!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fikir dilə gəldi... - Eltən Qədimbəyli yazır

!Reklam – Yazi

Mən bir fikirəm, bu yazını yazan  adamın beyninin içində yaşayıram. İndi oxuyanda deyirsən, “Get tullan fikir, də danışar?”, – hə? Elə bilirsən, bu dünyada bir danışan varlıq sizsiniz? Hə, varlıq…

Fikir də bir varlıqdır, dostum. Özü də sizin danışığınız guya əndir?  Yerdə sizdən başqa var olan bütün nəsnələr öz dillərində bir-biri ilə danışır, amma siz anlamırsınız. Siz adamlar yer üzərindəki heç bir varlığı, düzəni, nəsnələri anlamırsınız. Başqa-başqa dillərdə danışırsınız, Yer planetini də öz istəkləriniz üçün dəyişdirir, yanlış etdiyinizi bilə-bilə dağıtmağa davam edirsiniz.

Nə isə, sizinlə dalaşmaq fikrim yoxdur, onsuz da nə edirsinizsə, özünüzə edirsiniz, mənə nə, mən ki fiziki varlıq deyiləm.

Özümdən danışırdım axı… Hə, harada qalmışdıq, bu adamın başının içində nələr yaşadığımı anladacaqdım. Burada yerim çox dardır, sıxılıram, içəridə o qədər fikirlər var ki, əmin olun yerimdə olmaq istəməzsiniz. Mənə tərs, mənə bənzər, heç bir bağlantım olmayan fikirlər, tərbiyəsiz fikirlər… Sahibin başına oyun açan fikirlərdən, çox əcaib söyüşlü fikirlərdən heç danışmıram.

Deməli, mən necə doğuldum? Başında yaşadığım bu adam yaşamını asanlaşdıracağına inandığı ətrafındakı insanların xoşuna gəlmək, onların yanlış davranışlarını dəyişdirmə gücü əldə etmək üçün çoxlu kitab oxumağı və film izləməyi sevir, özəlliklə sənədli filmləri. Son xatırladığım, Atatürkün  kültür devrimləri ilə bağlı bir yazı vardı, bax ondan dərhal sonra doğuldum.

Beyindəki  fikirlər, tərxisini gözləyən əsgər kimi o möhtəşəm günü gözləyir – yəni gərçəkləşəcəyi günü. Burada keçirdiyim günlər içində darıxmamaq üçün içəridə başqa fikirlərlə də tanış oldum, açığı deyim,  çoxu maraqlı idi, hərdən o fikirlərin məndən daha yaxşı olduğunu düşünürdüm, ama çox gərəksiz fikirlər də var, özəlliklə toplumun bizim adama sırıdığı qəliblərə uyğun yaranmış fikirlər.

Bu içində yaşadığım başın sahibi bizi çox yorur, düşünün, hər gün beyninə yeni fikir gəlir, çoxu da gerçəkləşmir, yerimiz də get-gedə daha çox daralmağa başlayır, bir sözlə, sıxılırıq. Əski fikirlər  öncədən gerçəkləşmiş fikirlərin də çox olduğunu deyirlər, amma anladığım qədərilə sahibimiz hələ də özünü çox yarımçıq hiss edir, çoxumuzu gerçəkləşdirmək gücünü tapa bilmir. Bəzən ruhdan düşür, hamımızın üstündən xətt çəkir, bizi qorxu bürüyür, ya birdən vaz keçərsə?.. Bir də tənbəllik var başında – ən nifrət etdiyim varlıq. Hamımızın düşməni, özəlliklə sahibimin. Ona necə dözür, anlamıram.

Sahibimiz yatanda biz xəyal qurmağa başlayırıq, gerçəkləşəcəyimiz günün xəyalını. Mən gerçəkləşməsi çox çətin olan fikirlər sırasında olduğum üçün, açığı, bir az ümidsizəm, məndən vaz keçər qorxusu ilə yaşayıram hər gün…

Sizə özümdən də danışmaq istəyirəm. Mən gerçəkləşsəm, bizim adamın yaşadığı ölkədə nələr dəyişəcək? Sahibimin doğulduğu ölkə, əslində, gözəldir, gözəl doğası, çoxlu yeraltı və yerüstü  sərvətləri, işgüzar və yaradıcı insanları var… Amma, nədənsə,  “Qərbdəki Böyük Oturaq” ölkələrini yamsılamaq kimi bir  özəlliyi də var. Mənim sahibim isə bunun dəyişməsini çox istəyir.

Bizim yaşadığımız  ölkənin  özgür bir dövlət kimi yaşı çox azdır, yavaş-yavaş dünyada özünü tanıtmağa, söz sahibi olmağa başlayır. Sahibim rejissordur, insan mühəndisliyi ilə çox maraqlanır və uzun müddətdir televiziyada çalışır. Məni gerçəkləşdirmək üçün yüzlərlə iş cizgisi, yəni plan qurur. Gah tamaşa, gah kino, gah veriliş, gah da musiqi ilə məni insanlara tanıtmaq istəyir.

İndi oxuyanda bezəcəksən ki, axı sən nə fikirsən, gerçəkləşsən, nələr dəyişəcək. Tələsmə, deyəcəm də, ay adam, nə vaxtdır susuram, özümü yanlış anlatmaqdan çəkinirəm.

Çağdaş günümüzdə dünyada çoxlu sağlıqsız yaşantısı olan, doğa ilə bağlantısı qopmuş, özgüvənsiz, başqalarının işinə burnunu soxan, tənbəl, bilgisiz, dibsiz, törəsiz adamlar olduğunu düşünür başında yaşadığım adam. O yaşadığı  bölgədə kültürəl devrim etmək, bu insanları dəyişdirmək  üçün örnək olacaq adamlar seçib, hərkəsi həvəsləndirəcək bir icma, topluluq yaratmaq istəyir. Özlərini Çölçü adlandıracaq bu insanlar hər gün öz üzərlərində çalışacaq, sadəcə öz çatışmazlıqlarını görəcək, özlərini hər gün gəlişdirəcəklər.

Çölçülər bu günə qədər yaşadıqları qəliblərin çölünə çıxan yeni düşüncələr yaradan qəhrəmanlar olacaqlar. “Böyük Oturaq Dövlətlərin” şirkətlərinin əllərindəki internet şəbəkələri, televiziyalar, radiolar, xəbər səhifələri ilə yoluxdurulan geyim biçimlərinə, dəb axınına “yox” deyib, öz milli geyimlərində dolaşacaq, əski Törələrini, gələnəklərini araşdırıb, onları çağdaş dünyaya uyğunlaşdırmağa çalışacaqlar. Hər biri elm, sənət və biznes dünyasında yaşadığı elin maraqlarına uyğun yenilikçi çalışmalar gerçəkləşdirəcəklər. O düşünür ki, yaradıcı adamlar birlikdə yaşamalı və davamlı görməli olduğu işlərə yönəlməlidirlər – onların fikrini heç nə dağıtmamalıdır. Dünya elminə, mədəniyyətinə yurdunun da çox yeniliklər qata biləcəyinə əmindir.

Deyir ki, bir xəyal edin, küçələrdə milli naxışlarla zəngin əlbisə qəliblərinin bu günə uyğunlaşdırılmış çağdaş  geyimlərində, xarici dillərdə danışmağa ehtiyac hiss etməyən, qürurla öz dilində danışan, bədən dilini gözəl işlədən, hər gün oxuyan, bilikli, sağlıqlı yaşam biçimində yaşayan, heç kimin işinə qarışmayan, sadəcə pis alışqanlıqlardan qurtulub yeni faydalı bacarıqlar əldə etmək üçün çalışan, özgüvənli insanlar dolaşır. Ölkənin müxtəlif  bölgələrində ilk öyrənmə yaşamına başlayan uşaqların yetənəkləri və bacarıqları üzrə yetişdirilən insan mühəndisliyi mərkəzləri, yenilikçi yemək laboratoriyaları, dəb evləri, özünə bənzər yeni musiqi janrları, sağlıq mərkəzləri var və bunlar davamlı yeniliklər edir, həm yurd içində, həm yurd çölünə satışlar edirlər.  Azərbaycan özü özünə yetən bir iç alış-veriş döngüsü yaradır. Xaricdən geyim, bəslənmək, əyləncə üçün heç nə gətirmir. Yurd içində yaşayanlar daha varlıqlı olur. Ölkədə qol gücü ilə seçilən peşəkar idmançılar yox, beyin gücü ilə seçilən sənət, elm və iş adamları qəhrəman olur, divarlarda onların şəkilləri vurulur. Bu toplumda adamlar sahibləndiyi var-dövlət, dəyərli əşyalara görə deyil, hərkəs üçün gördüyü faydalı işlərə görə dəyər görür.

Görürsən ki, əslində, yuxarıda dediyim kimi, mən gerçəkləşməsi çox zor bir fikirəm. Amma o günə  inancımı itirmirəm, bəlkə, bir gün  bizimki özünü yetişdirib, məni gerçəkləşdirəcək, o günə qədər isə mən yenə susum…

www.yenicag.az

1096
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv