!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanda AKSİYALAR: Etirazçılar əsas yolu bağladı – Kənardan idarə olunan nümayişlər

!Reklam – Yazi

“Ermənistan cəmiyyəti böyük ölçüdə artıq həmin kəndlərin Azərbaycana geri qaytarılması məsələsi ilə razılaşıb”.

Bu sözləri Yenicag.az-la söhbətində politoloq Oktay Qasımov deyib.

Analitik Qazaxın işğalda olan 4 kəndinin qaytarılması fonunda sərhədyanı Əskipara kənd sakinlərinin dünəndən davam edən etirazlarına münasibət bildirib.

Hadisələri şərh edən analitik isə xatırladıb ki, 2 aya yaxın müddət ərzində Paşinyan və komandasında, o cümlədən erməni mediasında aparılan müzakirələr gətirib bu nəticəyə çıxardı.
“Diqqət etsək, görərik ki, son dövrlər hakim partiyadan olan deputatlar bu məsələ ilə bağlı konkret mövqe ortaya qoyublar. Bu baxımdan, prosesin geri dönüşü yoxdur və kəndlər qaytarılacaq.

O ki qaldı bölgədə keçirilən aksiyalara, biz bilirik ki, bu aksiyalar daha çox kənardan gələn müxalifət və qeyd olunan millətçi-radikal kəsimin təhriki ilə həyata keçirilən aksiyalardır.

Amma, nəzərə alsaq ki, Ermənistan cəmiyyətindəki revanşist-millətçi kəsim, o cümlədən müxalifət qüvvələri nə qədər bu prosesə etiraz etsələr də, onların kəndlərin qaytarılmasının qarşısını alması artıq yetərli deyil”, – politoloq deyib.

Onun fikrincə, Paşinyan artıq Ermənistanda əsas güc sahibidir, dövlət qurumlarının əhəmiyyətli hissəsində, eləcə də güc strukturlarında baş nazir xeyli dərəcədə öz mövqelərini möhkəmləndirib:

“Hazırda ona qarşı çıxan qüvvələr artıq xeyli dərəcədə marginallaşıblar. Bu baxımdan, dünəndən davam edən kəndlilərin etiraz aksiyalarının miqyasına baxsaq, baş verənlər onu deməyə əsas verir ki, Ermənistan hakimiyyəti prosesi hansısa əlavə gərginlik yaratmadan həll etməyə çalışır. Təbii ki, belə etirazların olması Ermənistan hakimiyyətinin də maraqlarına cavab verir. Onlar bunu dünyaya göstərməyə çalışırlar ki, guya Ermənistanda bu proseslərin əleyhdarları kifayət qədər çoxdur, onlar bu prosesi əngəlləməyə qadirdirlər, ona görə də Ermənistan hakimiyyəti kifayət qədər daxili təzyiqlərlə üz-üzədir”.

Politoloq hesab edir ki, burada həqiqət payı yüksək olmasa da, müəyyən qədər var:
“Belə aksiyalar Paşinyana manevr etmək üçün müəyyən imkanlar yaradır. Lakin bütün bunların hamısına baxmayaraq, artıq Ermənistan polisinin xüsusi təyinatlı qüvvələri bölgəyə gəliblər və oradakı yarımhərbi terrorçu təşkilat olan “Döyüş Qardaşlığı” qruplaşmasının nümayəndələrini saxlayıblar. Xüsusilə də bölgədə aktivlik edən məhz həmin təşkilatın üzvləridir, amma onların prosesə təsir etmək imkanları kifayət qədər məhduddur və onlar bunu əngəlləyə bilməzlər”.

Analitik əmindir ki, Paşinyan hakimiyyəti ciddi şəkildə iradə ortaya qoysa, orada nəzərdə tutulan bütün proseslər qeyd olunan vaxtda – 15 maya qədər öz həllini tapa bilər:

“Dünən etiraz aksiyalarında əsas şüarlardan və tezislərdən biri ərazidə qurulmuş müdafiə sistemlərinin yerinin dəyişdirilməsi və ərazinin minalardan təmizlənməsinə aid idi ki, etirazlar da bu yöndə səslənirdi. Burada Ermənistan hakimiyyətinin marginallaşmış qrupların iradəsini qırmaq üçün yetərli gücə sahibdir. Hesab edirəm ki, onlar prosesləri öz üzərlərinə götürdüyü öhdəlik kimi yerinə yetirməlidir. Yəni Ermənistan hakimiyyətinin qarşısında 20-25 günlük müddət var ki, 4 kəndin qaytarılması, ərazinin minalardan təmizlənməsi və təhvil-təslim prosesləri həyata keçsin. Qısacası, Əskiparadakı etiraz aksiyalarının prosesi əngəlləyəcəyini düşünmürəm”.

Xatırladaq ki, etirazçılar 4 kənd istiqamətdə qurulmuş müdafiə sədlərinin dağıdılması, o cümlədən ərazinin minalardan təmizlənməsinə qarşı olaraq dünən gecədən Əskipara-Güney yolunu bağlayıblar.

Rafi Müslümov

www.yenicag.az

131
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv