Əsir düşən hərbçilərin gündəmə gətirdiyi BQXK: Qurum əsgərlərimizin geri qaytarılması üçün hansı işləri görür? – RƏSMİ AÇIQLAMA

Azərbaycan ordusunun iki əsgərinin azaraq Ermənistan tərəfinə keçməsi, onlardan birinə ağır işgəncə verilməsi, daha sonra haqlarında cinayət işinin başladılması beynəlxalq humanitar hüququ gündəmə gətirdi.

Baş vermiş hadisədən sonra ən çox tənqid hədəfinə çevrilən qurumlardan biri də Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) oldu. Nədənsə, insanlar elə düşünürlər ki, BQXK dövlətlərin üstündə olan bir qurumdur. Qurumun nizamnaməsi və iş prinsipi ilə tanış olduqda isə bunun tam əksini görürük. Digər beynəlxalq təşkilatlar kimi, BQXK də dövlətlərin icazəsi ilə fəaliyyət göstərir, vasitəçilik edə bilir.

BQXK-nın səlahiyyətləri nə qədərdir, təşkilatın cəza vermək, əsir düşmüş şəxsləri geri gətirmək kimi statusları varmı?

Son baş verən hadisə fonunda quruma yönləndirilən itihamları BQXK-nın Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynovaya ünvanladıq.

İlahə Hüseynova Yenicag.az-a açıqlamasında əsirlik məsələsinin mahiyyəti barədə danışıb:

“Beynəlxalq silahlı münaqişə kontekstində azadlığı məhdudlaşdırılmış şəxslərə münasibətdə Cenevrə Konvensiyaları bu iki kateqoriyanı tanıyır: hərbi əsir və internə edilmiş mülki şəxs.

Hərbi əsirlər düşmən tərəfin əlinə keçmiş kombatantlar və ya beynəlxalq humanitar hüquqda hərbi əsir statusu tanınan qeyri-kombatantlardır. Hərbi əsirlərin saxlanılması onların silahlı qüvvələrin üzvü olmağı ilə əlaqədardır. Burada əsas məqsəd kombatantları döyüş meydanından kənarlaşdırmaqdır. Hərbi əsirlərin sadəcə döyüşdə iştirak etməsi cinayət hesab olunmur və onlar buna görə mühakimə oluna bilməzlər. Hərbi əsirlərin azadlığa buraxılması və repatriasiyası aktiv döyüşlər başa çatdıqdan sonra baş tutmalıdır. Lakin müəyyən hallarda, məsələn, hərbi əsirin sağlamlığı ilə əlaqədar və ya dövlətlər arasında xüsusi razılaşma olduğu təqdirdə, azadlığa buraxılma daha tez baş tuta bilər.

Mülki şəxs yalnız onu saxlayan tərəfin təhlükəsizliyinə ciddi hədə yaratdığı halda internə edilə, yəni cinayət prosesinə aid olmayan azadlığın məhdudlaşdırılmasına məruz qoyula bilər. Beləlikə, internə edilmə bir müstəsna təhlükəsizlik tədbiridir və cəza növü kimi istifadə oluna bilməz. Bu da o deməkdir ki, hər bir internə olunan şəxs onun saxlanılmağını əsaslandıran səbəblər aradan qalxan kimi mümkün qədər tez azadlığa buraxılmalıdır. Bu məqsədlə səlahiyyətli orqan tərəfindən statusun nəzərdən keçirilməsi prosesi ən azı hər altı aydan bir keçirilməlidir. Bundan əlavə, internə etmək qərarı həmişə səlahiyyətli orqan tərəfindən və fərdi şəkildə qəbul edilməlidir, yəni mülki şəxslər bir qrup şəklində internə oluna bilməzlər.

Statusundan asılı olmayaraq, hərbi əsirlər və mülki şəxslər cinayət törətdiyi halda cinayət təqibinə məruz qala bilər. Bundan başqa, statusundan asılı olmayaraq, heç bir insan işgəncəyə məruz qalmamalıdır, ləyaqəti alçaldılmamalıdır”.

Hazırda Ermənistanda saxlanılan şəxslərlə BQXK-nın görüşüb-görüşməməyinə gəldikdə isə təşkilatın nümayəndəsi bunları deyib:

“BQXK o şəxslərə baş çəkmək üçün addımlar atıb. Hətta görüş keçirilsə belə, BQXK gördüyü insanlar haqqında, onların şəraiti, sağlamlıqları barədə ictimai açıqlamalar vermir. Çünki BQXK saxlama yerində gördüyü insanlar, şərait və rəftar ikitərəfli və konfidensial surətdə saxlayan tərəflə müzakirə olunur. Bu bütün dünyada belədir, belə olub, belə də olacaq. Bu ,BQXK-nın iş prinsipidir.

Bəzi hallarda BQXK-dan gözləntilər onun səlahiyyətlərinə uyğun olmur. BQXK-nın mandatını verən dövlətlərdir və qurum o mandata uyğun hərəkət edir. Dövlətlərin ona verdiyi səlahiyyətlərə görə BQXK saxlama yerinə baş çəkərək saxlanılan şəxslərin şəraitini, onlarla rəftarı qiymətləndirir, saxlanılan şəxslərlə ailə əlaqələrini bərpa edir. Saxlanılan şəxslərin azad olunma qərarını verən saxlayan tərəfdir, BQXK deyil. Əgər saxlayan tərəf qaytarmaq barədə qərar verirsə, saxlanılan şəxs qayıtmaq arzusunu bildirirsə və qarşı tərəf də o şəxsi qəbul etməyə hazırdırsa, BQXK bu əməliyyatın həyata keçirilməsində neytral vasitəçi ola bilər. Bu meyarlarla BQXK neytral vasitəçi olur. Həmin geri qaytarmaya dəstək verir, qərar vermir”.

Azərbaycanlı əsgərin döyülmə videosundan sonra bəzi ekspertlərin dili ilə “qarşı tərəfdən hərbçi gətirib, onlardan əvəz çıxılması” təklif olunurdu. Beynəlxalq hüquq əvəzçıxmaya necə baxır? Bu suala isə İlahə Hüseynova aşağıdakı kimi cavab verib:

“Beynəlxalq humanitar hüquq hərbi əsir və mülki şəxslərə münasibətdə əvəz çıxmanı tam qadağan edir. Cenevrə Konvensiyaları universal sənəddir və onlara imza atan dövlətlər öz üzərlərinə götürdüyü öhdəliklərə riaiyət etməlidir və öz hərəkətlərinə görə məsuliyyət daşıyır”.

İstər Azərbaycan, istər Ermənistan cəmiyyətində BQXK ən çox “niyə görə addım atmır, niyə görə qarışmır?” kimi ittiham olunur. Ümumiyyətlə, BQXK-nın təsir mexanizmi varmı?

“BQXK heç kəsə cəza vermir, təhqiqat aparmır. Bu, qurumun səlahiyyətində yoxdur. BQXK şahidi olduğu, gördüyü, məlumat aldığı pozuntularla bağlı buna səbəb olan tərəflə ikitrəfli və konfidensial dialoq aparır. Məsələni yaxşılığa doğru dəyişməyə çalışır. Lazımdırsa, tövsiyələr, dəstək verir. Təşkilatın səlahiyyətində cəza vermək, təhqiqat aparmaq yoxdur. Gördüklərimiz açıqlanmır, məhkəməyə vermirik, heç bir üçüncü quruma da şikayət etmirik. Bu bizim səlahiyyətimizdə deyil. Səlahiyyətləri isə bizə bir daha təkrar edim ki, dövlətlər verir”, – deyə İlahə Hüseynova bildirib.

Sonda İlahə Hüseynova qeyd edib ki, əsirlikdə olan iki əsgər haqqında ictimai açıqlamalar yoxdursa, bu o demək deyil ki, BQXK iş görmür, addımlar atmır. BQXK mandatına uyğun olan bütün addımları atır.

Ən son aldığımız məlumata görə, əsirlikdə olan Azərbaycan hərbçilərə BQXK 19 aprel tarixində baş çəkib.

Səxavət Məmməd

COP29