!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanı oyundankənar vəziyyətə salacaq müqavilə: Rusiya ilə sazişin PƏRDƏARXASI

!Reklam – Yazi

Rusiya ilə Azərbaycan arasında strateji müttəfiqlik müqaviləsi bağlanmamış, sənədin detalları müəyyən olmamış, artıq bir çoxları qaralar bağlayıb. Az qalır ki, ölkə əldən gedir deyib yas tutsunlar. Əslində isə Azərbaycanla Rusiya hər zaman tərəfdaş olub.

Azərbaycan silahlı qüvvələrinin silah arsenalının 70 faizdən çoxu Rusiya istehsalı olan silahlardır. Bunu rəsmi olaraq hər zaman istər Azərbaycan tərəfi, istərsə də Rusiya tərəfi bəyan edib.

Ümumiyyətlə, dövlətlər arası müqavilələrin, xüsusən də bu müqavilə müttəfiqlik müqaviləsidirsə, onun hazırlanması qısa zamanda baş tutmur. Bunun üçün komissiyalar yaradılır, geosiyasi vəziyyət nəzərdən keçirilir. Azərbaycan bir müddət əvvəl Şuşa Bəyannaməsi imzaladı. Bu sənəd də qısa zamanda ortaya çıxmamışdı. Azərbaycan Türkiyə ilə müqavilə bağlayaraq, özünün təhlükəsizliyini qarantiyaya almışdı. Bu cür ağır regionda və böyük ölkələrin geosiyasi maraqlarının kəsişdiyi bölgədə dövlətlər təkcə öz silahlı qüvvələrinə deyil, həm də müttəfiqlərinə güvənmək məcburiyyətindədir. Bu tip sənədlər o anlama gəlmir ki, hansısa ölkə digəri üzərində üstünlük qazanacaq. Dövlətlər yenə də öz müstəqil siyasətini həyata keçirəcək, yalnız müttəfiq dövlətlərdən biri üçün təhlükə yaranarsa, o zaman dəstək verməli olacaq.

Azərbaycanın Rusiya ilə müttəfiqlik müqaviləsi imzalaması həm də o anlama gəlir ki, Ermənistan Azərbaycanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə hədələyə bilməz. Bundan əlavə, hər təxribatdan sonra Azərbaycan cavab zərbələri endirəndə, Rusiyanı əraziyə səsləyə bilməz. Daha dəqiq desək, Azərbaycanı Rusiya ilə 1997-ci ildəki müqavilə ilə təhdid etmək artıq tarixə qovuşur. Çünki Azərbaycan Rusiya ilə müttəfiqlik müqaviləsi bağlamaqla Ermənistanın da əlini-qolunu bağlamış olacaq. Bu günlərə qədər Rusiya 1997-ci ildə bağlanmış müqaviləyə sadiq olduğunu deyib, haradasa Azərbaycanı nələrdənsə çəkindirməyə çalışsa da, artıq Azərbaycanla da müttəfiq olacaq. Bu isə onsuzda faktiki olaraq blokadada olan Ermənistanı de-yuri də bloklamaq anlamına gələcək.

Dünyada qütbləşmənin sürətlə getdiyi bir zamanda, ölkələrin öz tərəfini seçdiyi bir zamanda Azərbaycan Qoşulmama Hərəkatının üzvü və sədridir. Azərbaycan 90-cı illərin ortalarından başlayaraq balanslaşdırılmış siyasət yürüdüb. Dünyada çox az ölkələrdəndir ki, hər iki qütblə eyni məsafədə davranıb. Elə bunun nəticəsi idi ki, Vətən müharibəsi zamanı Rusiya Ermənistanla müttəfiq olsa da, heç bir müdaxilə etmədi, Qərb ölkələri isə Azərbaycanı haqq işində dəstəklədi. Bir çoxları isə susmaq məcburiyyətində qaldı. Ermənistanla eyni blokda olan ölkələr belə rəsmi İrəvana dəstək vermədi. Bunun tək səbəbi isə Ermənistanın sürüşkən, tez-tez mövqe dəyişmə siyasəti oldu.

Azərbaycan bölgədəki gərgin vəziyyətdə Rusiya ilə də müttəfiqlik müqaviləsi bağlamaqla, əslində ərazi bütövlüyünü, müstəqilliyini və təhlükəsizliyini sığortalayır. Türkiyədən sonra Rusiya ilə də belə bir müqavilənin imzalanması Azərbaycanın bölgədəki mövqeyini daha da gücləndirmiş olur.

Bu müqavilədən narahat olan insanlara xatırlatmaq istəyirik ki, Rusiyadan öncə Azərbaycan Türkiyə ilə müttəfiqlik müqaviləsi bağlayıb. Ordusunu Türkiyə modelinə keçirir. Bundan əlavə Azərbaycan yaxın zamanda Avropa İttifaqı ilə də ikitərəfli saziş imzalayacaq. Əgər Moskva bəyannaməsi Azərbaycanın əlini-qolunu bağlayacaqdısa, Avropa İttifaqı ilə ikitərəfli saziş necə imzalayacaq? Demək ki, Rusiya ilə imzalanacaq müqavilə bərəbarhüquqludur və ölkələrin müstəqil siyasət həyata keçirməsinə mane olmur. Bu isə hazırkı geosiyasi vəziyyətdə çox çətindir. Azərbaycan isə belə çətin vəziyyətdən məharətlə öz xeyrinə istifadə edə bilir.

İsmayıl Yusifoğlu

www.yenicag.az

1350
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv