Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başlayıb.
Yenicag.az xəbər verir ki, R.T.Ərdoğanı hava limanında Baş Nazirin birinci müavini Yaqub Eyyubov, Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və Şimali Kipr Türk Respublikasının Bakı təmsilçisi Ufuk Turqaner ilə digər rəsmi şəxslər qarşılayıb.
Prezidentə Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Ətraf Mühit naziri Murat Kurum, Energetika və Təbii Sərvətlər naziri Fatih Dönmez, Gənclər və İdman naziri Mehmet Muharrem Kasapoğlu, Xəzinə və Maliyyət naziri Berat Albayrak, Prezident Administrasiyasının Əlaqələndirmə üzrə sədri Fahrettin Altun, Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidanında olduğu nümayəndə heyəti rəhbərlik edir.
Azərbaycana səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşılayaraq fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirilib.
İlham Əliyev və R.T.Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasda ikitərəfli əlaqələrin bütün cəhətləri, əməkdaşlığın daha da inkişafı müzakirə olunacaq, bununla yanaşı, region və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılacaq.
İclasda iki ölkə arasındakı əlaqələrə mühüm töhfə verəcək bəzi saziş və razılaşma sənədlərinin imzalanacağı da bildirilir.