!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Erməni silahlılarını müdafiə edən SÜLHMƏRAMLILAR: "Bəyanatın dördüncü bəndi yerinə yetirilmirsə..." - Hərbi ekspert

!Reklam – Yazi

“Rusiya sülhməramlıları 10 noyabr bəyanatının birinci bəndini səsləndirirlər, çox gözəl. O zaman zəhmət çəkib həmin bəyanatın dördüncü bəndinə də əməl etsinlər”.

Bu sözləri Qarabağdakı gərginlik, səsgücləndirici vasitələrlə psixoloji müharibə aparılmasını və Rusiya tərəfinin bəyanatın şərtlərinə əməl etməməsini şərh edən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında səsləndirib.

Rövşən Məhərrəmov bildirib ki, Ukrayna-Rusiya arasındakı müharibə bizim bölgəmizdən yan keçə bilməz:

“Qarabağda da gərginlik artıb. 10 noyabr bəyanatının dördüncü bəndinə uyğun olaraq Rusiya sülhməramlıları erməni silahlılarını ərazidən çıxarıb özləri yerləşməli idilər. 2 ilə yaxın vaxt keçməsinə baxmayaraq, dördüncü maddənin tələbləri yerinə yetirilməyib. Azərbaycanın haqqıdır ki, sülhməramlılar bu bəndi yerinə yetirmirsə, Azərbaycan özü bunu təmin etsin. Gördüyümüz kimi, Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdə atəşkəs pozulur və lokal toqquşmalar baş verir.

Azərbaycan tərəfi öz torpaqlarına doğru azan, himn, uvertüra səsləndirir. Buna Azərbaycanın haqqı var. Əslində, Rusiya sülhməramlıları işini normal görsəydi, indi Xankəndidə Azərbaycan bayrağı dalğalanırdı, himni səslənirdi. Təəssüf ki, bunu görmürük. Əksinə, bəzi ərazilərdə əkin sahəsində iş görmək adı ilə səngərlərin qazılmasını müşahidə edirik. Müdafiə zolağı yaradırlar. Buna, əlbəttə, Azərbaycan səssiz qala bilməzdi. Bu işlərin qarşısının alınması üçün tədbir görür. Azərbaycan onlara həm erməni, həm də rus dilində xəbərdarlıq edir. Azərbaycan müdafiə zolağının yaranmasına imkan verməməlidir və verməyəcəyini də düşünürəm.

Rusiya sülhməramlıları da Azərbaycan ordusuna Azərbaycan dilində 10 noyabr bəyanatınının birinci bəndini səsgücləndiricilər vasitəsi ilə çatdırır. Ancaq özlərinin yadından çıxıb ki, dördüncü bəndin həyata keçirilməsi rus sülhməramlılarının üzərindədir. Rusların öz vəzifələrini yerinə yetirməmələri azmış kimi təxribatçı hərəkətlərə də yol verirlər.

Azərbaycan hələ ki səbirlə davranır. Ancaq hər kəs bilməlidir ki, Azərbaycan öz ərazi bütövlyünü tam təmin edə bilər”.

Səxavət Məmməd

www.yenicag.az

1345
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv