Elman Məmmədov:”Bunun əyani sübutunu 1988-ci ildən bu yana dəfələrlə görmüşük. Dağlıq Qarabağ problemi ortaya çıxandan Tehran hökuməti İrəvanı könüldən dəstəkləyib. İran Ermənistan üçün qida borusu rolunu oynayıb”
İran rejimi ermənilərin himayəçisi kimi davranmaqda davam edir. İranın Qərbi Azərbaycan əyalətinin Çaldıran məntəqəsində yerləşən Qarakilsə kilsəsinə hər il dünya ermənilərinin dini mərasim adı ilə toplaşması bir adətə çevrilib. Məlumata görə, iyulun 27-də minlərlə erməni sözdə dini mərasim adı ilə Qarakilsəyə toplaşıblar. 3 gün davam edən mərasim əslində birbaşa siyasi məqsədlərə hesablanıb.
Fars rejimi Qarakilsə kilsəsini məqsədyönlü şəkildə YUNESKO-da qeydiyyatdan keçirməklə daşnakların gizli fəaliyyətinə legitimlik qazandırıb. Rəsmi Tehran Dağlıq Qarabağ münaqişəsinə ermənipərəst mövge sərgilədiyi kimi, işğalçı ermənilərə də hər cür şərait yaradır. Bu gün Azərbaycanın qərb bölgəsində aktivləşən PKK və digər kürd terror qruplaşmaları da həmin yanaşma hesabına öz fəaliyyətini genişləndirirlər.
Ermənilər Qarakilsədə istədikləri mərasimi keçirir, lakin soydaşlarımız milli-mədəni hüquqları və ya Dağlıq Qarabağla bağlı hər hansı tədbir keçirə bilmirlər. Bu zəmində ən kiçik addım atan azərbaycanlılar dərhal İran rejimi tərəfindən sərt şəkildə cəzalandırılır. Halbuki, ermənilər İranda yaşayan milli və dini azlıqlara şamil edilməyən hüquqlara malikdirlər.
İranın erməni sevgisi ilə bağlı “Şərq”ə fikirlərini bölüşən millət vəkili Elman Məmmədov deyib ki, molla-fars rejimi İranda yaşayan azsaylı erməniləri qeyri-rəsmi toxunulmaz elan edib. Deputat sözlərinə görə, İranda yaşayan ermənilər bütün hüquqlarla təmin olunublar:
“Həm siyasətdə, həm mədəniyyətdə, həm də ticarətdə ermənilərə həddindən artıq sərbəstlik verilib. Özü də bunu sadəcə biz demirik, elə İran rəsmiləri özləri də etiraf edirlər. İndiki prezident Həsən Ruhani və ondan əvvəlkilər də erməni rəhbərlərlə görüş zamanı dəfələrlə bəyan ediblər ki, hər iki xalqın tarixi, mədəniyyəti, irqi kökləri eynidir. Görünür, farslar və ermənilər həqiqətən “əmiuşağıdırlar”, qohum-əqrabadırlar. Biz bunun əyani sübutunu 1988-ci ildən bu yana dəfələrlə görmüşük. Dağlıq Qarabağ problemi ortaya çıxandan Tehran hökuməti İrəvanı könüldən dəstəkləyib. İran Ermənistan üçün qida borusu rolunu oynayıb, hər zaman düşmənə qalxan, sipər olub. Düşmən ölkənin bütün təchizatı İran vasitəsi ilə həyata keçirilib. Eyni zamanda işğal olunmuş ərazilərimizdəki bütün söküntü materialları, təbii ehtiyatlar İrana daşınıb. İranlılar İrəvan bazarlarında alver edirlər, ermənilər də onlara “ibadət etmələri” üçün məscid tikib”.
Deputat bildirib ki, Rusiyadan sonra Ermənistanı müdafiə edən, qoruyub saxlayan ikinci dövlət İrandır:
“Ermənilər İranda nə istəsələr edirlər. Çox təəssüf hissi ilə deyirəm ki, 30 milyondan çox azərbaycanlı İranda hüquqsuz çoxluğa çevrilib. Ermənilər isə bundan məharətlə istifadə edirlər, İranı çapıb-talayırlar. Yeri gəldikcə də Azərbaycan-İran münasibətlərinə zərbə vururlar. Görünür, Tehran Qarabağ məsələsində Azərbaycanın uğur qazanmasını istəmir. Çünki elə zənn edirlər ki, Azərbaycan ərazi bütövlüyünü təmin edəndən sonra Bütöv Azərbaycan məsələsini ortaya atacaq. Ona görə də açıq və ya gizli yollarla hər zaman Ermənistanın tərəfində dururlar. İran müsəlman ölkə olsa da, bizi sadəcə qonşu dövlət kimi qəbul edir. Onlar Azərbaycanı dost və qardaş ölkə kimi görmürlər”.