Bərpası və Qorunması Komitəsində sədrin birinci müavini vəzifəsində çalışıb. 1990-1995-ci illərdə Milli Məclisin deputatı olub. 2015-ci ildə vəfat edib.

Anası Allahverdiyeva Xuraman Süleyman qızı Rabitə Nazirliyində iqtisadçı vəzifəsində çalışıb, hazırda təqaüddədir.

E.Allahverdiyev 1985-1995-ci illərdə Bakı şəhər 47 saylı orta məktəbdə oxuyub. 1995-1999-cu illərdə Azərbaycan Beynəlxalq Universitetinin Hüquqşünaslıq fakültəsində ali təhsil alıb. 2012-2015-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadiyyatın hüquqi tənzimlənməsi” fakültəsində oxuyub. 1999-cu ilin iyul ayından 2000-ci ilin iyul ayınadək Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Qazax rayonunda N saylı hərbi hissədə hərbi xidmət keçib.

Sahibkarlıq fəaliyyəti ilə məşğuldur. 2001-ci ildən bu günədək “ABC-Telecom” MMC-də baş direktor vəzifəsində çalışır. 13 noyabr 2014-cü ildən bu günədək Sloveniya Respublikasının Azərbaycan Respublikasındakı Fəxri Konsuludur. 1 dekabr 2017-ci il tarixində Heydər Əliyev Mərkəzinin direktorunun müşaviri vəzifəsinə təyin olunub. 26 mart 2018-ci ildən “Azercell Telekom” MMC-nin İdarə Heyətinin sədridir.

YAP-ın üzvüdür.

Ailəlidir, üç övladı var.

Yenicag.az deputatlığa namizəd E.Allahverdiyevlə müsahibəni təqdim edir:

– Elnur müəllim, Siz YAP-ın 17 saylı Yasamal 3-cü seçki dairəsindən namizədisiniz. Partiyadan namizədlik Sizin üçün xoş sürpriz oldu, yoxsa bunu gözləyirdiniz?

– Bilirsiniz, biz bu gün hamımız şahidiyik ki, Azərbaycanda köklü kadr islahatları həyata keçirilir. Cənab Prezidentin rəhbərliyi ilə icra hakimiyyətinin bütün təbəqələrində yeni, gənc kadrlar yaşlı nəsli əvəz edir.

Bu, həm Nazirlər Kabinetinə aiddir, həm Prezident Administrasiyasına. Cənab Prezident parlament seçkilərinin vaxtının əvvələ çəkilməsinə münasibətini bildirərkən bəyan edib ki, belə miqyaslı kadr islahatlarının reallaşdırıldığı gerçəklikdə yenilənmə proseslərinin qanunverici orqandan yan keçməsi məntiqi olmazdı.

Bu nöqteyi-nəzərdən çıxış etsək, digər partiya və siyasi qüvvələrin öz daxili işidir, seçkilərə kimlərlə gedəcəklər, hansı namizədlərlə çıxış edəcəklər. Ancaq cənab prezidentin sədri, lideri olduğu partiya Milli Məclisə seçkilərdə xalqın etimadını, səsini qazanmaq üçün yeni, gənc, müasir dünyagörüşlü və idarəçilik fəlsəfəsi olan şəxsləri irəli sürməli idi. Axı bu genişmiqyaslı yenilənmə prosesinin təşəbbüskarı və müəllifi partiyanın lideridir.

Mənim namizədliyimin irəli sürülməsinə gəldikdə, deyə bilərəm ki, mən bu partiyanın üzvüyəm. Heydər Əliyev Mərkəzinin direktorunun müşaviriyəm. Uzun illərdir sahibkarlıq fəaliyyəti ilə məşğulam, bir sıra uğurlu biznes-layihələrin önündə olmuşam və eyni zamanda, ictimai fəaliyyətdən də kənarda qalmamışam.

Bütün bunlar partiyamızın rəhbərliyinin diqqətindən kənarda qalmayıb və mən 17 saylı Yasamal 3-cü seçki dairəsindən namizəd olaraq irəli sürülmüşəm. Fürsətdən istifadə edib mənə göstərilən bu etimada görə partiyamızın sədrinə, liderimiz İlham Əliyevə dərin təşəkkürümü bildirirəm.

Əminəm ki, seçicilərin rəğbətini qazana biləcəyəm və Yasamal sakinləri ilə qanunverici orqan arasında bir körpü rolunu oynayıb, dövlətimizin həyata keçirdiyi sosial-iqtisadi siyasətin bəhrələrinin Bakının bu rayonunda məskunlaşan əhalinin də hiss etməsi üçün öz töhfəmi verə biləcəyəm.

– Siz iş adamısınız. Məlumdur ki, iş adamlarının vaxtı az olur. Yəni aktiv fəaliyyət üçün zamanınız kifayət qədər məhduddur…

– Sizinlə müsahibə barədə vədələşəndə nədənsə düşündüm ki, suallarınızdan biri təqribən belə olacaq (gülür). Həqiqətən də, niyə parlament seçkilərində iştirak edirəm? Bilirsiniz, mən ixtisasca hüquqşünasam. İkinci təhsilim isə iqtisadiyyatla, iqtisadiyyatın hüquqi tənzimlənməsi ilə bağlıdır. Yəni hər iki sahə mənim üçün yad deyil.

Siz artıq qeyd etdiniz ki, mən xeyli müddətdir bizneslə məşğulam və bu sahədə müəyyən uğurlara imza atmışam. Hərbi xidməti başa vurandan bugünədək özəl şirkətin həmtəsisçisi və baş direktoru vəzifəsində çalışmışam.

Onu da bildirim ki, biz fəaliyyətə başlayarkən səkkiz nəfər işçimiz var idi. Bu gün isə şirkətimizdə çalışan işçilərin sayı 1900 nəfərə çatıb. Bu, minlərlə vətəndaşın, yüzlərlə ailənin maddi təminatı deməkdir. Bu işçilərin orta aylıq əməkhaqqı 836 manat təşkil edir.

Bunları niyə qeyd edirəm? Məsələ burasındadır ki, hazırda Azərbaycanda genişmiqyaslı və effektiv iqtisadi və kadr islahatları həyata keçirilir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu islahatlar dünya maliyyə böhranından sonra, yəni enerji daşıyıcılarının qiymətinin aşağı düşməsi ilə daha da sürətlənib.

Dövlət başçısı bütün dövlət strukturlarına, ölkədə özəl biznes nümayəndələrinə, sahibkarlara yardım edilməsini, dəstək verilməsini tapşırıb. Eyni zamanda, cənab prezident rəhbər vəzifələrə müasir təhsil almış, qloballaşan dünyanın qaydalarına yaxından bələd olan, yaradıcı, yeni, gənc nəslin nümayəndələrinin təyin olunması kursunu elan edib.

Prezident İlham Əliyev gənc nəslin siyasi cəhətdən aktiv hissəsini parlamentə keçirilən seçkilərdə iştirak etməyə çağırır. Təbii ki, bu çağırış mənim üçün də Milli Məclisə keçiriləcək seçkilərdə iştirak etməyə stimuldur.

Hesab edirəm ki, qeyd edtiklərim həm hüquqi biliklərim, həm də sahibkarlıq və biznes sahəsində qazandığım uğur və təcrübə ilə bölüşmək, dövlətimizin inkişafına zərrə qədər olsa belə, kömək göstərmək məqsədilə parlamentə seçilmək üçün cəhd göstərməyimə əsas verir.

– Dediklərinizdən belə anlamaq olar ki, qanunverici orqanın yaxın beş ildə təcrübəli və savadlı iqtisadçılara ciddi ehtiyacı olacaq….

– Öncə onu deyim ki, Milli Məclisin ötən çağırışlarında da iqtisadi prosesləri dərindən anlayan, dünyada və ölkəmizdə baş verən iqtisadi dəyişikliklərin nəbzini bacarıqla tuta bilən millət vəkillərimiz olub.

Təbii ki, onlar qanunverici orqanın təmsliçiləri kimi iqtisadi sfera ilə bağlı qanun layihələrinin hazırlanmasında və qanunların qəbulunda aktiv fəaliyyət göstəriblər. Eyni zamanda, sualınızın bu hissəsi ilə tam razıyam və mənə də elə gəlir ki, qarşıdakı müddət Azərbaycanda iqtisadi islahatlar və iqtisadi artım şüarları ilə müşayət olunacaq.

Gəlin, fikirlərimi bir az da konkretləşdirim. İqtisadi artım üçün tələb olunan ilkin şərt siyasi sabitlikdir. Məncə, bu, heç kimdə şübhə doğurmayacaq reallıqdır. Bu sabitlik cənab Prezidentin səyləri və zəhməti nəticəsində mövcuddur. Deməli, iqtisadi yüksəliş üçün əlverişli zəmin var ki, biz, əslində, bunu illərdir müşahidə edirik. Ancaq indi Azərbaycan iqtisadiyyatı tam yeni bir formatda fərqli zəminə qədəm qoyub.

Söhbət qeyri-neft sektorunun faktiki olaraq yenidən qurulması və bərqərar olmasından gedir. Neçə-neçə istehsal sahələri açılır, kənd təsərrüfatı və turizm sferalarına dövlət yatırımları edilir, güzəştli kreditlər verilir və s. Mən məhz bu nöqteyi-nəzərdən hesab edirəm ki, qarşıdakı dövr Azərbaycan üçün iqtisadiyyat illəri olacaq.

– Siz Sloveniyanın Azərbaycandakı fəxri konsulusunuz. Parlament seçkilərindən cəmi bir neçə gün sonra Xocalı soyqırımının növbəti ildönümü olacaq. Sloveniya Xocalıda baş verən qətliamı soyqırımı olaraq tanıyıb. Geosiyasi proseslərdə o qədər fəal görünməyən bir Balkan dövlətinin Azərbaycan tarixinin ən acılı günlərindən biri kimi Xocalı soyqırımını tanıması necə baş verdi?

– Bilirsiniz, Sloveniyanın aktiv bir dövlət olmadığı təəssüratı ilkin yarana biləcək rəydir. Əslində,ə bu ölkə, onun şirkətləri kifayət qədər fəaldırlar, o cümlədən, Azərbaycanda. Sloveniyanın xarici siyasət idarəsi öz iş adamlarının xarici ölkələrdəki maraqlarını çox fəal şəkildə qoruyur və müdafiə edir.

Artıq qeyd etdiyim kimi, bu fəxri vəzifədə qarşımda duran ilk vəzifə də iki ölkənin biznes dairələrinin yaxınlaşması və işgüzar təmasda olmalarına çalışmaqdır. Bu istiqamətdə çox ciddi addımlar atılıb və deyə bilərəm ki, son bir neçə ildə iqtisadi münasibətlərimiz artan dinamika ilə inkişaf edir.

Dövlətlərimiz arasında çox sıx siyasi münasibətlər mövcuddur, cənab Prezident İlham Əliyev Sloveniyada dərin hörmət və ciddi nüfuza malik siyasətçi olaraq tanınır və qəbul edilir. Təbii ki, bütün bu amillər Sloveniya ictimaiyyətinin Azərbaycan reallıqları barədə ətraflı məlumat almasına da yol açır.

Xocalı soyqırımına gəldikdə, deyə bilərəm ki, tariximizin bu faciəvi gününün Sloveniyada soyqırımı olaraq qəbul edilməsinə dövlətimizin, o cümlədən, Heydər Əliyev Fondunun ümumi səyləri kontekstində baxmaq daha düzgün olardı. Mən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın əsasını qoyduğu “Xocalıya ədalət” kampaniyasını xüsusi qeyd etmək istəyirəm.

Yəni prosesə kompleks şəkildə baxmalıyıq və bu məntiqdən çıxış etsək, hesab edirəm və əminəm ki, ildən-ilə Xocalı qətliamını soyqırımı olaraq tanıyan dövlətlərin sayı artacaq və Ermənistanın Azərbaycana qarşı göstərdiyi aqressiya dünya tərəfindən obyektiv qiymətini alacaq.

– Qayıdaq yenidən seçkilərə. Sizin namizədliyinizin irəli sürüldüyü dairə hazırda Bakının ən dinamik hissələrindən birinin ərazisinə düşür. Köhnə məhəllələr, küçələr ləğv olunur, burada yaşayan əhali yaşayış yerlərini dəyişir. Aydındır ki, proses heç də həmişə hamar getmir, məsələn, narazılıqlar olur. Bu mənzərə sizi narahat etmir?

– Əgər fikir vermisinizsə, son illərdə Bakının siması ən çox paytaxtımızın bu hissəsində dəyişib və yenilənib. Məncə, az adam tapılar bizimlə razılaşmasın ki, şəhərimizin bu hissəsində həyata keçirilən abadlıq işləri göz oxşayır. Belə deyək: hazırda bura Bakının, bəlkə də, ən dinamik və hərəkətli, sürətlə dəyişən hissəsidir. Bu proses mənim həyat fəlsəfəmlə çox uyğundur, mən daima işləmək, bir yeniliyə səbəb olmaq, dövlətimizə, xalqımıza xidmət göstərib xeyir vermək istəyirəm. Ona görə də partiyamın namizədliyimi məhz bu dairədən irəli sürməsi mənim üçün həm fəxrdir, həm də yeni çağırış, vəzifə və məsuliyyət.

Sizinlə razıyam ki, bir tərəfdən abadlıq və şəhərsalma işləri gedir, digər tərəfdən isə əhalinin illər boyu məskunlaşdığı və artıq bir çox standartlara cavab verməyən evlərdən köçürülməsi prosesi.

Düşünürəm ki, partiyanın dəstəyi ilə seçicilərin rəğbətini qazandığım təqdirdə qollarımı çırmayıb, var gücümlə dövlətimizə bu işdə kömək göstərməyə, yerli əhalinin problemlərinin qanunverici orqanda səsləndirməklə həllinə nail olmağa çalışacam.

– Ancaq söylədiklərinizi reallaşdırmaq elə də asan deyil…

– Çətinliyə alışmışam. Dünyada asan nə var axı? Mürəkkəb problem ola bilər, ancaq həlli mümkün olmayan problem yoxdur. Təbii ki, seçicilərimin bir qisminin gələcəkdə köçürüləcək hissədə məskunlaşması və illərlə yaşadıqları evlərlə vidalaşması adi bir məsələ deyil. Ancaq dövlətimiz bu işi ən ağrısız şəkildə həll etməyə çalışır və edir.

Ölkə vətəndaşlarının hamısı Prezident İlham Əliyevin himayəsindədir, o cümlədən, namizədliyim irəli sürülən dairənin seçiciləri də. Məhz buna görə əminəm ki, bütün çətinliklərin öhdəsindən layiqincə gəlinəcək.

Həyatımın və aktiv fəaliyyətimin müxtəlif mərhələlərində çətinliklərlə üz-üzə qalıb, onları dəf etməyi bacarmışam. Mən işləməyi sevən adamam, harada olursa-olsun, çalışmaq, xeyir vermək istəyirəm. Niyyətim də budur ki, seçicilərin səsini qazansam, fəaliyyətim parlamentin divarlarının hüdudları ilə məhdudlaşmayacaq.

Maksimum şəkildə seçicilərimə yaxın olmağa, onların dərd-sərlərini dinləməyə və mümkün qədər həllinə nail olmağa çalışacam. Bunun üçün təcrübəm, istəyim, enerjim, ən əsası isə doğma partiyamın dəstəyi var.

COP29