“Fransa görməlidir ki, əleyhimizə çıxaraq, bizdən pul qazana bilməz” – Keçmiş deputatdan ÇAĞIRIŞ

“Azərbaycanın Parisdəki səfiri geri çağrılmalı, insanlarımız isə Fransa mallarını boykot etməlidirlər”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Fransa Senatının qəbul etdiyi hökuməti ermənilərin Qarabağdakı qondarma rejimini tanımağa çağıran tövsiyə xarakterli qətnaməsinə münasibət bildirən Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə deyib.

Araz Əlizadənin fikrincə, erməni separatizmini açıq şəkildə müdafiə edən Fransanın həmsədr olduğu ATƏT-in Minsk Qrupu ləğv edilməlidir:

“Qarabağ artıq işğaldan azad edildiyi üçün Minsk Qrupu ləğv edilməlidir. Bu fəaliyyətsiz quruma heç bir ehtiyac qalmayıb.

İkincisi, Fransa bu addımı ilə göstərdi ki, otuz ildir, onun məqsədi Qarabağ münaqişəsinin ədalətli həlli yox, ermənilərin xeyrinə iş görmək və status-kvonu qoruyub saxlamaq olub.

Bundan başqa, Azərbaycan cavab addımı kimi, Parisdəki səfirini geri çağırmalı, insanlarımız isə Fransa mallarını boykot etməlidirlər.

Bununla da Fransaya göstərək ki, əleyhimizə çıxaraq, bizdən pul qazanmaq mümkün deyil”.

Aqil Bəkir

COP29