Fərdi təhsil: yalançı qiymətlər, ikiqat maaş, qanundan sui-istifadə – Məktəblərdə yeni bazar…

Təhsil naziri Mikayıl Cabbarov tərəfindən imzalanan əmrə əsasən uzun müddət təhsildən kənarda qalmış şəxslərin fərdi təhsilinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə fərdi təhsil üzrə nümunəvi tədris planı təsdiq edilib.

Əmrə əsasən, uzun müddət təhsildən kənarda qalmış şəxslərin ümumtəhsil məktəblərində təşkil olunan fərdi təhsilinə aid 2017-2018-ci dərs ili üçün tədris planı və tədris planına dair “Qeydlər” təsdiqlənib.

Maraqlıdır, bəs görəsən fərdi təhsilin təşkili məsələsi ödənişli olacaqmı? Olacaqsa, bu məsələ əslində, dövlət büdcəsinin doldurulması üçün ortaya atılmayıb ki?

Təhsil eksperti Kamran Əsədov Yenicag.az-a açıqlamasında bildirdi ki, fərdi təhsil qanuna müvafiq olaraq ancaq dövlət büdcəsi hesabına həyata keçirilməlidir. Burada kənar ödənişlər yolverilməzdir:

“2009-cu ildə qəbul edilən və “Təhsil Haqqında qanun”da göstərilən təhsil formalarından biri kimi fərdi təhsilin təşkili də nəzərdə tutulub. Ona görə də təhsil nazirinin uzun müddət təhsildən kənarda qalanlar üçün fərdi təhsilin təşkili ilə bağlı imzaladığı əmr heç də yeni deyil. 2011-ci ildə fərdi təhsil haqqında qanun qəbul edilib. Nazirlər Kabinetinin də bu məsələ ilə bağlı 2010-cu ildə verdiyi qərar var. Sadəcə olaraq, proses bu ildən etibarən ayrıca bir qanun formasında həyata keçirilir. Bilirsiniz ki, xüsusi istedadı olan şəxslər ənənəvi üsulla təhsil almırlar. Onlar sinif rəhbərləri və məktəb Şurasının qərarı əsasında fərdi təhsilə cəlb olunurlar. Fiziki qüsurlu və xüsusi istedadı olan şəxslər hamı ilə bərabər təhsil almır. Onların tədrisi evlərdə və xüsusi formada keçirilir. Hazırda ölkədə 2400-dən çox şəxs fərdi təhsilə cəlb olunub. Təhsil naziri də hər il bu istiqamətdə qərar imzalayır. Ümumiyyətlə, belə bir tədris üsulu Azərbaycanda 1945-ci ildən tətbiq olunur. Hazırda bu istiqamətdə Bakıda 3 orta məktəb fəaliyyət göstərir. Fikrimcə, bu prosesə nəzarət mexanizmini artırmaq lazımdır. Nazirin də qərarında göstərilir ki, burada hesabatlılıq olmalıdır. Fərdi təhsildə şagirdlər bir çox yüklərdən azad olduğundan onların nəticələri adi məktəblərə nisbətən yüksək olmalıdır, amma belə deyil. Nəzarətin olmamasından məktəb direktorları qanundan sui-istifadə edir. Kimlərinsə adı fərdi təhsilə yazılsa da, əslində tədris həyata keçirilmir. Bu zaman qiymətlər də qeyri-obyektiv olur. Onu da deyim ki, fərdi təhsili həyata keçirən müəllimlərin maaşı digərlərindən iki dəfə artıq olur. Ona görə də direktor ancaq özünə yaxın olan müəllimlərə dərs saatını yazır.

Təhsil haqqında qanuna görə, fərdi təhsil dövlət büdcəsi hesabına həyata keçirilir. Bura hər hansı bir kənar maliyyə qaynağı cəlb oluna və prosesə qoşulanlardan hər hansı bir vəsait alına bilməz. Ona görə də fərdi təhsil yalnız dövlət hesablı ümumtəhsil müəssisələrində həyata keçirilə bilər. Özəl, bələdiyyə və digər mülki təhsil müəssisələri üçün bunlar qadağandır. Fərdi təhsildə şagirdlərin sayı 4-dən çox ola bilməz”.

ELÇİN
Yenicag.az

COP29