!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ən çox izlənən və qazanc əldə edən türk serialları: Hansı mövzulara üstünlük verilir? - MƏBLƏĞ / ARAŞDIRMA

!Reklam – Yazi

2022-2023-cü illərdə yayımlanan türk ekran işləri azərbaycanlı izləyicilər, həmçinin ərəb, rus, ispan və s. millətlər tərəfindən də bəyənilir. Əsasən ailə-məişət, kriminal və dram janrlarında olan seriallar izləyicilər tərəfindən uğurlu olaraq qiymətləndirilir. Hətta məşhur türk tənqidçi Murat Soner tez-tez paylaşım edərək, çəkilən filmlərin mənfi və müsbət tərəflərini qeyd edir. Hal-hazırda ən çox izlənən türk lahiyələrinə “Yalı çapkını”, “Ömer”, “Taçsız prenses”, “Yargı”və “Kızılcık şerbeti” daxildir. Sözügedən seriallardan bəziləri real hadisələr əsasında çəkilib.

Yenicag.az ötən ildən bəri yayımlanan türk ekran işlərinin reytinqlərdəki yerini və təxmini büdcəsini təqdim edir.

Cəmi 19 bölümü yayımlanan, dram-romantik janrda çəkilən “Yalı çapkını” ən çox izlənilən seriallardan biridir. Bölümlər “Youtube” platformasında minimum 3 milyon izlənir. Ən çox izlənən bölüm isə 25 milyonluq izləyici kütləsi ilə ilk bölümdür. Ekran işinin baş rollarında Afra Saraçoğlu və Mert Ramazan Demir çıxış edir. Serial psixiatr Gülsərən Budaycıoğlunun “Kral kaybederse” kitabının motivləri əsasında ekranlaşdırılıb. Layihə hal-hazırda ən yüksək büdcəli türk seriallarından biridir. Belə ki, ekran işinin çəkildiyi villanın aylıq kirayəsi 600 min türk lirəsidir. (təxminən 54.200 manat) Bundan əlavə, serialın baş rollarında çıxış edən Afra Saraçoğlu hər bölümdən 100 min türk lirəsi (təxminən 9 min manat), onun tərəf müqabili Mert Ramazan Demir isə 87.500 türk lirəsi (təxminən 7.900 manat) gəlir əldə edir.

İkinci sezonu çəkilən, ümumilikdə 52 bölümü yayımlanmış “Yargı” serialı 2021-ci ildən bəri davam edir. Ekran işinin ssenaristi Səma Ergenekon, prodüseri isə Kərəm Çataydır. Serial dram və dedektiv janrındadır. Layihənin ümumi baxış sayı 2 milyondan 15 milyona qədər dəyişir. Baş rollarda Pınar Dəniz və Kaan Urgancıoğlu çıxış edir. Ekran işində hadisələr İstanbul Baş Polis İdarəsi, İstanbul məhkəməsi və İstanbul Ədliyyə Nazirliyində cərəyan edir. Serialın əsas aktyoru Kaan Urgancıoğlu hər bölüm 75 min türk lirəsi (təxminən 6766 manat), onun tərəf müqabili Pınar Dəniz isə 70 min türk lirəsi (təxminən 6315 manat) qədər qazanc əldə edir. Ekran işi Azərbaycanda da çox sevilir, sosial şəbəkələrdə tez-tez paylaşılır.

Bu ilin yanvar ayında yayımlanan “Ömer” serialı dram janrındadır və İsrail layihəsi olan “Shitsel”in motivləri əsasında çəkilib. Baş rolda Səlahəddin Paşalı, Gökçə Bahadır və Barış Falay çıxış edir. Ekran işinin yeni başlamağına baxmayaraq hər bölümü 2 milyondan çox izlənir. Ömer obrazını canlandıran Səlahəddin Paşalı hər bölümdən 100 min türk lirəsi (9 min manat) gəlir əldə edir. Serialın layihə dizayneri isə psixiatr Gülsərən Budaycıoğludur.

Yanvar ayında çəkilən və cəmi 4 bölümü yayımlanan seriallardan biri də “Taçsız prenses”dir. Ekran işinin ideyası 1994-cü ildə çəkilən yapon serialı “Without family”dən götürülüb. Çox yeni layihə olmasına baxmayaraq izləyici kütləsi 1 milyondan çoxdur. Layihənin büdcəsi də kifayət qədər yüksəkdir. Əsas aktyorlardan biri olan İsmail Hacıoğlu hər bölüm 120 min türk lirəsi (təxminən 10 min 800 manat) qazanc əldə edir. Serialda rol alan bütün heyətin aktyorluq qabiliyyəti izləyicilər tərəfindən çox bəyənilir.

Real hadisələr əsasında çəkilən seriallardan biri də “Kızılcık şerbeti”dir. Cəmi 14 bölümü yayımlanan ekran işi həm çox bəyənilir, həm də davamlı olaraq tənqidlərə məruz qalır. Serialın əsas mövzusu iki ayrı mədəniyyətə məxsus insanların evlənməsi və daha sonra yaranan fikir ayrılıqlarıdır. Yayımlanan bölümlərə ən çox gələn tənqidlər islam dinini pisləmək, baş örtüsünü alçaltmaq istiqamətində olur. Azərbaycanlı izləyicilər də seriala bu barədə çoxlu irad rəyləri yazır. Lakin ekran işinin izləyici kütləsi 5 milyondan çoxdur.

Yuxarıda qeyd edilən seriallar hal-hazırda reytinqlərdən düşməyənlərdir. Son illər Türkiyədə keyfiyyətli işlər çəkilməsinə baxmayaraq, bəzi seriallarda ailə-məişət məsələlərinin qabardılması, xəyanət, köhnə adət-ənənələr və s. mövzular izləyiciləri narahat edir.

Şəhanə Paşa

www.yenicag.az

2372
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv