!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əmrullayevin müəllimlərlə bağlı ÇIXIŞI: "Əgər məktəb dərsliklərindən sual hazırlanacaqsa..." - Ekspertlərin RƏYİ

!Reklam – Yazi

Elm və təhsil naziri Emin Əmrullayevin “müəllimlərin sertifikasiya imtahanlarında iştirak edən 11 min müəllimdən 2 mini kvadratın perimetri veriləndə onun sahəsini hesablaya bilmir” sözləri təhsil cameəsində geniş əks-səda doğurub. Nazirin hər çıxışında müəllimləri hədəf alması cəmiyyətdə birmənalı qarşılanmasa da, ekspertlər həm sistemdən, həm də müəllimlərdən qaynaqlanan problemlərin mövcudluğuna diqqət çəkirlər.

Məsələ ilə bağlı təhsil eksperti Adil Vəliyev Yenicag.az-a açıqlamasında deyib ki, Müəllimlərin İşə Qəbulu (MİQ) üzrə məktəb dərsliklərində olan suallardan imtahan təşkil edilməsi anormaldır:

“Universitetə hazırlaşan abituriyentlərin məktəb dərslikləri ilə hazırlaşdıqlarının şahidiyik. Ali təhsil müəssisəsinə qəbul olduqdan sonra müəyyən proqrama əsasən dərslər keçirilir. Daha sonra müəllim olmaq istəyən tələbələr Müəllimlərin İşə Qəbulu imtahanında iştirak etməlidir. Bu imtahanları Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi təşkil edir.

İmtahanlarda verilən suallara diqqət yetirsək, universitetdə öyrədilən dərsliklərdən deyil, məktəb dərsliklərindən hazırlandığını görərik. Sertifikasiya imtahanında müəllimlərin zəif nəticə göstərməsi anormal vəziyyət deyil. Anormal vəziyyət Elm və Təhsil Nazirliyinin universitetdə öyrədilən biliklərdən deyil də, məktəb dərsliklərində olan suallardan imtahan təşkil etməsidir.

Əgər məktəbdə keçirilən dərsliklərdən sual hazırlanacaqsa, universitetdə öyrədilən proqram orta təhsil müəssisəsində keçirilən proqramla əlaqəli olmalıdır ki, tələbə məzun olduqdan sonra MİQ imtahanında iştirak etdikdə yetərli balı toplaya bilsin.

Diqqət etməli olduğumuz digər məsələ isə müəllimlik ixtisasını bitirən tələbələrin MİQ imtahanından bal toplaya bilməsi üçün kurslara müraciət etməsidir”.

Təhsil eksperti Elçin Əfəndi isə yaranmış vəziyyətlə bağlı ortaya bir sıra sualların çıxdığını bildirib:

“Nə üçün savadsız müəllim ucbatından 9-10 yaşlı şagird “kor” olmalıdır? Problemlər bir-biri ilə zəncirvari bağlıdır. Həmin müəllimlər ali təhsil alaraq müəllim olublar. Hazırki vəziyyətdə ali təhsil müəssisəsində sistem dəyişdirilməlidir ki, əmək bazarına ixtisaslı kadr çıxarılsın.

Verilən açıqlama kiminsə xətrinə dəyə bilər, lakin müəllimin nüfuzuna təsir kimi qəbul etmək düzgün deyil. Müəllimlərin nüfuzuna təsir edəcək çox arqumentlər olub. Əgər müəllim şagirdlərə yaxşı təhsil verə bilmirsə, əmək müqaviləsinə xitam verilməli, təqaüdə göndərilməlidir.

Ali təhsil müəssisələrində islahatlar aparılmalıdır. Pedaqoji ixtisaslara daha ixtisaslı kadrlar cəlb etməliyik ki, əmək bazarına buraxıldıqda şagirdlərə normal təhsil verə bilsinlər”.

Təhsil eksperti Elşən Qafarov isə məsələ ilə bağlı: “İmtahan verən hər on müəllimdən beşi sertifikasiyadan keçid balını toplaya bilməyəcək səviyyədədir. Müəllim peşəkarlığı kifayət qədər müzakirə olunası mövzudur”, – deyib.

Nəsimi Ələsgərli

www.yenicag.az

532
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv