“”Evdə qal təbiəti seyr et” kimi mənasız sloqanlardansa, insanların gününü maraqlı etmək üçün çıxış yolları axtarılmalıdır. Evdən hansı təbiət görünür, qonşunun yataq otağı? Bu gün pandemiya ilə bağlı telekanalların izləyiciləri sürətlə artır. Bundan istifadə edərək maraqlı verilişlər hazırlamağın zamanıdır”.
Tanınmış televiziya mütəxəssisi Zeynal Məmmədli Yenicag.az-a açıqlamasında telekanalların üzərinə düşən məsuliyyətdən danışarkən belə deyib.
O, verilişlərin formatında dəyişikliyin zəruri olduğunu vurğulayıb:
“Koronavirusun aktuallığını qorumaqla verilişlərin formatını dəyişmək lazımdır. Çoxlu sosial çarxlar, reklamlar çəkilməli və efirə verilməlidir. O çarxlar insanların beyninə və ürəyinə toxunmalıdır. Təhsildən qalan uşaqlar üçün onların marağına səbəb ola biləcək proqramlar hazırlanmalıdır. Dərs saatları ilə bağlı verilişə baxdım, gülməyim gəldi. Mədəniyyət kanalında müəllimlərin interaktivlik qabiliyyəti çox aşağıdır, bu dərslər parodiyadan ibarətdir, biabırçılıqdır. Uşaqlar bunu necə qavrayacaq? Tək bu kanal deyil, digər telekanallarda da vəziyyət eynidir. Efirdə maarifləndirməklə yanaşı, maraqlı, yumorlu verilişlər, eləcə də yarışlar hazırlanıb, təqdim olunmalıdır”.
Cəvahir