!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanda SORĞU: "Ermənilər Rusiyanı yox, Fransanı dost, tərəfdaş və müttəfiq kimi görür"

!Reklam – Yazi

Ermənistanda keçirilən sorğu nəticələri açıqlanıb: ermənilər Fransanı alqışlayır və Rusiya ilə vidalaşır.

Yenicag.az erməni ediasına istinadla xəbər verir ki, noyabrın 1-4-də GALLUP Beynəlxalq Assosiasiyasının Ermənistan nümayəndəliyi sorğu keçirib. 1100 respondentin iştirak etdiyi sorğuya əsasən, getdikcə daha az Ermənistan vətəndaşı Rusiyanı dost, tərəfdaş və müttəfiq kimi görür.

Sorğunun nəticələrini erməni analitik Tevos Arşakyan şərh edib:

“Rusiya bizə kömək etməyə tələsmir. Amma o, yuxuda da Ermənistanı necə özünə yaxın tutacağını, ölkəmizdə hərbi və iqtisadi mövcudluğunu necə gücləndirəcəyini görür. Rusiya özünün, Azərbaycanın və Türkiyənin maraqları naminə ərazi bütövlüyümüzü qurban verməyə hazırdır.

Ermənistandakı sorğunun nəticələri bizim əsas “hərbi-siyasi müttəfiqimiz” üçün olduqca xoşagəlməz oldu.

Sorğunun nəticələrinə görə, Ermənistanda respondentlərin 41,1 faizi Fransadan, 23 faizi ABŞ-dən, 21,3 faizi Hindistandan, 18,7 faizi İrandan, 14,4 faizi Rusiyadan, 1,8 faizi Çindən hərbi-siyasi yardım gözləyir. Bu nə deməkdir?

Bu isə Rusiyanın Ermənistana silsilə xəyanətlərinin təbii nəticəsindən xəbər verir. Hansı ki, nə 2016-cı ildə, nə 2020-ci ildə, nə də sonrakı illərdə müdaxilə etdi. Moskva açıq şəkildə bizə göstərdi ki, ermənilərə görə Azərbaycan və Türkiyə ilə dava etməyəcək. Onlar Rusiya üçün erməni dövlətindən daha vacib oldular. Ona görə də ermənilərin Rusiyaya etibarını dayandırması təəccüblü deyil.

Belə görünür ki, Ermənistanda müntəzəm ictimai rəy sorğuları ruslara inamın durmadan azaldığını göstərəndə, ruslar bu barədə düşünməli və davranışlarına düzəliş etməlidirlər. Amma yox, Moskvada həmişəki kimi Ermənistanın qaçmayacağına inanmağa davam edirlər. Bu, kökündən yanlış fikirdir. Coğrafi baxımdan təbii ki, biz öz yerimizdə qalacağıq, Rusiya öz yerində qalacaq. Amma geosiyasi, hərbi-texniki və siyasi əməkdaşlıq baxımından hər şey dəyişə bilər.

Prinsipcə, artıq dəyişir. Moskvanın belə sevmədiyi Paşinyanın başçılıq etdiyi indiki Ermənistan hökuməti artıq açıq şəkildə çoxvektorluluqdan danışır, çoxqütblülük prinsiplərini Ermənistana proyeksiya edir. O, həm Ermənistanda, həm də Qərb mətbuatına müsahibələrində ölkəmizin təhlükəsizlik sahəsində Rusiyadan birtərəfli asılılığının səhv olduğunu vurğulayır. Bu səhv Moskvanın himayədarları – Koçaryan və Sarkisyanın hakimiyyətinin nəticəsidir ki, onlar prezidentlik və şəxsi varlanma naminə Ermənistanın suverenliyini satıblar.


Amma indi hər şey aydınlaşıb və Ermənistan Rusiyanı nəzərə almadan öz təhlükəsizlik sistemini qurur. Təsadüfi deyil ki, 2020-ci ildən başlayaraq Ermənistan KTMT-nin birgə təlimlərinə məhəl qoymur. Paşinyan nümayişkaranə şəkildə KTMT-nin birgə bəyannaməsini imzalamaqdan imtina edir. Və getdikcə nəinki təşkilatı tərk etmək, hətta Rusiya qoşunlarının bizim ərazilərdən çıxarılmasına eyham vurur. Məsələn, bu yaxınlarda Armen Qriqoryan MDB üzvü olan ölkələrin təhlükəsizlik şuraları rəhbərlərinin iclasında iştirakdan imtina edəndə Rusiyadan narazılığımızı bir daha nümayiş etdirdik. Əvəzində o, İrəvanda ABŞ dövlət katibinin Qafqaz üzrə danışıqlar üzrə baş müşaviri, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Lui Bononu qəbul edib.


Şəxsən mən soydaşlarımızın Fransadan hərbi-siyasi yardım gözləntilərinin Rusiyadan qat-qat yüksək olduğu sorğunun nəticələrinə heç də təəccüblənmirəm. Baxın, hətta İrandan Moskvadan daha çox kömək gözləyirik. Armen Qriqoryanın bir gün əvvəl qeyd etdiyi kimi, Ermənistan həqiqətən də Fransa ilə hərbi sahədə əməkdaşlıqda böyük irəliləyiş əldə edib.

Üstəlik, Rusiya, Aİ, Türkiyə və Azərbaycanın bəzi qüvvələrinin müqavimətinə baxmayaraq, Paris Ermənistanın maraqlarını israrla müdafiə etməkdə davam edir. Bəzi məqamlarda hətta rəsmi İrəvanın özündən də çox. Amma burada çəki dərəcələri özünü hiss etdirir. Rusiya belə bir şeyə işarə edirmi? Əlbəttə yox. O, yatıb yuxuda görür ki, Ermənistanı necə özünə yaxın tutsun, ölkəmizdə hərbi-iqtisadi mövcudluğunu necə gücləndirsin. Özünün, Azərbaycanın və Türkiyənin maraqları naminə ərazi bütövlüyümüzü, suverenliyimizi qurban verməyə hazırdır. Mən rusların özlərinin idarə edəcəkləri Ermənistan ərazisindən keçən Meğri dəhlizi ilə bağlı manyak istəklərindən danışıram.


Bəli, cibinizi daha geniş açın. Əgər belədirsə, o zaman Kalininqraddan Rusiyaya Litvadan keçən dəhlizə ermənilər nəzarət etməlidir. Xüsusən ona görə ki, biz artıq müvafiq bölmə yaratmışıq və kömək edə bilərik. Bu, sadəcə bir zarafatdır, əlbəttə.

Amma ümumilikdə cəmiyyətimizdə açıq-aydın mənzərə yaranır. Getdikcə daha az erməni ölkənin təhlükəsizliyini Rusiya ilə deyil, Fransa və ABŞ ilə əlaqələndirir. Sadəcə ona görə ki, biz xəyanətlərdən bezmişik. Maraqlarımıza məhəl qoymamaqdan bezmişik. Rusiyanın bizimlə etibarlı əlaqələr quran  Paris və Vaşinqtondan fərqli olaraq, etdiyi də məhz budur”.

Xuraman Etibarlı

www.yenicag.az

185
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv