FETÖ ilə mübarizə: “Azərbaycan Türkiyəyə ən ciddi dəstək verən ölkədir” – Video

Türkiyənin NTV telekanalı Azərbaycanda FETÖ terror şəbəkəsinə qarşı aparılan mübarizəyə dair xüsusi material hazırlayıb.

Yenicag.Az xəbər verir ki, tanınmış jurnalist Ali Kanın NTV-nin Azərbaycan təmsilçisi olaraq hazırladığı materialda Azərbaycanın FETÖ ilə mübarizəyə 15 iyul çevriliş cəhdindən daha əvvəl başladığı qeyd olunub:

“FETÖ terror şəbəkəsi Azərbaycanda təqribən 25 il əvvəl təşkilatlanmağa başlayıb. Azərbaycan FETÖ-nun Qafqaz və Orta Asiya hədəflərinə çatması üçün həlledici əhəmiyyətə malik olub. Azərbaycan hakimiyyəti də 17-25 dekabr əməliyyatlarından sonra FETÖ-ya qarşı lazım olan tədbirləri görməyə başlayıb. İlk olaraq, şəbəkənin təhsil sahəsindəki strukturlarına qarşı əməliyyatlar keçirilib”.

Azərbaycanda FETÖ-ya qarşı həyata keçirilən tədbirlərlə bağlı NTV-yə danışan Türkiyə Azərbaycan İş Adamları Birliyinin (TÜİB) sədrinin birinci müavini Hüseyin Büyükfırat bunları deyib:

“FETÖ ölkə xaricində ilk təşkilatlanmasını Azərbaycanda həyata keçirib, ilk məktəbi Azərbaycanda açılıb. Konkret desək, FETÖ-nun Türkiyədən sonra ən güclü təşkilatlandığı ölkə məhz Azərbaycandır. FETÖ-nun 1991-ci ildə ölkə xaricində ilk strukturunu yaradan şəxs olan Muharrem Menekşe hazırda Türkiyədə həbsdədir. Azərbaycan FETÖ ilə mübarizədə Türkiyəyə ən ciddi dəstək verən ölkədir”.

 

Milli Məclisin deputatı Adil Əliyev isə Azərbaycanda FETÖ-ya qarşı aparılan mübarizəni belə dəyərləndirib:

“Azərbaycan xalqı, dövləti və hökuməti 15 iyul hadisələrindən əvvəl də FETÖ terror şəbəkəsinə qarşı mübarizəyə başlamışdı. Terror şəbəkəsinə məxsus məktəblər bağlanıb, FETÖ ilə əlaqəsi olduğu təxmin edilən şəxslər vəzifələrindən azad edilib”.

FETÖ-ya qarşı mübarizədə Türkiyəni dəstəkləyən Azərbaycan 15 iyuldan sonra da bu mövqeyində qalmaqdadır.

 

Yenicag.Az

COP29