!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gələcəyə daşınan DÖVLƏTÇİLİK ƏNƏNƏSİ: Milli adətlərimiz necə qorunur? - TƏHLİL

!Reklam – Yazi

Heç kəsə sirr deyil ki, Azərbaycan tarixinin inkişafı mədəniyyətimizin, adət-ənənələrimizin, elm və təhsilimizin, ədəbiyyatımızın tərəqqisinə səbəb olub. Çünki hər bir milləti tanıdan və onu digər xalqlardan fərqləndirən ən önəmli xüsusiyyətlərindən biri onun adət-ənənələri və bu müstəvidə yüksək mənəvi dəyərlər sisteminə malik olmasıdır.

Adət və ənənələrin hər bir millətin həyatında oynadığı əvəzsiz rolu yüksək qiymətləndirən Ümummilli lider Heydər Əliyev: “Milli adət və ənənələr hər bir xalqın milli mədəniyyətinin zənginliyindən, qədim tarixi kökə malik olmasından xəbər verir”, – deyə zamanında öz çıxışında bidirib. Ümummilli lider Heydər Əliyevin siyasi kursunun davamçısı İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində dövlətçilik ənənələri, ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatın bütün sahələrində ciddi uğurlar əldə olunub. Prezident İlham Əliyev tarixi irsimizin dərindən araşdırılmasının zəruriliyini öz çıxışlarında dəfələrlə vurğulayıb. O: “Azərbaycanın çox zəngin tarixi vardır. Azərbaycan alimləri də, Azərbaycan ictimaiyyəti də bunu yaxşı bilirlər. Biz öz tariximizi, bu reallıqları dünya miqyasında daha da dolğun təqdim etməliyik. Nəyə görə? İlk növbədə, bizi tanısınlar, görsünlər ki, nə qədər zəngin tariximiz var. Digər tərəfdən, bizə qarşı təxribatlar aparılır. Yəni, Azərbaycan tarixini ermənilər təhrif etməyə çalışırlar və diaspor imkanlarından istifadə edərək, bəzi hallarda buna nail olurlar. “Erməni alimləri” xüsusilə regionun, Cənubi Qafqazın tarixi ilə bağlı yalan, uydurma əsasında kitablar dərc edirlər, təqdimatlar keçirirlər. Əlbəttə ki, bizim tariximiz bizim böyük sərvətimizdir. Bizim tariximiz onu göstərir ki, azərbaycanlılar bu torpaqda əsrlər boyu yaşamışlar”, – deyə qeyd edib.

Prezidentin də vurğuladığı kimi, qədimlərə dayanan Azərbaycan tarixinin ermənilər tərəfindən mənimsənilməsinə cəhd edilməsinin əsas səbəbi də məhz tariximizin əsrlər əvvələ gedib çıxmasıdır.

Bu gün dövlətin qarşısında duran əsas vəzifələrdən biri milli dövlətçilik ənənələrinin davam etdirilməsi, onların təbliği və tarixindən hali olan gənc nəslin yetişdirilməsidir. Tariximizi dərindən bilməyə ehtiyac var ki, gələcək nəsillər doğru və yanlışları görsün, ondan dərs çıxarsın və bir daha eyni səhvlərə düşməsin. Bu mənada, prezident İlham Əliyevin cari ilin dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdə səsləndirdiyi fikirlər çox önəmlidir. Siyasət tariximizin yaxşı bilinməli olduğunu vurğulayan dövlət başçısı tarixin yalnız ağ səhifələrini deyil, onun qara səhifələrini də öyrənməmiz gərəkdiyini qeyd edərək bildirib:

“XX əsr bu baxımdan xalqımız üçün çox böyük faciələr gətirmişdir. 1918-ci ildə təzə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti özünün ilk qərarlarından birində bizim tarixi şəhərimizi – İrəvanı Ermənistana faktiki olaraq bağışlamışdır. Bu, bağışlanmaz bir addım idi, bu, xəyanət idi və cinayət idi. Bunu biz hamımız yaxşı bilirik, xalqımız da bunu bilməlidir. Biz heç vaxt tariximizi təhrif etməməliyik.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, qısamüddətli fəaliyyəti haqqında mən dəfələrlə öz fikirlərimi bildirmişdim. Azərbaycan Demokratik Respublikasının qurucularının fəaliyyətini yüksək qiymətləndirmişdim. Bu, doğrudan da dünya miqyasında, müsəlman aləmində ilk respublika idi, baxmayaraq ki, cəmi iki il yaşadı. Ancaq, eyni zamanda, biz bu tariximizin qara səhifələrini də unutmamalıyıq, ört-basdır etməməliyik. Birincisi, tarixi həqiqət təhrif olunmuş formada təqdim edilməməlidir. İkincisi, bu faciəvi hadisə hamımız üçün dərs olmalıdır”.

