Ermənistanın son “nəfəsliyi” də bağlanır: İrəvanın narahatlığı əsassız deyil

Azərbaycan Silahlı Qüvvələrinin növbəti genişmiqyaslı hərbi təlimləri və Rusiyadan alınmış silah-sursatın yeni partiyasının ölkəyə gətirilməsi işğalçı Ermənistanın narahatlığını artırıb.

Yenicag.Az xəbər verir ki, Azərbaycan Ordusunun ötən həftə başlayan və bir neçə gün davam edən hərbi təlimlərində şəxsi heyət mürəkkəb döyüş tapşırıqlarını yüksək səviyyədə “məşq edib”.

Cəbhə bölgəsində baş tutan bu təlimlər Ermənistanın siyasi və hərbi rəhbərliyinin ciddi narahatlığına səbəb olub. İşğalçı ölkə təmsilçiləri yerli mediaya açıqlamalarında bununla bağlı narahatlıqlarını açıq şəkildə büruzə veriblər.

Bu günlərdə Azərbaycanın Rusiyaya sifariş verdiyi müxtəlif silah və hərbi texnikanın növbəti partiyasının ölkəyə daxil olması Ermənistan cəmiyyətində aşkar vahimə yaradıb. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək üçün müharibəyə başlamasının zaman məsələsi olduğunu başa düşən Ermənistan artıq əsas himayədarı olan Rusiyanı da “xəyanət”də günahlandırmaqdadır.

Ordumuzun son hərbi təlimlərini və Ermənistanda hökm sürən panik atmosferi Yenicag.Az-a dəyərləndirən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Azərbaycan Ordusunun ardıcıl təlimləri, əsgərlərimizin mövcud döyüş hazırlığı düşmənin psixoloji müvazinətini sarsıdıb:

“Azərbaycanın keçirtdiyi genişmiqyaslı son hərbi təlimlər mahiyyət etibarilə Ordumuzun sırf döyüş hazırlığı kimi dəyərləndirilə bilər. 23 min nəfərlik şəxsi heyət, yüzlərlə hərbi texnika, ən müasir raket-artilleriya sistemləri və aviasiyanın cəlb olunduğu bu təlimlər silahlı qüvvələrimizin döyüş hazırlığının yoxlanılması və əlbəttə ki, artırılması baxımından çox əhəmiyyətlidir.

Ümumiyyətlə, bu təlimlər əvvəldən hazırlanmış plan üzrə keçirilsə də, qarşıya qoyulan vəzifələrdə müəyyən dəyişikliklər olur. Yəni hər təlimdən təlimə verilən tapşırıqlar sadədən mürəkkəbə doğru dəyişir. Son təlimlər də Ordumuzun müxtəlif qoşun növləri arasında koordinasiyanı, həmçinin tapşırıqların yüksək dəqiqlik və nəzərdə tutulan müddət ərzində yerinə yetirilməsini qiymətləndirməyə imkan verdi.

Qeyd olunmalıdır ki, təlimlərin nəticələri Ordumuzun istənilən döyüş tapşırığını yüksək əzmlə yerinə yetirmək qabiliyyətində olduğunu təsdiqləyir. Doğrudur, təlimlər real döyüş əməliyyatları deyil. Lakin Ordunun ümumi hazırlıq səviyyəsinin müəyyənləşməsi üçün təlimlərin alternativi yoxdur. Şəxsi heyətin döyüş hazırlığının yüksək olması da sözsüz ki, müntəzəm təlimlərin nəticəsidir.

Sözsüz ki, bütün bunlar və Azərbaycan əsgərinin döyüş ruhu düşməni narahat etməyə bilməz. İşğalçı ölkədən bu təlimlərə verilən reaksiyalar da göstərir ki, Ermənistan Azərbaycanın hərbi əməliyyatları bərpa edə biləcəyindən çox narahatdır. Eyni zamanda, Azərbaycanın öz hərbi arsenalını fasiləsiz olaraq gücləndirməsi düşmən ölkənin narahatlığını daha da artırır.

Təbii ki, Ermənistanın narahatlığı əsassız deyil. Ordudakı vəziyyəti bilən şəxs kimi əminliklə deyirəm ki, Azərbaycan əsgəri ölkəmizin ərazi bütövlüyünü bərpa etmək və ən çətin döyüş tapşırıqlarının öhdəsindən gəlmək qüdrətindədir”.

A.Zeynalov
Yenicag.Az

COP29