Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya nəzərdə tutulan səfərinin təxirə salınmasının mümkün səbəbləri müxtəlif aspektlərdən şərh olunur.
Yenicag.Az xəbər verir ki, Bakıda sentyabrın 10-11-də keçiriləcək Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirakı nəzərdə tutulan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın səfərinin təxirə salınması ətrafında müzakirələr səngimir.
Qeyd edək ki, prezident Ərdoğanın Bakıya gözlənilən səfərinin baş tutmayacağını avqustun 30-da jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral açıqlayıb. Səfir bunu Türkiyə prezidentinin iş qrafikinin sıxlığı ilə əlaqələndirərək, Ərdoğanın Bakıya səfərinin yaxın müddətdə gerçəkləşəcəyini bildirib.
Daha öncə Ərdoğanın regiona səfəri çərçivəsində sentyabrın 8-10-da Qazaxıstanda, 10-11-də isə Azərbaycanda olacağı bildirilirdi. Türkiyə prezidentinin daha sonra sentyabrın 19-25-də Nyu-Yorkda BMT Baş Məclisinin toplantısında iştirak edəcəyi bildirilirdi.
Lakin İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi Məhəmməd Baqerinin Türkiyəyə səfəri çərçivəsində aparılan danışıqlar sıasında Ərdoğanın Tehrana səfər məsələsi gündəmə gəldi. Bu səfərin konkret tarixi açıqlanmasa da,
Ərdoğanın Nyu-Yorkdan əvvəl Tehrana gedəcəyi bildirilir.
Baqerinin Ankaraya gəlişi və Ərdoğanın Tehrana səfərinin aktuallaşması regionda Türkiyə ilə İranın eyni mövqedən çıxış etməsini şərtləndirən son dərəcə ciddi proseslərin getdiyinə dair qəti qənaət yaradır.
Ankara ilə Tehranın aralarandakı müəyyən ziddiyyətlərə baxmayaraq, Suriya böhranının həllində Rusiya ilə üçtərəfli formatda əməkdalıq edirlər.
Ona görə də hazırda iki ölkəni yaxınlaşmağa vadar edən əsəs səbəbin Qərbin hərtərəfli dəstək verdiyi İraq kürdlərinin sentyabrın 25-nə təyin etdikləri müstəqillik referendumu olduğunu söyləmək mümkündür. Ərdoğanın Bakı marşrutunu Tehranla əvəzləməsi də bunun bir göstrəricisi hesab oluna bilər.
Prezident Ərdoğanın Bakıya səfərinin təxirə salınmasının mümkün səbəblərini Yenicag.Az-a dəyərləndirən politoloq Araz Aslanlı bu qərarı müəyyən risklərlə əlaqələndirib:
“Fikrimcə, Rəcəb Tayyib Ərdoğnın Bakıya planlaşdırılmış səfərinin təxirə salınması böyük mənada Türkiyənin daxilində və regionda cərəyan edən müəyyən proseslərlə bağlıdır.
Bu sırada isə ilk növbədə İraqdakı kürd muxtariyyatı ərazisində sentyabrın 25-nə təyin olunmuş referendumu qeyd edə bilərik. Bildiyiniz kimi, Türkiyə ilə İran, regionun əksər dövlətləri, hətta bəzi Qərb ölkələri kürdlərin müstəqillik referendumuna yumşaq desək, mənfi münasibətlərini ifadə ediblər.
Ancaq bu gün üçün vəziyyət belədir ki, böyük ehtimalla, kürd muxtariyyatında müstəqillik referendumu keçiriləcək. Hər halda, hadisələrin gedişatı belə deməyə tam əsas verir.
Bu isə Türkiyənin həm daxili, həm də beynəlxalq vəziyyəti ilə bağlı müəyyən risklər yaradır. O baxımdan, Türkiyənin prezident başda olmaqla, yüksək dövlət rəsmilərinin əsas diqqəti bu məsələyə və onun yarada biləcəyi gərginliyin önlənməsinə yönəlib.
Biz hər nə qədər arzulamasaq da, referendum ərəfəsində Türkiyənin daxilində gərginlik yaratmaq və hökumətin diqqətini yayındırmağa hesablanmış müxtəlif aksiyaların planlaşdırılması istisna deyil. Düşünürəm ki, Türkiyə prezidenti də bu məqamları və təbii ki, əldə olunan məlumatları əsas götürərək, xarici səfər qrafikini dəyişməyi lazım bilib.
İranın Baş Qərargah rəisinin Ankaraya gəlişindən sonra Ərdoğanın Tehran səfərinin aktuallaşması da qeyd olunan məsələ ilə birbaşa əlaqəlidir”.
A.Zeynalov
Yenicag.Az