Erməni əsirliyindən film kimi qaçış – II hissə

“KamAZ” gələndə 3 dəfə siqnal verdi. Anladım ki, bu paroldur. Avtomat da Afində idi. Biz də bilirik ki, sürücü asanlıqla təslim olan deyil…

Davamı…

Yağış davam edirdi. Bir tərəfdən həyacan, bir tərəfdən soyuq, yağış da aman vermirdi. Əhmədov Amil və Yəhyayev Afin qızınmaq üçün heç nə olmamış kimi lapedi yükləyirdilər. Anar Məmmədov əsir götürdükləri erməninin başının üstündə dayanmışdı. Əli bağlı erməni həyacandan, qorxudan tir-tir əsir, su istəyirdi. Həyətdə su olmadığı üçün Anar ona dəmir stəkanla yerdə yığılmış yağış suyundan dolduraraq verdi. Erməni əsir isə suyu əsə-əsə içdi. Əli bağlı erməni daşın küncündə oturmuşdu. Anar Məmmədov isə daşın üzərindən yolu izləyirdi.

“KamAZ” gəlsəydi də, bu işin sonu görünsəydi. Qaçmaq alınacaqmı? “KamAZ” sürücüsünü zərərsizləşdirə biləcəklərmi? Postları keçib, öz tərəfimizə keçə biləcəklərmi?..

Bu suallar beyində dolanarkən erməni əsirin əli yaxşı bağlanmadığı üçün məftil qırıldı. Əli açılan erməni Anarı yumruqla vurdu…

Anar Məmmədov danışır

– Məni qəfil möhkəm vurdu. Arxaya getdim. O əlin atdı “kitel”in cibinə. Elə bu zaman ona hücum edib, yumruqladım. Gözümü yumub yumruqlayırdım. Onu yıxdım altıma, əlin-qolun tutdum. “KamAZ” dayanandan sonra orada nə baş verdiyini də görmədim. O “kitel”in cibindən nə çıxaracaqdı, bilmədim. Açığı, heç ağlıma da gəlmədi ki, sonradan baxım. Bu anda avtomatın səsi gəlməyə başladı. Əvvəlcədən danışmışdıq ki, sürücünü də əsir götürüb gətirəcəyik. Oraya gedə də bilmirəm. Əlimdə silah yoxdur. Erməni də sağdır. Ermənini yenidən döyməyə başladım. Tam özündən gedənə qədər döydüm ki, gedib “KamAZ”ın yanında baş verənlərdən xəbərdar olum. Ayağa durdum, başladım ermənini sürüməyə. Gördüm ki, Amillə, Afin sürücü ermənini öldürüblər. Ondan sonra ürəkləndim. Gördük bunu nə apara biləcəyik, nə də sağ buraxmaq olar. O ermənini də orada güllələdik. Üstüm-başım tamam qan olmuşdu. Artıq gözümüz dönmüşdü.

Füzuli rayonundan əsirlikdə yanımızda Rəşid adlı bir kişi vardı. O bizə deyirdi ki, Qarqar çayına girib, çay hara aparsa oraya getsəniz, qaça bilərsiniz. Rəşid kişinin dediyi yadımda qalmışdı.

Qaçış

– “KamAZ”a mindik. Planımız belə idi ki, Ağdamdakı stadionun yanından aeroport yolu ilə Novruzluya gedək, orada maşını ataq, Qarqara tərəf gedək, çaya girib keçək öz tərəfimizə. Stadionun qabağı ilə gedəndə gördük ki, erməni əsgərləri gəlir. O vaxt erməni əsgərləri Ağdam stadionunda qalırdı. Bizə əl elədilər ki, “saxla”. Bu saxlamaq maşına baxış üçün deyildi, əsgərlərin keçməsinə yol verməyimiz üçün idi. “KamAZ”ın şüşələrini qaldırmışdıq, içərini də siqaret tüstüsü ilə doldurmuşduq ki, “kabina” görsənməsin. Dedim ki, saxlamayaq, arxın içərisi ilə yavaş-yavaş sürüb keçək. Elə də etdik. Əsgərlərin yanından keçdik. Onlara əl də etdik. Sonra çıxdıq Ağdam-Yusifcanlı yoluna. Sürətlə gedirik. Novruzlunun körpüsünə çatdıq. Körpünün kənarları qırılmışdı. Sən demə, heç oradan “KamAZ” keçmirmiş, çayın içərisi ilə keçirmiş oradan. Gəlib oraya dirənmişik. Qalmışıq belə. Gözümüzü yumduq, Allah-Allahla oradan birtəhər keçdik. Novruzluya girəndə gördük ki, orada da bir “KamAZ” var. Onlar evlərdən dəmir borular yığırlar. Sürücü bizə əl elədi. Mən də ona siqnal verdim. Çayın yanında dayanmalıydıq, ancaq harada bilmirik. Novruzlunun küçələrin gəzdik, gəlib “KamAZ”ı gördüyümüz yerin ön küçəsində durduq. “KamAZ”ı darvazadan içəri sala bilmədik. Həyətə salmaq istəyəndə divara vurduq. Elə oldu ki, sağ tərəfdən düşə bilmədik, sürücü tərəfdən düşdük aşağı. “KamAZ”da da araq var idi. Araqdan içib bir az qızışmaq istəyirdik. Maşından düşdük. Bir az aralananda baxdım ki, divara vurduğumuz “KamAZ” kənardan gəl-gəl deyir. İşıqlar yanılı, qapı açıq, “KamAZ”ın içərisində qan, üst-başımız qan. Həmin həyətdən çıxdıq. Çaya yaxın yerdə Novruzlunun qoyunçuluq ferması var idi. İstiqamətimiz fermaya tərəf idi. Ürək edib, həyacandan gedib “KamAZ”ın işığını söndürmədik. Həyacanla qaçıb getdik, fermanın içinə girdik. Gündüz saat 12-1 idi. Olduğumuz yerdən kəndə girəni, çıxanı görürdük. Gördük ki, o biri “KamAZ”ın sürücüsü “Samvel, Samvel” deyə qışqırır. Samveli Ağdamda öldürmüşdük. Ürəyimizdə dedik ki, zibilə düşdük. Yəqin ki, bu “KamAZ” sürücüsü ilə bizim öldürdüyümüz tanış imiş. Üstündən 1 saat keçdi. Ermənilərin postlarını görürdük. Gördük ki, bir UAZ gəldi, çayın içərisindən keçib, postlara tərəf getdi. Bir qədər də keçəndən sonra gördük ki, o biri “KamAZ” kənddən çıxdı. Həmin “KamAZ” körpünün altından keçib getdi. Onda başa düşdük ki, körpünün altından keçməliymişik.

Kəndin içərisinə kənardan nəzarət edirdik. Bir insan belə yox idi. Uşaqlarla söhbət edəndə dedim ki, gəlin buradan çıxan kimi girəyin çaya, suyun içi ilə gedək. Amillə Afin isə dedi ki, posta çatanda girək suya. Bunda razılaşa bilmirdik. Saat 5:30 olardı. Fermanın içərisindən çıxanda eşitdik ki, nəsə partladı. Yenidən qayıdıb girmişik içəri. Qapıdan çölə çıxa bilmirdik. Fermanın içərisində balaca pəncərə var idi. Getdim ora, gördüm keçmək olar. Oradan çıxdıq. Girdik Qarqara. Çayın suyu az idi. Düzü Yusifcanlı tərəfdə elə yerlər oldu ki, orada üzdük. Ancaq girdiyimiz yerdə su çox az idi. Yavaş yavaş hərəkət edirdik.

Dayanmadan yağış yağırdı, zülmət qaranlıq idi. Bir də başımızı qaldırdıq ki, UAZ işıqlarını yandıraraq gəlir. Qaçmağa yer yox, nə edəcəyimiz də bilmirdik. Uzandıq suyun içərisinə. UAZ önümüzdən, suyun içərisilə keçib getdi. “KamAZ”ın da işığı yanılı qalıb. Ermənilərin postlarını keçdik. 3-4 saat Qarqarın içərisi ilə getmişik. Özümüzə söz vermişdik ki, Qarqar çayının Qarabağ kanalına töküldüyü yerə qədər çaydan çıxmayacağıq. Qumluq yer var idi. Bir vaxt baxdıq ki, çoxlu işıq yanan yer var.

Kənddə

Onda anladıq ki, keçmişik. Dəli kimi sevinirik, səsimizi başımıza atmışdıq. Bir xeyli gedəndən sonra gördük ki, səngər var. Girdik səngərə. Gördük heç kim yoxdur. Uşaqlara dedim, gəlin. Yaxında kənd var. Razılaşdıq ki, kəndə girək. Gəlib bir həyətə girdik. Gördüm bir ev var, içəridə kimsə idman edir. Qapını döydük. Həmin idman edən adam çölə çıxdı. Dilimin altında mızıldanaraq salam verdim ki, görüm nə cavab verəcək. Birdən ermənilər olar. Dedi, “axşamınız xeyir”. Amil dedi, “qağa, azərbaycanlısan?” “Hə”, deyən kimi, Amil “sənin başına dönüm” deyib, qucaqladı. Amil dedi, “biz erməni öldürüb, əsirlikdən qaçmışıq”. Ev yiyəsi şoka düşdü. Sonradan ona sakit şəkildə əsirlikdən qaçdığımızı başa saldıq. Oğlan girdi içəri, dedi ki, hamı dursun ayağa. Əlində avtomat çıxdı çölə dedi ki, əlinizdəki silahı verin mənə. Avtomatın darağın çıxarıb, verdim ona. İçəridən çıxan uşaqlardan biri dedi ki, Yəhyayev. Afini tanıdılar. Afin zabit idi. Sən demə əsgərlərimizin kazarma kimi istifadə etdiyi yerə gəlmişik. Ratsiya ilə briqadaya xəbər verdilər. Əvvəlcədən də bizə dedilər ki, sizdən soruşanda deyərsiniz kəşfiyyatın uşaqları ilə qarşılaşmısınız. İki daşın arasında onlar da özlərinə xal qazanmaq istədilər.

Bizi apardılar hansısa batalyona. Ocaq qaladılar. Paltarlarımızı qurutduq. 2 sutka idi yemək yeməmişdik. Qatıq tapıb gətirdilər. Qatıq yedik. Əsgərlər hamısı başımıza yığışıb. Dedilər, 1-2 saat yatın. Başımızı qoyan kimi yatmışdıq. Səhər açılmamış bizə dedilər ki, briqada komandiri gəlir, onunla görüşməlisiniz. Bizi gətirdilər Ağdam rayon Mahrızlı kəndinə. Başladıq izahat yazmağa. Briqada komandirinin otağında izahat yazanda rabitə rəisi içəri girib hərbi hissə komandirinə dedi ki, gecə saat 12-də belə bir məlumat tutmuşuq ki, “20-96 nömrəli, kabinkası ağ, kuzası qırmızı olan “KamAZ” qaçırılıb. İçində 3 nəfər qarabaşlı (red-azərbaycanlı) olub, birinin əlində də oyuncaq (red-avtomat) var. “KamAZ”ın hansı istiqamətdə getdiyi məlum deyil”. Qiyaməddinli kəndindən həmin “KamAZ”ın işığı görünürdü. O vaxta qədər bilməyiblər ki, haradan qaçmışıq.

Hərbi hissə komandirindən sonra Ağdamın prokuroru gəldi, icra hakimiyyətindən gəldilər. Hamı gəlir. Hərbi hissə komandiri dedi ki, Bakıya xəbər vermişik, helikopter göndərirlər. Biz də dedik ki, evimizə xəbər verin. Ağdamdan bir nəfər ünvanımızı aldı. Həmin adam gəlib Beyləqana. Birinci Amilgilin kəndinə, Aşıqlıya gedib. Xəbər edib ki, Amil qaçıb gəlib. Oradan da dönüb bizim kəndə. Anamın o vaxt 38 yaşı vardı. Mən gələndə saçı dümağ idi. Deyir ki, idarədə həmin gün durmadan ağlayırdım. Dayana bilmirdim. Gördüm bir “Niva” keçdi, içində də hərbçilər. Kənddən hərbçi keçəndə hamı düşünürmüş ki, görəsən Anardan nə xəbər gətiriblər. “Niva”yla gələn hərbçi evimizə gedib. Qardaşımdan soruşub ki, ananız haradadır? Deyiblər, işdə. Deyib, çağırın gəlsin. Şəklimi istəyiblər. Həmin dəqiqə anam də həyətə gəlib. Şəkilə baxan kimi hərbçi soruşub ki, Anar bu oğlandı? Anam deyib, hə. Deyiblər, ana, gözünüz aydın olsun, oğlunuz gəlib. Kəndə hay düşüb. Anam deyir, oğlan danışırdı, ancaq heç nə eşitmirdim sevincdən…

Bezib qaçma istəyi

– Artıq axşam saat 10-dur. Hələ də dindirirlər. Necə bezdimsə, dedim, buradan da qaçacam. Artıq cana yığılmışdım. Əsirlikdən qaçıb gəldik ki, azad olacağıq, burada da başlayıblar danışdırmağa. (Gülürük).

Hərbi hissə komandirinə dedik ki, bizi heç olmasa bu günlük evə buraxın, gedib ailəmizi görək, İstəyirsiniz ondan sonra 10 il də türmədə yatmağa hazırıq. Aradan bir qədər keçəndən sonra hərbi hissə komandiri stolun üstünə konyak qoydu, meyvə ilə içirdik ki, birdən bir əsgər içəri girdi və dedi ki, qaçanların valideynləri gəlib.

Hərbi hissə komandiri bizim hərəmizə bir zabit verdi ki, evə gedək, oradan da Bakıya. Gəldim kəndimizə. Qohum-qonşu, eşidən-bilən hər kəs bizə gəlmişdi…
Qaçmazdan bir neçə gün öncə “Qırmızı Xaç” bizim yanımıza gəlmişdi. O zaman evə belə bir məktub yazmışdım ki, “məni gözləməyin. Həyatımdan bezmişəm. Bu mənim son məktubumdu”. Bu məktubu yazandan həqiqətən də nə edəcəyimi bilmirdim. Özümü öldürmək barədə də düşünürdüm. Yaxşı ki “Qırmızı Xaç” hələ məktubu ailəmizə çatdırmamışdı. Bütün prosedur qaydaları bitdikdən sonra Bərdə rayonuna gəldim. “Qırmızı Xaç”ın ofisi orada yerləşirdi. Məktubu özüm götürdüm.

Səhərisi gün gəldik Ucara, Afingilə. Onlara çatdıq ki, mağar qurulub, toydu. Afinin ailəsi sevindiyindən mağar qurdurub, yemək-içmək verirlər, bir dənə çatışmayan bəylə gəlin idi.

Sonra gəldik Bakıya. 1 ay MTN (ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyi) bizi dindirdi. 1 aydan sonra bizi azad etdilər.

Əsirlərin başına gələn oyunlar

Anar, Amil, Afin qaçdıqdan sonra öldürdükləri ermənilərin qohumları Samvel Babayanın istixanasına (parnik) hücum ediblər. Ancaq heç nə edə bilməyiblər. Oradakı azərbaycanlı əsirləri gizlədiblər, sonra isə Qırmızı Xaç istixanada işləyən əsirləri Şuşa türməsinə aparıb. Samvel Babayan Şuşa türməsinə “əsirləri elə bir günə qoyun ki, onların heç yeriməyə belə heyi olmasın” tapşırığı verib.

Anar Məmmədov danışır

– MTN bizi dindirdikdən 5-6 gün sonra Qobustan türməsinə apardılar. Biz qaçıb gəldikdən sonra “Qırmızı Xaç”ın xətti ilə əsirlərimizdən birini erməni əsirlə dəyişdirmişdilər. Biz ora getdikdən 1 gün sonra həmin adamı da Qobustan türməsinə gətirdilər. Həmin əsir Şuşa türməsində olubmuş.

Qobustan türməsinin rəis müavini bizi çağırtdırdı. Oturduq kabinetində. Həmin dəyişdirilmiş əsiri gətiriblər. Əsirlikdən gələn başladı danışmağa. Deyir, o 3 əclaf qaçmaq istəyib, qaça bilməyib. 2 ermənini öldürüblər. Ermənilər o 3 nəfəri tutub, başın kəsib. Onlara görə bizi türmədə hər gün döyürdülər, zülm edirdilər. Danışdıqca arada bizi söyürdü də. Axırda, dedik, qaqa, söhbətini elə, ancaq söymə də… (gülürük)

Sonradan əsirlikdən dəyişdirilərək gələn şəxs bilib ki, ermənilər onları aldadıb, yalandan qaçanları tutduqlarını və başlarını kəsdiklərini deyiblər.

Növbəti reportajda Əhmədov Amil və Yəhyayaev Afinin xatirlərini oxuya biləcəksiniz.

Səxavət Məmməd

COP29