!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gələcəkdə Rusiya və Türkiyə arasında münasibətlərin kəskinləşəcəyi halda Azərbaycan nə edəcək? - MÜSAHİBƏ

!Reklam – Yazi

Azərbaycanla Rusiya arasında imzalanmış Moskva bəyannaməsi barədə Yenicag.az-ın suallarını sabiq millət vəkili, politoloq Yusif Bağırzadə cavablandırıb.

Həmin müsahibəni sizə təqdim edirik:

– Yusif müəllim, Azərbaycan və Rusiya arasında imzalanmış müttəfiqlik haqqında bəyannamə haqqında nə deyə bilərsiz?

– Moskva Bəyannaməsi özündə hər iki ölkənin biri-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurulmasını, müttəfiqlik münasibətlərinə xələl gətirən, eləcə də bir-birinə qarşı yönəlmiş hərəkətlərdən çəkinmək, öz ərazisində hər hansı bir təşkilat və şəxslərin digər tərəfin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını alınmasını ehtiva edir.

Başqa sözlə imzalanmış sənəd heç bir halda Rusiyaya bu və digər formada üstünlük vermir, Azərbaycan ərazisində Rusiya üçün heç bir imtiyazları, güzəştləri ehtiva etmir və dolayısıyla Azərbaycanın əleyhinə hər hansı bir məsələni də özündə ehtiva etmir.

Qoşulmama Hərəkatının üzvü və fəaliyyətdə olan sədri kimi Azərbaycan tam neytral, öz milli maraqlarına uyğun çoxsahəli müstəqil xarici siyasət yürüdür və Rusiya ilə imzalanmış məlum bəyannaməyə də bu aspektdən yanaşmaq lazımdır.

– Sizcə Moskvada imzalanmış bəyannamə ilə Şuşa Bəyannaməsi arasında fərq varmı?

– Hər iki bəyannamədə bir çox məsələlərlə bağlı oxşar tezislər olsa da, bu bəyannaməni Şuşa Bəyannaməsi ilə eyniləşdirmək düzgün olmazdı. Düzdür, hər iki sənədin adı müttəfiqlik bəyannaməsidir. Amma Şuşa Bəyannaməsi iqtisadi, ticari, siyasi və humanitar sahələrlə yanaşı özündə ən vacib amili hərbi müttəfiqliyi də ehtiva edir. Məsələn Şuşa Bəyannaməsində tərəflərdən birinin ərazisinə üçüncü dövlətin müdaxiləsi halında hərbi dəstək ifadə olunub. Başqa sözlə Şuşa Bəyannaməsi regionda yeni situasiya yaratmış bir sənəddir. Moskva Bəyannaməsi isə daha çox indiyə qədər Rusiya ilə imzalanmış müqavilələrin, daha konkret desək,  dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında 3 iyul 1997-ci il tarixli Müqavilədə, dostluq və strateji tərəfdaşlıq haqqında 3 iyul 2008-ci il tarixli Bəyannamədə və Rusiya Federasiyasının Prezidenti ilə Azərbaycan Respublikasının Prezidentinin 1 sentyabr 2018-ci il tarixli Birgə Bəyanatında nəzərdə tutulmuş məsələlərin ümumiləşdirilmiş formasıdır.

– Yusif müəllim o zaman belə bir suala meydana gəlir. Gələcəkdə Rusiya və Türkiyə arasında münasibətlərin kəskinləşəcəyi halda Azərbaycan nə edəcək. Hər iki ölkə ilə müttəfiqlik sazişi imzalamış bir dövlət olaraq hansı addımı atacağıq?

– Təbii ki, Türkiyə və Rusiya arasında münasibətlərin gərginləşməsi heç bir halda bizim üçün arzuolunan deyil. Belə bir halın yaşanacağı halda təbii olaraq, ilk işimiz Rusiyaya məxsus təyyarənin vurulması zamanı yaşanan böhranda olduğu kimi vasitəçilik mövqeyindən çıxış etmək olacaq. İkinci bir tərəfdən, Moskva Bəyannaməsinin preambula hissəsində açıq şəkildə qeyd olunub ki, müvafiq bəyannamə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin, Helsinki Yekun Aktının və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının sənədlərinin məqsəd və prinsiplərinə, beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarına riayət edərək imzalanır. Başqa sözlə, bu prinsiplərin pozulması halında imzalanmış Moskva Bəyannaməsi Azərbaycan üzrəinə heç bir öhdəlik qoya bilməz. Yəni əgər sabah Rusiya sadaladığım prinsiplərə zidd olaraq Türkiyəyə qarşı bu və ya digər hərəkətlərə yol verərsə, bu o anlama gələcək ki, Azərbaycan atacağı addımları Şuşa Bəyannaməsindən irəli gələn prinsiplər əsasında atacaq. Yəni birmənalı olaraq Türkiyənin yanında olacaq.

Səxavət Məmməd

www.yenicag.az

589
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv