“Fərdi İnkişaf Akademiyası – 2” layihəsi yekunlaşıb

“Odlar Yurdu” Gənclər İctimai Birliyinin “Fərdi İnkişaf Akademiyası – 2” layihəsi uğurla yekunlaşıb. Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi, “Qrinviç” Təhsil Mərkəzi və “Sağlam Ailə” Tibb Mərkəzinin tərəfdaşlığı ilə keçirilən layihə respublikanın müxtəlif regionları və paytaxt gənclərini əhatə edib.

qhtxeber.az-a daxil olan məlumata görə, layihənin keçirilməsində əsas məqsəd gənclərin fərdi inkişafına qismən nail olmaqla, gələcək fəaliyyətlərinin bütün sahələrində imkanlarının genişləndirilməsi məqsədi ilə onlara vacib olan biliklərin mənimsədilməsi, fəal vətəndaş kimi formalaşmalarına nail olmaqdır.

Birliyin sədri, layihənin müəllifi Nigar Ələsgərova bildirib ki, “Fərdi İnkişaf Akademiyası – 2” layihəsi 2 mərhələdə həyata keçirilib: “İlk mərhələyə Bakı (Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Universiteti) və Gəncə şəhərlərində (müxtəlif univeristetlərin gəncləri) yerləşən ali təhsil müəssisələrinin 300 nəfərdən artıq gənci cəlb edilib. Onlara “Komanda işi və Liderlik”, ”Strateji planlama”, “Məqsədin təyin olunması”, “Fərdi İnkişaf ”, “Motivasiya və özgüvən” mövzularında peşəkar təlimçilərin iştirakı ilə təlim və seminarlar keçirilib. İkinci mərhələdə isə respublikanın səfalı güşələrindən olan Masallıda “FİA-2” adlı yay düşərgəsi reallaşdırılıb. Gənclər “Problemlərə yanaşma və həlli yolları”, “Çalışqanlıq və şans”, “Təqdimat bacarıqları”, “Natiqlik”, “Özünü tətqiq və məhsuldarlıq”, “Ölkəni tanıt – diaspora fəaliyyəti” kimi mövzuları əhatə edən təlim və müzakirələrdə, müxtəlif intellektual, komanda quruculuğu və idman oyunlarında iştirak ediblər. Gənclərin böyük sevgi və rəğbətini qazanan layihənin bağlanış mərasimi keçirilib və gənclər iştirakçı şəhadətnaməsi ilə təltif olunublar.

Qeyd edək ki, eyni adlı layihə (“Fərdi İnkişaf Akademiyası-1) 2015-ci ildə AR Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Gəncə və Qəbələ şəhərlərində də həyata keçirilib. Layihənin davamlı olaraq hər il keçirilməsi planlaşdırılır.

Yenicag.az

COP29