Sözsüz ki, milli adət-ənənələrin təbliğində, dünya səviyyəsində tanıdılmasında birinci xanım Mehriban Əliyevanın fəaliyyəti mühüm əhəmiyyət kəsb etmişdir. 1995-ci ildə Azərbaycan Mədəniyyəti Fondu təsis edilərkən Mehriban Əliyeva milli-mənəvi dəyərlərimizin qorunmasını, incəsənətimizin inkişafı və təbliğini, Azərbaycan mədəniyyətinin ümumbəşəri mədəni dəyərlər sisteminə inteqrasiyasını fəaliyyətinin başlıca prinsipləri kimi müəyyənləşdirib. Fondun prezidenti, birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan muğamı, Novruz bayramı, aşıq sənəti, xalçaçılıq, tar ifaçılıq sənəti və s. YUNESKO-nun maddi-mədəni irs siyahısına daxil edilib. Həmçinin fondun təşəbbüsü ilə nəşr olunan kitablarda Azərbaycan mətbəxi, mədəniyyəti, təbiəti və s. barədə məlumatlar verilib.

Bu gün artıq ölkəmiz müxtəlif beynəlxalq tədbirlərin məkanına çevrilib. Hazırkı dövrdə ölkənin özünü beynəlxalq aləmə tanıtmasında və dünyaya inteqrasiyasında elm və mədəniyyət faktorlarının mühüm rolu var. Belə ki, ölkəmizdə elmin inkişafı məqsədilə mövcud potensialdan düzgün istifadəyə və qabaqcıl bilik və bacarıqlara yiyələnmiş kadrların hazırlanmasına böyük diqqət yetirilir. 2009-cu ildə Prezident yanında Elmin İnkişafı Fondunun yaradılması, 2013-cü ildə isə Prezident İlham Əliyevin Sərəncamı ilə “Gənclər Mükafatı”nın təsis edilməsi də elmin inkişafına göstərilən dövlət qayğısının bariz nümunələridir. Həyata keçirilən strategiyanın məqsədi respublikamızda aparılan tədqiqatların prioritetlərinin dünya elminin inkişaf istiqamətlərinə və ölkənin mühüm ictimai-mədəni məsələlərinin həllinə uyğun müəyyənləşdirilməsi, biliklərə əsaslanan yeni tipli iqtisadiyyatın formalaşdırılması, elm sahəsində idarəetmə sisteminin modernləşdirilməsi, yüksək ixtisaslı kadrların hazırlanması, elmi işçilərin sosial təminatının yaxşılaşdırılması, habelə Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasıdır.

Azərbaycan dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliğində işğaldan azad edilən rayonlarda keçirilən beynəlxalq səviyyəli tədbirlərin rolu böyükdür. Ali Baş Komandan İlham Əliyevin 2022-ci ili “Şuşa ili” elan etməsi də dövlət başçısının xalqımızın tarixi və mədəni dəyərlərimizə xüsusi diqqətinin, böyük ehtiramının göstəricisidir. Bu həm də Şuşanın bu günü və gələcəyi ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsi üçün mühüm əhəmiyyətə malikdir. Ümumilikdə, unutmaq olmaz ki, zəngin Azərbaycan tarixinin xalqımızın inkişafında rolu böyükdür və bu tarixin geniş təbliğinə ehtiyac var. Azərbaycan mədəniyyətini, dövlətçilik tarixini öyrənmək, təbliğ etmək hər bir azərbaycanlının borcudur.

Gülşən Şərif

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” mövzusunda hazırlanmışdır.media_loqo_esas

www.yenicag.az

692
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv