Erməni vandalizmi və Azərbaycanın atmalı olduğu addımlar: “Bu vəhşiliklər cəzasız qalmamalıdır” – Yusif Bağırzadə

“Azərbaycan erməni vandalizminin cəzalandırılması üçün bütün hüquqi imkanlardan istifadə etməlidir”.

Bu sözləri Ağdamın 27 illik erməni işğaldan azad olunmasını dəyərləndirən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.

Yusif Bağırzadənin sözlərinə görə, işğalçı rejim İkinci Qarabağ müharibəsinin son günlərinədək Ağdamda qanunsuz arxeoloji qazıntılar aparıb və tapılmış artefaktlar Ermənistana daşınıb:

“Ağdam rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir. Bəyanatın şərtlərinə müvafiq olaraq, Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytardı. Bu, olduqca böyük uğur və tarixi bir hadisədir.

Lakin işğal nəticəsində ermənilər tərəfindən Ağdamda olan evlər dağıdılıb, hətta daşlar belə sökülüb aparılıb. Mədəni abidələr talan edilərək bütün infrastruktur məhv edilib, Çörək Muzeyi, Tarix Ölkəşünaslıq Muzeyi, tarzən Qurban Pirimovun Xatirə Muzeyi və Ağdam Şəkil Qalereyası, Xaçındərbənd kəndindəki 1314-cü ildə tikilmiş Qutlu Sarı Musa oğlu Künbəzi, Kəngərli kəndindəki XIV əsrə aid Türbə və Daş abidələr, Papravənd kəndində XVIII əsrə aid gümbəz və məscid, Ağdamda İmarət deyilən yerdə XVIII əsrə aid abidələr, Xan qızı Xurşidbanu Natəvanın və onun oğlunun türbələri, Şahbulaq ərazisində Şahbulaq qalası və Karvansara vəhşicəsinə dağıdılıb.

Bundan əlavə, dini ibadətgahlardan rayonun Papravənd kəndində yerləşən Şeyx Nigar, Seyid Miriş ağa, Qara Pirim və digər ziyarətgahlar darmadağın edilib. Bu vəhşilik “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarını, “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının 1999-cu il protokolunun (Ermənistan bu protokolun üzvüdür), “Arxeoloji irsin qorunması haqqında” 1992-ci il tarixli Avropa Konvensiyasının tələblərinin çox kobud şəkildə pozulmasıdır və Azərbaycan erməni vandalizminin cəzalndırılması üçün bütün hüquqi imklanlardan istifadə etməlidir.

Xüsusi olaraq qeyd etmək istəyirəm ki, bu məsələdə təkcə dövlətin rəsmi qurumlarının deyil, vətəndaş cəmiyyəti institutlarının da fəallıq göstərməsinə çox böyük ehtiyac var”.

Politoloq əminliklə vurğulayıb ki, Ağdam yenidən bərpa edilərək Azərbaycanın ən gözəl şəhərləri sırasında yer alacaq və həm bölgənin, həm də ümumilikdə ölkəmizin iqtisadi inkişafına böyük töhfələr verəcək:

“Prezidentin göstərişi ilə Ağdam rayonunun mərkəzinə çevirilmiş Quzanlı qəsəbəsində sosial obyektlər, infrastruktur və sənaye müəssisələri, insanlar üçün iş yerləri yaradılıb, infrastruktur layihələri icra olunub, böyük Olimpiya İdman Kompleksi, xəstəxana, məktəblər, Muğam Mərkəzi inşa edilib. Bundan sonra eyni fəaliyyət rayonun işğaldan azad edilmiş bütün ərazisində həyata keçiriləcək.

İşğaldan əvvəl Ağdam ağır və yüngül sənayeyə, inkişaf etmiş kənd təsərrüfatına malik bir rayon idi. Rayonda dəzgah avadanlıqları, arekosmik və rabitə cihazları, metiz – furnitur, traktor və avtomobil təmiri, asfalt, konserv, yağ-pendir, barama toxumu, pambıq, şərab və mexanikləşdirilmiş çörək zavodları, xalça fabriki, taxıl məhsulları, tikinti materialları və ət kombinatları, iki dəmir yolu vağzalı və aeroport, Üzeyir Hacıbəyli adına musiqi texnikumu, Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı və sair sosial və mədəniyyət obyektləri fəaliyyət göstərirdi.

Rayon ərazisinin 1700 hektarı meşəlik, 91,3 hektarı isə kənd təsərrüfatına yararlı torpaqlardan ibarət idi. Bütün bunların bərpa edilməsi üçün Azərbaycan kifayət qədər maliyyə ehtiyatlarına malikdir və tezliklə Ağdam rayonu yenidən Azərbaycanın ən zəngin, mədəniyyətin, aqrar sənayenin, kənd təəsrrüfatının gur inkişaf etdiyi rayonlarından birinə çevriləcək. Ümidvaram ki, qısa vaxt ərzində bizlər Ağdamın əvvəlki gücünü özünə qaytara biləcəyik”.

Gülşən Şərif