Erməni silahlı bölmələri Ağdamda Suvarma İdarəsinin əməkdaşlarının olduğu yük avtomobilini atəşə tutub.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, Ağdam rayonunun Çəmənli kəndi ərazisində nasaz olan su artezian quyusunu təmir etməyə gedən işçilər düşmən tərəfindən atəşə məruz qalıb. 02 AC 416 dövlət nömrə nişanlı, “KamAZ 43114” markalı avtomobil güllə-baran edilib.
İdarənin maşında olan 5 əməkdaşı xəsarət almasa da, avtomobil yararsız hala düşüb. Hazırda maşın hadisə yerindən çıxarılır.
İdarənin rəisi Hafiz Əzimzadə APA-nın yerli bürosuna bildirib ki, ərazidə yüzlərlə artezian quyusu var. Ermənilər kənd sakinləri ilə yanaşı, ərazidə fəaliyyət göstərən işçiləri də atəşə tuturlar.
Müdafiə Nazirliyindən APA-ya faktı təsdiq edərək bildiriblər ki, bu, Ermənistan tərəfindən mülki əhalinin hüquqlarının kobud şəkildə pozulmasına yönəlmiş məqsədyönlü təxribatıdır: “Cəbhə xəttində vəziyyət bölmələrimizin tam nəzarəti altındadır”.