Bu gün Ədalət və İnkişaf (AK) Partiyasının parlament qrup toplantısı keçirilir.
Yenicag.az xəbər verir ki, iclasda çıxış edən Türkiyə prezidenti və AK partiya sədri Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Xocalı soyqırımından danışıb.
O, məclisdəki Azərbaycan heyətini salamlayaraq, bunları deyib:
“Bu gün 26 il öncə Xocalı faciəsində şəhid olan bütün azərbaycanlı qardaşlarımızı təzim və rəhmətlə anıram. Dağlıq Qarabağdakı Xocalı şəhərində uşaq, qadın, yaşlı demədən vəhşiçəsinə öldürülən günahsızlara rəhmət diləyirəm. Dünyada vəhşi qətliam axtaran varsa, bu, Xocalıdır. Son dönəm insanlıq tarixinin ən böyük zülmlərindən biri bundan 26 il əvvəl yaşanıb. Bunu hər kəs unutsa da, biz bunu unutmayıb, unutdurmayacağıq. Bu faciəni hər zaman xatırlayıb, xatırladacağıq”.
Qeyd edək ki, toplantıya Azərbaycandan da nümayəndələr qatılıb.
Belə ki, Xocalı soyqırımının ildönümü ilə əlaqədar Türkiyə-Azərbaycan İş adamları Birliyinin sədri Hüseyin Büyükfırat və Xocalıdan olan deputat Elman Məmmədovla birgə Xocalı faciəsinin bir qrup şahidi tədbirdə iştirak edib.
Azərbaycan nümayəndələri bu gün Bakı vaxtı ilə saat 22.00-da TRT kanalının “Anadolu soruyor” verilişinin qonağı olacaqlar. Verilişdə Xocalı soyqırımı ilə bağlı müzakirələr aparılacaq, suallar cavablandırılacaq.
Xatırladaq ki, Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Türkiyədə müxtəlif anım tədbirləri keçirilir.