!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanın Baş nazirinə qəsd SSENARİSİ: "Sülh prosesini uzatmaq üçün həm Paşinyanın özü tərəfindən, həm də..."

!Reklam – Yazi

“Ola bilər ki, bu xəbər dezinformasiyadır və Paşinyan hökuməti tərəfindən qəsdən dövriyəyə buraxılaraq sülh prosesini uzatmaq məqsədi daşıyır”.

Bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı sui-qəsd cəhdi haqqında yayılan xəbərlərin Azərbaycanla sülh prosesinə mümkün təsirindən danışan politoloq Rəfail Becanov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, müəyyən zaman kəsiyində belə informasiyaların yayılmasının şahidi oluruq:

“İndiki xəbərlərin də səhih olub-olmamasından asılı olmayaraq, nəzəri cəhətdən mümkündür. Ola bilsin ki, həqiqətən, belə bir informasiya var və xüsusi xidmət orqanları onu əldə edə bilib. Amma o da ola bilər ki, bu, dezinformasiyadır, Paşinyan hökuməti tərəfindən qəsdən dövriyəyə buraxılıb və sülh prosesini uzatmaq məqsədi daşıyır. Çünki Ermənistanda artıq belə bir praktika var. 27 oktyabr 1999-cu ildə bir neçə terrorçu Ermənistan parlamentinin binasına daxil olaraq spiker Karen Dəmirçiyanı, baş nazir Vazgen Sarkisyanı və digər şəxsləri güllələdi. Bu hadisə ATƏT-in İstanbulda keçirilən zirvə toplantısında ABŞ-nin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında ilkin sülh sazişinin razılaşdırılmasının gözlənildiyi vaxta təsadüf edirdi. Təbii ki, indi də eyni ssenari qurula və icra oluna bilər.

Paşinyan müharibəni uduzub, kapitulyasiya aktını imzalayıb. İndi isə vaxt itirmədən ərazi bütövlüyünün tanınması, sərhədlərin delimitasiya və demarkasiyası prosesi başlanmalıdır. Eyni zamanda, Paşinyan hökuməti 10 noyabr üçtərəfli bəyanatının Zəngəzur dəhlizi ilə bağlı bəndini də icra etməyə borcludur. Yəni proses sona doğru gedir və Ermənistanın prosesdən qaçmaq imkanları tükənib.

Sülh prosesini uzatmaq üçün həm Paşinyanın özü tərəfindən, həm də opponentləri tərəfindən belə sui-qəsd ssenarilərinin qurulması mümkün varinatlardan biridir. Bu ssenari Paşinyanın özü tərəfindən qurulsa, sələfi Köçəryanın taktikası olacaq. Köçəryan da o zaman parlament gülləbaranını törətməklə prosesdən yayındı. Lakin diqqətdən qaçırmaq olmaz ki, eyni ssenarini Paşinyanın opponenetləri də qura bilər. Paşinyanın opponentləri dərk edirlər ki, zəifdirlər, dinc metodlarla, xalq etirazları ilə Paşinyana qalib gəlməyi bacarmırlar.

Nəticəsindən və kimin planlamasından asılı olmayaraq, sui-qəsdə cəhd olarsa, bu, sülh prosesinə təsirsiz ötüşməyəcək. Sülh prosesinin yekun nəticəsi sülh müqaviləsidir və bu müqavilə parlamentdə ratifikasiya edilməlidir. Paşinyan sülh müqaviləsini imzalayarsa, onu həm də Ermənistan parlamentində ratifikasiya etdirməlidir. Ona görə ermənilər hiyləgərliklə bütün vasitələrdən istifadə edə bilərlər ki, sülh prosesini uzatsınlar. Sui-qəsd də o variantlardan biridir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

430
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv