“Hesab edirəm ki, Azərbaycandan Avropanın aparıcı ölkələrinə, həm də həmin dövlətlərdən Bakıya olan qarşılıqlı yüksək səviyyəli səfərlərin intensivləşməsi ümumi xətdəki uğurla bağlıdır. Son zamanlar ümumilikdə regionun, xüsusi olaraq da Avropanın enerji təhlükəsizliyi baxımından Azərbaycanın əhəmiyyətinin artması və buna uyğun enerji layihələrinin reallaşması ilə ölkəmizin töhfələr verməyə başlaması Bakı ilə Avropa arasında münasibətlərin daha yaxşı inkişaf yoluna qədəm qoymasına imkan verdi”.
Bu sözləri Yenicag.az-a açıqlamasında cari ilin aprelindən etibarən Avropanın 4 nəhəng dövləti olan Almaniya, Fransa, Böyük Britaniya və İtaliya ilə Azərbaycan arasında əlaqələrin hökumət və dövlət başçıları səviyyəsində intensivləşməsi, eləcə də buna səbəb olan amilləri açıqlayarkən “Qafqaz” Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlı deyib:
“Bu günə qədər Azərbaycan Avropa münasibətləri heç də həmişə ideal səviyyədə olmayıb, Qarabağ probleminə yanaşmada və digər məsələlərdə qarşılıqlı ittihamlar olub. Sadəcə, son illər Azərbaycan imkanlarının artırılmasına nail oldu. Həmçinin, ölkəmiz Avropa qurumları və dövlətləri tərəfindən ərazi bütövlüyümüzün birmənalı olaraq tanınmasına, o cümlədən “köhnə qitə” ilə yüksələn münasibətlərin qorunmasına, sabitləşməsinə nail ola bildi”.
A.Aslanlının fikrincə, Avropanı enerji ilə təmin edən digər regionlarda hökm sürən qeyri-sabitlik də qitənin aparıcı dövlətlərini sabitliyin olduğu Bakı istiqamətinə daha çox diqqət yetirməyə sövq edib:
“Avropa ölkələrinin enerji baxımından qidalandığı digər regionlarda qeyri-sabitliyin hökm sürməsi fonunda Azərbaycanda vəziyyətin sabit olması Qərbin diqqətinin məhz ölkəmiz istiqamətində artmasına təkan verib. Yəni son zamanlar aparıcı Avropa dövlətləri rəhbərlərinin Bakıya, eyni zamanda əks istiqamətdə artan səfərlərdə enerji məsələsi, iqtisadi amil başlıca rol oynayır. Burada sözsüz ki, siyasi, hərbi məsələlər, eləcə də təhlükəsizlik məsələləri də yer alıb. Ancaq sadaladığım bu amillər iqtisadi motiv qədər stimullaşdırıcı xarakter daşımır. Azərbaycanla bağlı motivdə iqtisadi amil ön plandadır.
Müxtəlif digər istiqamətlərlə bağlı Qərbin aparıcı dövlətlərinin ölkəmizə olan marağı əvvəllər də var idi, indi də var, gələcəkdə də olacaq. Amma Azərbaycanla münasibətlərdə hər iki tərəf üçün davamlılıq və qazanc götürməni təmin edən əsas motiv iqtisadi motivdir. Hələlik Qərbin Azərbaycana münasibətində iqtisadi motiv ən sağlam körpü rolunu oynayır. Yoxsa, digər istiqamətlərlə bağlı da yaxınlaşdıran, hətta bəzən uzaqlaşdıran məqamlar da vardır. Hələlik sadəcə yaxınlaşdıran, uzaqlaşdırıcı motivə malik olmayan ən ciddi istiqamət iqtisadi istiqamətdir. Son dövrlərə qədər Cənubi Qafqaz dövlətləri dünya siyasəti baxımından ümumiyyətlə aparıcı dövlətlər olmayıb. Bu da təbiidir. Ərazisi, coğrafi məkan, əhalisinin sayı, hərbi qüdrət baxımından Cənubi Qafqaz ölkələri dünya siyasətini müəyyənləşdirən dövlətlər deyil. Ümumiyyətlə, Cənubi Qafqaz dünyanın aparıcı dövlətlərinin əhəmiyyət verdiyi region olub, amma tərəf müqabili olaraq bərabərhüquqlu çərçivədə gördükləri dövlətlər deyil. Bunun nəticəsidir ki, uzun illərdir aparıcı böyük dövlətlərin baş nazirləri, nə də prezidentləri bölgəyə rəsmi səfərlər etməyib. Yalnız Fransa dövləti başçısının Azərbaycana bu illər ərzində səfəri olub. Bundan başqa, bu yaxınlara qədər digər böyük dövlətlərin başçılarının ölkəmizə hər hansı bir rəsmi səfərləri qeydə alınmayıb. Təkcə, Gürcüstanı ABŞ-la münasibətlər baxımından bu mənada bir qədər istisna olaraq qəbul etmək olar. Azərbaycan və Ermənistan üçün isə fərqli mənzərə hökm sürürdü”.
Qeyd edək ki, aprel seçkilərindən sonra sanki Avropa, habelə dünyada aparıcı rola malik dövlətlərin Azərbaycana, o cümlədən əks istiqamətdə bir-birinə olan maraqları əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Belə ki, son aylar ərzində Azərbaycan prezidenti Böyük Britaniya və Fransa kimi dünya siyasətini müəyyənləşdirən ölkələrə rəsmi səfərlər etdi. Eyni zamanda, Avropa İttifaqının 4-cü nəhəngi İtaliya prezidenti bu günlərdə Bakıda səfərdə oldu. Avqustun 25-də isə Avropanın bir nömrəli nəhəngi olan Almaniyanın kansleri Angela Merkel bölgəyə səfəri çərçivəsində Bakıda olacaq. Hansı ki, Azərbaycanın 27 illik müstəqillik tarixində Bakının qısa zaman kəsiyində dünyanın aparıcı dövlətlərilə bu qədər intensiv formada təmasları olmayıb. İndi isə görürük ki, bu, baş verir.
ELÇİN