!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Futbol cameəsinin “Qarabağ”dan gözlədiyi SÜRPRİZ: “Bakıdakı oyuna hansı strategiya ilə çıxmışdıqsa...”

!Reklam – Yazi

“Səfərdə oynasaq da, bu səviyyədə komanda ilə evdə, ya da rəqib meydanda qarşılaşmaq o qədər də rol oynamır”.

Bu fikirləri UEFA Avropa Liqasında 1/8 final mərhələsinin cavab matçında səfərdə “Bayer Leverkuzen”lə üz-üzə gələcək “Qarabağ”ın şanslarını dəyərləndirən futbol mütəxəssisi Aslan Kərimov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, matçın taleyini oyunda buraxılacaq kritik səhvlər həll edə bilər:

“Bakıdakı qarşılaşmada iki fərqli hissə gördük. Birinci hissədə istədiyimiz oyunu göstərə bilsək də, ikinci hissədə “Bayer Leverkuzen”in oyunçu dəyişikliyi etməsi, rəqib komandanın nisbətən güclənərək iki qol vurmasına gətirib çıxardı. Buraxılan qollar nəzərə almadığımız səhvlərin sayəsində oldu.

Hesab edirəm ki, rəqib meydanındakı oyun da bu baxımdan, istisna olmayacaq. İstənilən halda hər iki komandanın hücum xətti güclüdür. Lakin Bakıdakı oyuna baxsaq, “Qarabağ” ilə “Bayer Leverkuzen”in müdafiə xəttində problemlərin olduğunu deyə bilərik.

Fikrimcə, matçın taleyini buraxılan kritik səhvlər həll edəcək. Düzdür, səfərdə oynasaq da, bu səviyyədə komanda ilə evdə, ya da rəqib meydanda qarşılaşmaq o qədər də rol oynamır. “Bayer Leverkuzen” Avropanın ən potensiallı klublarından biridir. Rəqib yenə də öndə oynamağa, topu komandamızın meydançasına keçirərək qol imkanları yaratmağa çalışacaq.

Rəqibin əsas heyət oyunçuları çox güclüdür. Mənə görə, komandamız Bakıdakı oyuna hansı strategiya ilə çıxmışdısa, bu gün də həmin taktika ilə matça başlamalı, pressinq edərək rəqibin səhvlərindən maksimum dərəcədə istifadə etməyə çalışmalıdır. Bu oyunda rəqib daha üstün görünür. Lakin hər şeyi axşamkı oyunun gedişi göstərəcək. Futbol sürprizlərlə doludur. “Qarabağ” da heyətində olan futbolçularla bunu etməyə qadirdir”.

Mövzu barədə Yenicag.az-a açıqlama verən keçmiş futbolçu Rauf Əliyevin sözlərinə görə, rəqibin kimliyindən asılı olmayaraq, azerkeşlərimiz komandaya tam inanır:

“Bildiyimiz kimi, “Qarabağ” axşam çox çətin rəqiblə qarşılaşacaq. Bakıda qələbəyə yaxın olsaq da, rəqibin ulduz oyunçularının sonradan oyuna daxil olaraq qollar vurması matçın gedişatını dəyişdi.

Fikrimcə, “Qarabağ” ilk dəqiqələrdən öz potensialını göstərib asan təslim olmazsa, fərqli oyun görə bilərik. Ümumiyyətlə, rəqibin kimliyindən asılı olmayaraq, azerkeşlərimiz komandamıza inanır.

Doğma, yaxud rəqib meydanı olmasına baxmayaraq, bu, futboldur və hər şey ola bilər. Müasir futbolda demək olar ki, güclü, ya da zəif komanda anlayışı qalmayıb. “Leverkuzen” də artıq komandamızdan çəkinir. İstərdik ki, “Qarabağ” sensasiyaya imza ataraq hamımızı təəcübləndirsin. Komandamıza uğurlar arzulayıram”.

İsmayıl Bakuvi

www.yenicag.az

409
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv