!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gələcək nəsillərə miras buraxılan EKOLOJİ FƏLAKƏT: Qlobal problemin həlli niyə çətinləşib? – TƏHLİL

!Reklam – Yazi

Fikrət Cəfərov: “Elə öz yaşadığımız yerin ərazisindən başlayaraq, ətraf mühiti və ekologiyanı qorumağa çalışmalıyıq”.

Emin Qəribli: “Ekologiyanın qorunması iqtisadi inkişafın vacib tərkib elementlərindən biridir”.

Günümüzdə qlobal əhəmiyyət daşıyan bir sıra problemlər bütün dünyanı ciddi şəkildə narahat edir. Bunlardan biri də məhz ekologiyaya vurulan ziyan səbəbindən yaranan iqlim dəyişikliyidir. Sürətli prosesə çevrilən iqlim dəyişikliyi yalnız insanların deyil, dünyada mövcud olan bütün canlıların və təbiətin gələcəyinə hədsiz təhlükə yaradır.

Anormal istiləşmə kənd təsərrüfatından tutmuş, müxtəlif istehsal sahələrinə qədər hər bir sferaya öz mənfi təsirini göstərməkdədir. Mütəxəssislər hesab edirlər ki, bu arzuedilməz prosesin qarşısı alınmasa, yaxın perspektivdə dünya böyük təhdidlərlə qarşı-qarşıya qalacaq. Qeyd olunan təhlükənin aradan qaldırılması üçün dünya ölkələrinin öz səylərini birləşdirmələrinin vacibliyi ön plana çıxır.

Mövzu ilə bağlı fikirlərini bölüşən ekoloq Fikrət Cəfərov Yenicag.az-a açıqlamasında bildirib ki, ekologiya ilə bağlı aktual məsələlərdən danışdıqda, hər kəsin ağlına gələn ilk problem qlobal iqlim dəyişikliyidir:“Hazırda dünya ölkələrinin ekologiyanın mühafizəsi çərçivəsində qarşıya qoyduqları əsas məqsədlərdən biri atmosferə buraxılan zəhərli qazların maksimum dərəcədə, heç olmasa, 50-70 faizə qədər azaldılmasına nail olmaqdır. Düzdür, bu öhdəliyin yerinə yetirilməsi heç də asan deyil. Ona görə də, haqqında danışılan məqsədin nəzərdə tutulan müddətdə gerçəkləşdirilməsinə yönəlik şübhələr meydana çıxır.

Hazırda Azərbaycanda fəaliyyət göstərən neft şirkətləri də 2035-ci ilə qədər istehsal prosesində ayrılan zəhərli qazların atmosferə buraxılmasının qarşısının alınması və o göstəricinin minimallaşdırılması üçün öz üzərlərinə konkret vəzifə götürüblər. Bu, doğrudan da, ciddi addımdır və o deməkdir ki, Azərbaycan dövləti ekologiyanın, ətraf mühitin qorunmasına hədəflənmiş qətiyyətli addımlar atır.

Əlavə olaraq, Azərbaycanda bir neçə ildir ki, yaşıllaşdırma və meşə sahələrinin genişləndirilməsi yönündə məqsədyönlü işlər görülür. Sadə nümunə ilə onu deyə bilərik ki, hətta magistral yolların kənarında salınan “yaşıl zolaqlar” ekologiyanın qorunmasında mühüm rol oynayır. Eyni zamanda, son illərdə Bakıda yaşıllıqların miqyası sovet dövrü ilə müqayisədə 20 dəfə artırılıb.

Əsas məsələ olan qlobal istiləşmə isə bütün dünyada olduğu kimi, Azərbaycanda da müşahidə edilir. İndi dekabrın əvvəli olsa da, sanki payız fəslinin ortalarıdır, havanın hərarəti 20-21 dərəcəni göstərir. Əlbəttə, bu heç də müsbət hal deyil və özündə təhlükəli prosesləri ehtiva edir. Çünki qış fəslində havanın isti keçməsi müxtəlif xəstəliklərin yaranması və yayılmasına zəmin yaradır. Bu halları nəzərə alaraq elə öz yaşadığımız ərazidən başlayaraq, ətraf mühiti və ekologiyanı qorumağa çalışmalıyıq”.

Bütün dünya üzrə aktuallığı artan bu məsələyə dair Yenicag.az-a danışan ekpert Emin Qəribli qeyd edib ki, keçmişdən günümüzə qədər bir sıra istehsal sahələri ekologiyaya həddən artıq ziyan vurub:“Bu səbəbdən, “yaşıl enerji”nin inkişaf etdirilməsi potensial olaraq ekologiyanın mühafizəsi və qorunmasının gücləndirilməsi anlamına gəlir. “Yaşıl enerji”nin əldə olunması üçün isə istər ölkəmizdə, istərsə də dünyanın hər bir yerində kifayət qədər imkanlar var.

XX əsrin ikinci yarısından etibarən, qlobal istiləşmənin qarşısını almaq üçün dünya miqyasında müəyyən addımlar atılıb. Bir çox ölkələr ekologiyaya zərər vurmadan iqtisadiyyatı inkişaf etdirmək məqsədilə müxtəlif yollarla “təhlükəsiz” istehsalata keçməyi planlaşdırıb. Çünki ekologiyanın qorunması iqtisadi inkişafın vacib tərkib elementlərindən biridir.

Ətraf mühitə ziyan vurmağa davam etsək, gələcək nəsillər üçün məhdud sayda maddi nemətlər, təbii resurslar qalacaq. 2030-cu ilə qədər ətraf mühitin və ekologiyanın mühafizəsi istiqamətində bir sıra proqramların həyata keçirilməsi nəzərdə tutulub. Buna nə qədər nail olacağımızı isə zaman göstərəcək.

Lakin istər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan ölkələrin hər biri bu vacib məsələyə ciddi yanaşmalıdır. Ciddi təsir rıçaqları yaradılaraq ekologiyaya vurulan zərərin qarşısı mütləq alınmalıdır”.

Nəsimi Ələsgərli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

206
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv