Gələn il fəsillərin Azərbaycana daxil olma vaxtları açıqlandı

Gələn il fəsillərin Azərbaycana daxil olması vaxtı açıqlanıb.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov Report-a açıqlamasında bildirib ki, 2019-cu ildə yaz fəsli ölkəyə martın 21-də Bakı vaxtı ilə saat 01.58-də daxil olacaq.

O qeyd edib ki, bu zaman gecə ilə gündüz bərabərləşir: “Həmin gün Günəş öz orbiti üzrə hərəkət edərək göy ekvatorunu kəsir. Yəni, cənub yarım kürəsindən şimal yarım kürəsinə keçir. Bu nöqtəyə də yaz bərabərliyi nöqtəsi deyilir və Günəş bu nöqtədə olarkən gecə ilə gündüzün uzunluğu bərabərləşir. Bu zaman da yaz fəsli daxil olur”.

Rəsədxana rəsmisi əlavə edib ki, yazın gəlişi martın 21-nə təsadüf etdiyindən Novruz bayramı martın 22-də qeyd olunacaq.

X.Mikayılov qeyd edib ki, yay fəsli iyunun 21-də 19.54-də ölkəyə daxil olacaq: “Buna həm də yay Günəş tutuluşu deyilir. Yəni Günəş üfüqdən ən hündürdə olur. Günəş şüalarının istiqaməti ilə yerin fırlanma oxu ən kiçik bucaq əmələ gətirir. Belə olan halda günəş şüaları yer səthinə, xüsusilə də şimal yarımkürəsinə yaxşı düşə bilir”.

“Payız fəsli sentyabrın 23-də saat 11.50-də qeydə alınacaq. Bu halda gecə-gündüz bərabərliyi baş verir. Buna adətən payız bərabərliyi də deyirlər. Bu halda Günəş öz orbiti üzrə hərəkət edərək böyük ekvatoru kəsir və şimal yarım kürəsindən cənub yarımkürəsinə keçir. Qış fəsli isə dekabrın 22-də saat 08.19-da ölkəyə qədəm qoyacaq. Bu zaman Günəş üfüqdən ən minimum nöqtədə olur. Günəş şüalarının istiqaməti ilə yerin fırlanma oxu ən böyük bucaq əmələ gətirir. Ona görə də bu fəsildə soyuqlar müşahidə olunur”,- o əlavə edib.

COP29