Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qarşısındakı dövlət bayraqlarından biri səhv asılıb.
Yenicag.az xəbər verir ki, Xidmətin qarşısındakı bayraqlardan biri tərs asılıb, yəni mavi- qırmızı-yaşıl əvəzinə, bayrağın rəngi yaşıl-qırmızı-mavi rənglərdədir.
Məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat xidməti ilə əlaqə saxladıq.
Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tofiq Əzizov bildirib ki, mexaniki qüsuru bir an öncə həll edəcəklər.
Qeyd edək ki, ölkəmizdə dövlət bayrağından istifadə qaydaları barədə mükəmməl qanunvericilik bazası yaradılıb. 2004-cü ildə “Azərbaycan Respublikası dövlət bayrağının istifadəsi qaydaları haqqında” Qanun qəbul edilib. 2005-ci ildə Nazirlər Kabinetinin qərarı ilə “Azərbaycan Respublikası dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları” təsdiq olunub. 2013-cü ildə isə Nazirlər Kabineti “Azərbaycan Respublikası dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları”nda dəyişiklik edilməsi haqqında” qərar qəbul edib. Dövlət bayrağı ya bayraq dirəyinin, ya da xüsusi tutqaclara bərkidilən dəstək üzərində qaldırılır. Bu zaman bayrağın mavi zolağı dirəyin uc tərəfi istiqamətində olmalıdır. Azərbaycan Respublikasının dövlət bayrağından düzgün istifadə edilməsi hər kəsin vətəndaşlıq borcudur.