“Qonşu dövlətlərin torpağından ərazi əldə etməyə çalışmaq Ermənistan üçün yalnız fəlakətə gedən yol ola bilər”.
Bunu Ermənistanda 2026-cı ilə qədər gözlənilən konstitusiya dəyişikliyinin mümkün nəticələrindən danışan Milli Məclisin deputatı Fazil Mustafa Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, konstitusiya ilə bağlı dəyişikliklər Azərbaycan və Türkiyənin istəyi üzrə müəyyən problemlərin həllinə xidmət edəcək:
“Çünki Ermənistan işğalçı və aqressiv dövlət imicindən özünü qurtarmalıdır. Əks halda, heç kəs ona güvənməyəcək. Əgər qonşu ölkələrlə əməkdaşlıq və normal münasibətlər əldə etmək istəyirlərsə, özünü təhlükəli obrazda göstərməkdən uzaqlaşmalıdır. Konstitusiya dəyişikliyi də məhz buna xidmət edir. Nəyi dəyişib-dəyişməyəcəkləri isə öz işləridir, bizə əsas olan Azərbaycan və Türkiyənin qane olmasıdır, yoxsa bu dəyişikliyin mənası qalmayacaq.
Ermənistanın gələcəyi ilə bağlı bu məsələlər həlledici əhəmiyyət daşıyır. Qonşu dövlətlərin torpağından ərazi əldə etməyə çalışmaq Ermənistan üçün yalnız fəlakətə gedən yol ola bilər. Həmin yoldan imtina üçün belə addımın atılmasını indiki siyasi elita məqsədəuyğun sayır. Çox güman ki, bunu cəmiyyətə doğru izah edə biləcəklər. Nəticədə isə xəstələnmiş erməni toplumu ən azından yeni dünya və gələcək üçün perspektivlər ortaya qoyacaq”.
Nəsimi Ələsgərli
www.yenicag.az