“Dünya dövlətlərinin gözü qarşısında baş verən ermənilərin sürətli köç prosesi Azərbaycanın üzərinə zərrə qədər də məsuliyyət qoymur”.
Bu fikirləri Azərbaycanın öz əraziləri üzərində suverenliyini tam bərpa etməsindən sonrakı mərhələdə gözlənilən prosesləri dəyərləndirən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, baş verənlər fonunda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanması zəruridir:
“Masada ilk növbədə sülh müqaviləsinin imzalanması gözlənilir. Sülh, sərhədlərin delimitasiyası, kommunukasiyaların açılması məsələsi gündəmdəki bir nömrəli məsələdir. Zənnimcə, bu mövzular ətrafında razılıq əldə etmək mümkün olacaq.
Ancaq hazırda görünən budur ki, mövcud proseslərdə Ermənistandan daha çox Fransa və ABŞ canfəşanlıq göstərir. Onlar hər vəchlə köçüb gedən ermənilərin yenidən Qarabağa qaytarılmasına çalışacaqlar. Hesab edirəm ki, bundan bir şey çıxmayacaq.
Çünki Azərbaycan onları Qarabağdan zorla qovub çıxarmayıb. Hətta onların gedişini dayandırmağa çalışsa da, bu cəhdlər nəticə verməyib. Dünya dövlətlərinin gözü qarşısında baş verən ermənilərin sürətli köç prosesi Azərbaycanın üzərinə zərrə qədər də məsuliyyət qoymur.
Qarabağda indi müəyyən sayda erməni qalıb. Onların yaşamlarını davam etdirmələri üçün bütün zəruri şərait yaradılıb. Lakin getmək fikrində israrlı olanları zorla orada saxlamaq mümkün deyil.
Digər tərəfdən, Qarabağda qalmaq istəməyən ermənilərin özləri də bilir ki, bu və ya digər formada separatçı fəaliyyətdə iştirakları olub. Geriyə qayıtmaq istəyənlər isə ciddi surətdə araşdırılacaq. Təmiz və şəffaf keçmişə malik olanların, cinayət törətməyənlərin geri qayıtmasına icazə veriləcək.
Bölgədə suverenliyimizin tam bərpa edilməsi və Xankəndidə bayrağımızın qaldırılması böyük tarixi hadisədir. Bütün bu addımlar və əlbəttə ki ölkə prezidentinin fəaliyyəti tarixə qızıl hərflərlə həkk olunacaq”.
Səxavət Məmməd