!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Füzuli-Hadrut yolu genişləndirilir: Su quyusu və kəhriz TƏHLÜKƏDƏ - ŞİKAYƏT

!Reklam – Yazi

Füzuli-Hadrut yolunun genişləndirilməsi Şah Abbas dövründə tikilmiş kəhrizin məhv olmasına gətirib çıxara bilər.

Bu barədə Yenicag.az-a Füzuli Rayon Yal Pirəhmədli kənd sakini Həmzəyev Həsən Eldar oğlu məlumat verib.

Onun sözlərinə görə, yol çəkilişi ilə məşğul olan şirkət kəhrizin yerini bilmir, Füzuli Rayon İcra Hakimiyyəti isə şikayəti ciddiyə almır:

“Kəndimizdə olan kəhrizə doğan təhlükədən ötrü sizə müraciət edirəm. Füzuli Rayon Yal Pirəhmədli kəndinin kəhrizi Şah Abbas dövründə tikilən kəhrizlərdən biridir. Uzun əsrlər boyu fasiləsiz axan kəhrizin suyu həm Yal Pirəhmədli kəndi, həm də ətraf bölgələrin su təchizatı baxımından çox böyük önəmə sahibdir. Onu da qeyd edim ki, Sovet dönəmində də kəhrizdən əhali içmək üçün və kənd təsərrüfatı məqsədilə istifadə edirdilər. Sovet dönəmində 4 ildən bir dövlət səviyyəsində kəhrizin quyuları təmizlənirdi. İşğal dönəmində, Erməni vandalları digər torpaqlarımız kimi Füzuli rayonunu da dağıdıb, Yal Pirəhmədli kəndində də daşı daş üstə qoymayıb. Ancaq bu quyunu və kəhrizi qoruyublar. Səbəb isə ətrafda olan çox az saylı, bol sulu kəhrizlərdən biri olmasıdır. Təsadüfi deyil ki, işğal dövründə qeyri-qanuni kənd təsərrüfatı fəaliyyəti həyata keçirmək məqsədilə tikilən ferma məhz Yal Pirəhmədli kəndində tikilib. Səbəb isə davamlı su mənbəyinə sahib olması idi. 2020-ci ildə Ali Baş Komandanın rəhbərliyi altında şanlı Azərbaycan ordusu işğal altında olan torpaqlarımızı, o cümlədən Yal Pirəhmədli kəndini işğaldan azad edib. İşğaldan sonra başladılan böyük həcmli yenidənqurma lahiyəsi çərçivəsində Füzuli-Hadrut yolunun genişləndirilməsinə qərar verilib. Quyular yola yaxın olduğundan, genişləndirilmə işləri zamanı kəhrizi su ilə təmin edən quyuya ziyan dəyəcək. Belə ki, yol çəkilişi ilə məşğul olan icraçı şirkət quyunun yerini bilmir. Şirkətlə əlaqə saxlayan kənd sakinlərinə, “Gəlin quyunun yerini göstərin, biz onun qorunması üçün tədbirlər görək”, – deyə cavab verib. İcraçı şirkətin nümayəndəsi, həmçinin onu da qeyd edib ki, genişləndirilmə işləri tezliklə həmin əraziyə çatacağından bu məsələ ən qısa müddətdə həll olunmalıdır. Bu quyunun və kəhrizin qorunması həm tarixi önəmə sahibdir, həm də müasir dünyada quraqlıq ən böyük çağırışlardan biridir və təəssüf ki, ölkəmiz quraqlığın təhlükəli həddə olduğu ölkələrdən biridir. Son dövrlər Kür çayında baş verənlər Beynəlxalq Qurumların yayımladığı nəşrlərdə aydın şəkildə görünür”.

Kənd sakinlərinin sözlərinə görə, məsələ ilə bağlı Füzuli Rayon İcra Hakimiyyətinə müraciət ediblər. Rayon İcra Hakimiyyəti buna rədd cavabı verib. Kənd sakinlərinin əraziyə gedib, şirkətə həmin yerləri göstərməsi üçün isə icazə verilmir.

Kənd sakinləri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə müraciət edərək, bu quyunun və kəhrizin qorunması üçün lazımı göstərişlər vermələrini xahiş ediblər.

www.yenicag.az

550
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv