!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Ermənistan sülh müqaviləsini imzalayacağı təqdirdə Qərbdən bunu tələb edir" - ŞƏRH

!Reklam – Yazi

“Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin imzalanacağı təqdirdə şəxsi həyatı və hakimiyyətinin təhlükəsizliyinin təminatı üçün Qərbdən zəmanət almaq istəyir. Təəssüf ki, heç bir dövlətin Ermənistandakı mövcud hakimiyyətə bu zəmanəti vermək istəyinin olmadığı görünür”.

Bunu Ermənistan və Azərbaycan arasında müxtəlif platformalarda sülhün əldə olunması üçün görüşlər keçirilsə də, ciddi nailiyyətin əldə olunmaması və irəliləyiş əldə etmək üçün hansı amillərin vacib olduğu haqda fikirlərini səsləndirən politoloq Anar Əliyev Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, son dövrlər Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı diplomatik trafik kifayət qədər gərgindir. Müxtəlif platformalarda iki ölkə rəsmiləri, eyni zamanda liderləri arasında danışıqlar aparılır:

“Bu görüşlər çərçivəsində müəyyən irəliləyişlərə imza atılsa da, hələ ki, sülh müqaviləsinin imzalanması üçün uyğun şərait formalaşmayıb. Ermənistanın havadarlarının təzyiqi ilə sərgilədiyi destruktiv mövqe sülh razılaşmasını sual altına salır.

May ayı ərzində həm Vaşinqton, həm Brüssel, həm də Moskvada iki ölkə rəsmiləri arasında görüşlərin keçirildiyini müşahidə etdik. Qəti mövqeyə sahib olmayan Ermənistan səbəbindən sülh müqaviləsinin imzalanması baş tutmadı.

Ermənistan indiki şəraitdə danışıqlar prosesini uzatmaqla bir sıra hədəflərinə nail olmaq istəyir. İlk olaraq baş nazir Nikol Paşinyan sülh müqaviləsinin imzalanacağı təqdirdə şəxsi həyatı və hakimiyyətinin təhlükəsizliyinin təminatı üçün Qərbdən zəmanət almaq istəyir. Təəssüf ki, heç bir dövlətin Ermənistandakı mövcud hakimiyyətə bu zəmanəti vermək istəyinin olmadığı görünür.

İkincisi isə, Ermənistan Qərb və Rusiya arasında manevrlər edərək sülh müqaviləsinin öz maraqlarına uyğun formada imzalanmasını istəyir. Lakin böyük güclərin davasında ortada qalan Ermənistan daha böyük zərbələr aldığını unudur.

Danışıqlar prosesinin uzadılmasında digər məqsədlərdən biri də yaxın aylarda keçirilməsi gözlənilən İrəvan merinin seçkiləri ilə bağlıdır. Çünki Paşinyan rəqiblərinə ona qarşı kampaniya aparmaq üçün ciddi əsaslar vermək istəmir. Sülh müqaviləsini bu seçkilərə qədər uzatmaqla qalibiyyətin əldə olunacağını hesab edirlər. İndiki şəraitdə Ermənistanda mövcud hakimiyyət üçün mer seçkiləri həyati əhəmiyyət kəsb edir. Bu səbəbdən payız aylarına qədər Ermənistanla Azərbaycan arasında ciddi razılaşmaların əldə olunacağı inandırıcı görünmür.

Sülh danışıqlarını, təbii ki, sonsuzluğa qədər uzatmaq da mümkün deyil. Qərb Rusiyanın Cənubi Qafqazda təsir imkanlarının azaldılmasında başlıca maneə kimi Ermənistan-Azərbaycan arasında imzalanmayan sülh müqaviləsini görür. İki ölkə arasında əldə olunacaq sülh razılaşması Rusiyanın regionda təsir imkanlarının azalmasına köklü şəkildə təsir edəcək. Bu səbəbdən Ermənistana təzyiqlər göstərərək müqavilənin imzalanmasını tezləşdirməyə çalışırlar.

İlin sonuna qədər sülh müqaviləsinin ilkin şərtlərinin və razılaşmaların əldə olunması mümkündür. Lakin bunun üçün atılması zəruri sayılan addımlar var. Sülh istəyən ABŞ və Avropa institutları bu prosesdə daha aktiv fəaliyyət göstərməlidirlər. Ermənistana təzyiqləri artırmalı, sülh müqaviləsi imzalanacağı təqdirdə yaranacaq təhlükənin qarşısının alınacağı ilə bağlı təminat verməlidirlər.

Erməni cəmiyyətində təbliğat işləri aparılmalıdır. Avropaya çıxışlarının, iqtisadiyyatlarının yüksəlişinin, Türkiyə ilə münasibətlərin yüksək səviyyədə qurulması üçün Azərbaycanla əlaqələrinin normallaşdırılmasının vacibliyi aşılanmalıdır. Ermənistan mətbuatından son dövrlər bu istiqamətdə addımların atıldığı ilə bağlı xəbərlər müşahidə olunur. Paşinyanın Türkiyənin yenidən prezidenti seçilən Rəcəp Tayyib Ərdoğanın andiçmə mərasimində iştirakı məhz bu məqsədə hesablanıb”.

Nəsimi Ələsgərli

www.yenicag.az

378
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv