!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Finlandiya və İsveçin NATO ÜZVLÜYÜ: "Məsələ alver predmetinə dönə bilər" - Polkovnik

!Reklam – Yazi

“Rusiyanın nüvə silahlarının başlıqları NATO üzvü olan ölkələrə istiqamətlənib. Rusiya nüvə silahlarını Finlandiyaya da istiqamətləndirə bilər”.

Bu sözləri Finlandiyanın NATO-ya üzv olma ehtimalı, buna Rusiyanın reaksiyası və gələcəkdə baş verə biləcək prosesləri şərh edən ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov Yenicag.az-a açıqlamasında deyib.

Şair Ramaldanov bildirib ki, NATO Finlandiyadan alver predmeti kimi istifadə edə bilər:

“NATO-ya namizəd kimi Finlandiya və İsveç həmişə gündəmdə olub. Sadəcə qəbul məsələsi hazırda gündəmdədir. Rusiyanın Ukraynaya təcavüzü Ukraynanın NATO-ya üzv olmaq istəməsindən sonra daha da sürətləndi və reallaşdı. Düşünürəm ki, NATO da maraqlıdır ki, Rusiya sərhədlərinə yaxın olsun. Rusiya ilə həmsərhəd olan dövlət də Finlandiyadır. Finlandiyanın Rusiya ilə min üç yüz kilometrə qədər quru sərhədi var. Sankt-Peterburq kimi şəhərə çox yaxındır. Bütün bunları nəzərə alaraq Finlandiyanın NATO-ya üzvlüyünü prinsip cəhətdən Rusiyanın Ukraynaya təcavüzünün cavabı kimi də qeyd etmək olar. Bunlar siyasi addımlardır. Zənnimcə, İsveçin adının hallanması fikri yayındırmaq üçündür. İsveçin adını hallandıraraq Rusiyanı əsas məsələdən yayındırmaq istəyirlər. Çünki İsveç üç yüz ildir neytral mövqedə durub və heç bir blokun üzvü deyil.

NATO genişlənməklə bağlı maraqlarını gizlətmir. Digər tərəfdən, Rusiya kimi rəqibi var. NATO məhz Rusiyanın sərhədlərinə yaxınlaşmaq istəyir.

Bir tərəfdən Polşa, digər tərəfdən də Finlandiya NATO-ya üzv olsa, Ukraynada davam edən müharibə genişlənəcəksə, onda NATO-nun hərbi və siyasi addımlar atması üçün Finlandiya çox əlverişli olacaq”.

Rusiyanın buna cavabına gəldikdə isə hərbi ekspert belə deyib:

“Rusiyanın hansısa aktiv addımlar atması inandırıcı deyil. Ola bilsin, Finlandiya arzuolunmaz dövlət kimi qəbul olunsun, bundan irəli gələn siyasi addımlar atılsın.

NATO-nun Finlandiyanı gündəmə gətirməsi təzyiq vasitəsi kimi də qəbul edilə bilər. Rusiyanı danışıqlar masasına otuzdurmaq üçün Finlandiya məsələsi alver predmetinə dönə bilər. Müharibəni danışıqlar masasına keçirmək üçün Finlandiya faktorundan istifadə edilə bilər. Prinsip cəhətdən bu həm Rusiyanın, həm də Finlandiyanın maraqlarına uyğundur. Belə olan halda, Rusiya Finlandiyanın təhlükəsizliyi ilə bağlı qarantiya verəcək. NATO da Ukrayna məsələsindən minimum itkilərlə çıxa biləcək. Vəziyyət olduqca gərgindir. Gərginlik ona görədir ki, qərarları qəbul edən mərkəz nə Ukraynada, nə də Finlandiyadadır. O mərkəzin münaqişə zonasından uzaq olması və müəyyən şəkildə prosesləri idarə etməsi digər ölkələrin qərar qəbul etmə imkanını azaldır. Vəziyyət gərgindir. Vəziyyət gərgin olanda məsələnin həlli yolu ya tezləşə, ya da heç kimin arzulamadığı böyük müharibə ola bilər”.

Səxavət Məmməd

www.yenicag.az

513
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv