!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanın insanlıq əleyhinə cinayətləri: Laçın-Xankəndi yolundakı aksiyanın dünyada əksi - TƏHLİL

!Reklam – Yazi

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbənin üzərindən 2 ildən çox vaxt keçməsinə baxmayaraq, torpaqlarımızı illərlə işğal altında saxlayan, insanları dədə-baba yurdundan didərgin salan Ermənistan savaşı sonlandıran bəyanata, üçtərəfli görüşlərdə əldə edilən razılaşmalara uymamaqla birlikdə, provokativ addımlar atmağa da davam edir.

Ermənistan hələ kapitulyasiya aktını imzaladıqdan sonra təyin edilmiş vaxtlarda işğal altında saxlanılan Azərbaycan ərazilərini tərk edərkən belə müxtəlif vəhşiliklər törədərək ekologiyaya bərpası çətin ziyan vurmuş, evləri, meşələri yandıraraq bütün dünyaya öz xislətini nümayiş etdirmişdi. Bundan başqa, ötən əsrin 90-cı illərində azərbaycanlılara qarşı soyqırımı və qətliamlar törətmiş Emrənistan 44 günlük müharibə dönəmində yenə də mülki şəxsləri hədəf alaraq yüzlərlə məsum insanı öldürmüş, beynəlxalq hüquqazidd davranışlarla insanlıq əleyhinə cinayət törətmişdir.

Təbii, işğal faktına son verilməmişdən öncə davam edən 30 ilə yaxın müddətdə Ermənistan yeraltı və yerüstü sərvətlərimizi də talayaraq “din qardaşı”mız olan cənub qoşumuz İranla birlikdə Azərbaycana məxsus tarixi, mədəni, irsi abidələri məhv edib. İşğal faktına “Dəmir yumruq”la son qoyulduqdan sonra Azərbaycan torpaqlarındakı sərvətlərin illərlə talan edilməsilə bağlı yoxlamalar aparılaraq müvafiq sübutların yer aldığı sənədlər beynəlxalq qurumlara göndərilib, erməni vandallığının bütün dünyaya çatdırılması istiqamətində güclü iş aparılıb və bu iş bu gün də davam etməkdədir.

Bütün bunlara baxmayaraq, Azərbaycan beynəlxalq prinsipləri rəhbər tutaraq Ermənistanla uzlaşma istiqamətində addmlar atma niyyətini açıq şəkildə bəlli etsə də, aldığı məğlubiyyəti həzm etməyən rəsmi İrəvan qeyri-konstruktiv davranışlarına son vermir. Ermənistan rəhbərliyi bu tutumu ilə yaxın keçmişdə Azərbaycan ordusunun həyata keçirdiyi antiterror əməliyyatlarının hüquqi əsasını yaratmaqla bərabər, bunun cəmiyyətdə necə qarşılanacağını da hesablamama kimi siyasi səriştəsizlik nümayiş etdirir. Lakin Azərbaycanın məcbur qalmadığı müddətcə güc yoluna baş vurmayacağı da barizdir. Fəqət Müzəffər Ali Baş Komandan İlham Əliyevin də dediyi kimi, “Dəmir yumruq” yerindədir və hər an Ermənistanın başına endirilə bilər.

Ermənistanın bu uzlaşmaz davranışları davam etdiyi məqamda, qeyd olunduğu kimi, işğal zamanında, müharibə davam edərkən və savaş bitdikdən sonra törədilmiş cinayətlərlə bağlı kəskin addımlar atılmaqdadır. İlk növbədə, bütün faktlar beynəlxalq qurumlara göndərilir, Azərbaycanın mövzu ilə bağlı müraciətləri Birləşmiş Millətlər Təşkilatının rəsmi sənədi kimi dərc olunur. Burada Azərbaycan diplomatları, qeyri-hökumət təşkilatları, dünyada yaşayan azərbaycanlıların da danılmaz səyi vardır. Lakin bu işin hərəkətverici qüvvəsini Müzəffər Ali Baş Komandan İlham Əliyev təşkil edir. Müharibə dönəmində həqiqətlərin dünyaya çatdırılması ilə bağlı gərgin iş aparan, onlarla xarici televiziyaya müsahibə verən İlham Əliyev bu fəaliyyətini müharibədən sonra keçən vaxt ərzində də davam etdirir. İlham Əliyev ən son Davosda dünya liderlərilə görüşlərində də Azərbaycanın danışıqlar prosesinə sadiq qaldığını bir daha vurğulayıb.

Görüşlərində azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda keçirdiyi dinc aksiya haqqında siyasətçiləri məlumatlandıran Prezident Ermənistanın yolun guya blokadada olması barədə yalan məlumatlar yaydığını və beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışdığını qeyd edərək, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarının Azərbaycan ictimaiyyətinin və vətəndaş cəmiyyəti təşkilatlarının haqlı narazılığına səbəb olduğunu bildirib.

Ermənilərin törətdikləri ekoloji terrora qarşı bu gün də davam edən Laçın-Xankəndi yolundakı aksiya, Prezidentin də qeyd etdiyi kimi, toplumun haqlı narazılığının təzahürüdür. Ermənistanın bütün vəhşi flora və faunanın populyasiyalarını qorumaqla bağlı Bern Konvensiyasından irəli gələn hüquqi öhdəliklərini, xüsusilə də vəhşi flora və fauna mühitinin qorunub saxlanılmasını, bərpasını və təkmilləşdirilməsini təmin etmək üzrə öhdəliyini kobud surətdə pozmasından, yeraltı və yerüstü sərvətləri talamasından irəli gələn aksiya Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı dünya ictimaiyyətinin diqqətini cəlb etmək baxımından böyük uğur qazanıb. Hərçənd Ermənistan dinc aksiyanı az qala insanlıq əleyhinə cinayət kimi qələmə verməyə çalışsa da, rəsmi İrəvanın atdığı addımların artıq dünya ictimaiyyətində ikrah oyatdığı aşkardır.

Bu gün azərbaycanlı ekofəalların aksiyası davam edir və onların hər biri bu aksiyaların aralıqsız davam edəcəyini vurğulayır. Azərbaycan cəmiyyəti də bu aksiyaların nəticəliliyinə inancını hər daim ifadə edir.

Göründüyü kimi, Vətən müharibəsində qazanılmış Zəfərdən ötən 2 ildə həm diplomatik sahədə, həm də cəmiyyətdə Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlərin ifşası baxımından böyük işlər görülüb. Azərbaycan xalqının gücünü arxasında hiss edən hakimiyyət də qərarlı addımlarını atmağa davam edir. Bu da, əlbəttə, müharibədən sonrakı yeni siyasi reallığa uyğun diplomatik gedişlərin təsirliliyini artırmaqdadır.

Gülşən Şərif

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

449
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv