Erməni-alman cəmiyyətinin jurnalında iki Arzu

Azərbaycanlı vətəndaş aktivistləri Azərbaycana qarşı yönəlmiş informasiya müharibəsində erməni diasporunu dəstəkləyir?

Yenicag.az xəbər verir ki, Almaniyadakı erməni lobbi mərkəzi təşkilatının Alman-Erməni Cəmiyyəti tərəfindən nəşr edilən (Deutsch-Armenische Gesellschaft) “Armenisch-Deutsche Korrespondenz” jurnalının ilk kvartalının buraxılışında Azərbaycandakı “milli azlıqların hüquqlarının müdafiəsi”nə həsr edilmiş məqalə dərc edilib. Qeyd edək ki, bu jurnal Bundestaqda paylanılır və konkret məqsədi var-alman siyasi elitasında erməni milli maraqlarına uyğun fikir formalaşdırmaq.

Bu səbəbdən Azərbaycanda milli azlıq mövzusunun erməni xüsusi xidmət orqanları, Ermənistanın informasiya-təbliğat maşını və erməni diasporu üçün strateji cəhətdən çox vacib olması yeni xəbər deyil. Erməni tərəfinin bu məsələyə həddən artıq diqqət ayırmasına dair faktlar çoxdur. Rusiyadakı bütün erməni diasporu separatçı Fəxrəddin Abbaszadənin müdafiəsinə qalxdı. Rusiya hüquq-mühafizə orqanları Abbaszadəni Azərbaycana ekstradisiya etdi (Fəxrəddin Abbaszadə CM-in 281.2 və 283.1 maddələri ilə ittiham edilir. Dövlətə qarşı dəfələrlə ümumi çağırışlar, milli, irqi, sosial, dini düşmənçilik, nifaq toxumu səpmə).

Separatçının vəkilləri erməni əsilli rusiyalı hüquqşunaslardır. Digər fakt-İşğal altında olan Şuşadan erməni diplomat Ara Papayan və Yerevan Dövlət Universitetinin iranşünaslıq fakultəsinin rəhbərliyi ilə “Talışıstan səsi” radiosu yayımlanır. Nəhayət, ötən əsrin 90-cı illərdə məğlubiyyətə düçar olan Əlikram Hümbətov kimi separatçılar Yerevanda forum və konqreslərin daimi qonaqlarıdır.

Erməni tərəfinin məntiq və məqsədini anlamaq çətin deyil. Birincisi, Azərbaycanı milli azlıqların hüququnu pozan, “xalqlar həbsxanası” kimi qələmə verən erməni lobbi quruluşları bununla da onlar üçün əsas tezisi inkişaf etdirirlər. Bu tezisə əsasən, Dağlıq Qarabağ və onun erməni əhalisi Azərbaycanın tərkibində ola bilməz. İkincisi, Azərbaycan cəmiyyətində potensial “həssas nöqtələri” oyatmaq və etnik zəmində toxum səpməklə vəziyyəti daha da qəlizləşdirmək istəyirlər. Nəhayət, milli azlıq məsələsini gündəmə gətirməklə, erməni xüsusi xidmət orqanları elə informasiya atmosferi üzərində işləyirlər ki, Azərbaycan hüquq mühafizə orqanlarını təxribata çəksin və “separatizm təhlükəsi”nə qarşı kəskin addımlar atılsın.

Bu zaman hüquq-mühafizə orqanlarının istənilən tərəfi erməni tərəfi və nəzarət altında olan KİV və ekspertlər tərəfindən “rejimin siyasi diskriminasiyası” kimi təqdim ediləcək. Bu “faktlar”ı uğurla beynəlxalq arenada Azərbaycanın “xalqlar həbsxanası” olması barədə tezisi daha da genişləndirmək üçün istifadə etmək olar və eyni zamanda Qarabağ ermənilərinin Azərbaycanın tərkibində yaşaya bilməyəcəklərinə dair tezisi bir daha gözə soxmaq üçün istifadə edilə bilər.

Yerevan tərəfindən Avropa Liqasının final oyunu ərəfəsində futbolçu Henrix Mxitaryanın Bakıya gəlməməsi barədə informasiya kampaniyasını da düşmənin informasiya strategiyası kimi qəbul etmək olar. Bu tip dairəvi sxem kifayət qədər sadədir və istifadədə effektivdir. Nəzərə almaq lazımdır ki, erməni diasporunun Rusiya və Qərbin həm siyasi, həm də KİV strukturlarında çoxdan qurulmuş əlaqələri var.

Alman-Erməni Cəmiyyətinin jurnalında nəşr edilən məqaləyə qayıdaq. Burada erməni lobbisinin işinin daha bir xüsusiyyəti üzə çıxır. Erməni lobbisi təbliğat işinə Azərbaycan tərəfinin şərti nümayəndələrini cəlb edib. Onlar “faydalı axmaq” kimi istifadə edilib. Bundestaqda paylanılan erməni jurnalında “Azərbaycanda milli azlıqların hüquqları pozulur” mövzusunda məqalədən həmən sonra iki azərbaycanlı vətəndaş aktivist qız barədə məqalə var: Arzu Abdullayeva, Arzu Qeybullayeva. Bu iki azərbaycanlı qız ermənilər və azərbaycanlılar arasında qarşılıqlı anlaşmanın tərəfdarıdırlar.

Məqalədə qeyd edilir ki, “ermənilər və azərbaycanlılar arasında sülh dialoqu” təşkil etmək cəhdlərinə görə, onları təqib edirlər, təhqir edirlər, Azərbaycanda onları erməni mənşəli adlandırırlar. Erməni jurnalının səhifələrində Arzu Abdullayeva azərbaycanlılar tərəfindən hücuma məruz qalan ermənilərdən yazmağa risk edən Əkrəm Əylisliyə pərəstiş edir.

Görünən odur ki, bu materialı dərc edən erməni tərəfinin məqsədi “sülh dialoqu” ideyasını inkişaf etdmirmək deyil. İki azərbaycanlı qızın taleyi də onları maraqlandırmır. “Rejim tərəfindən təqib edilən liberal aktivist” obrazı ilə Azərbaycanın barbar dövlət obrazı yaradılır. Bununla yanaşı, Alman-Erməni Cəmiyyəti Ermənistanda Azərbaycan filmlərinin festivalını keçirməyə cəhd edən və döyülən erməni aktivist Georgi Vanyan barədə anoloji məqaləni dərc etməyib.

Almaniya siyasi elitası üçün antisemitizm mövzusu çox vacib olduğu halda “Armenisch-Deutsche Korrespondenz”də nə vaxtsa Ermənistanın Avropada ən antisemit dövlət olduğu barədə (2016-cı ildə “Pew Research Center” mərkəzinin araşdırmasına əsasən, Şərqi və Mərkəzi Avropanın 18 dövləti arasında yəhudilərə qarşı ən kəskin münasibət ermənilər arasındadır) heç olmasa qısa xatırlatma olacaqmı?
Bununla bağlı, bizə aydın olmayan bir məsələ var ki, niyə iki azərbaycanlı aktivist, dövlətə necə münasibət bəsləməyindən asılı olmayaraq, erməni diasporunun əlində alətə çevrilərək, düşmənin maraqlarını təmin edir? Çünki görünür ki, Arzu Qeybullayeva və Arzu Abdullayevanın icazəsi olmadan belə bir məqalə dərc edilə bilməzdi.

“Deutsch-Armenische Gesellschaft” təşkilatının nə olduğunu tam başa düşmək üçün oxucular onun rəsmi saytı ilə (http://www.deutscharmenischegesellschaft.de) tanış ola bilərlər.

Məsələn, son aylarda keçirilən tədbirlərin siyahısını verə bilərik:

Erməni soyqırımı: Bundestaqda qətnamədən tutmuş Aşağı Saksoniyadakı tədbirə qədər (2019-cu il, 6 iyun)
“XX və XXI əsrin soyqırımları: Tədqiqat üçün yeni perspektivlər”, (2019-cu il, 10 may tarixində Şlezviq-Qolşteyndə müzakirə)
“Avropa Şurasında Azərbaycan qalmaqalı-Bundestaq Karin Ştrentsi dinlədi (saytda 2019-cu il 20 yanvar tarixində dərc edilib).
Əgər jurnalın 2016-cı il üçüncü kvartala aid səhifələrini vərəqləsək, (http://www.deutscharmenischegesellschaft.de/2016/09/25/adk-172-erschienen/adk-172_internet/) iki hissədən ibarət, 2016-cı il Aprel Müharibəsinə həsr edilmiş “Artsaxa qarşı Azərbaycan aqressiyası” məqaləsini görərik.
Vətəndaş borcu və patriotizmlə bağlı müzakirələrə başlamaq niyyətində deyilik, cəmiyyətimizdə bu mövzu kifayət qədər müzakirə edilib. Amma bir sual ortaya çıxır, azərbaycanlı hüquq müdafiəçiləri hansı əsasla kifayət qədər vacib və həssas mövzu olan milli azlıqlar məsələsini hansısa xarici və ya yerli nəşrdə, öz bloqlarında yox, Qərb dəyərləri maskası altında gizlənən daşnakçı jurnalında dərc etdirirlər? Axı bu jurnal “ermənilərin Türkiyədə soyqırımı” və “Azərbaycanın Arsaxa qarşı aqressiyası” kimi tezisləri təbliğ edir?!

Hətta ehtimal da etsək ki, bu iki aktivist kosmopolitdir və milliyətçiliyin istənilən formasını, eyni zamanda bizim cəmiyyətdə Ermənistana qarşı münasibəti qəbul etmirlər, yenə də anlaşılmayan bir məsələ var: kosmopolitizm erməni milliyətçi jurnalı ilə necə əməkdaşlıq edə bilər?/Zerkalo.Az/

COP29