!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gənc Tamaşaçılar Teatrında baş rejissor istəyi: Nicat Kazımov dəstəklənir

!Reklam – Yazi

Artıq bir neçə gündür ki, Gənc Tamaşaçılar Teatrında baş rejissor təyinatı ilə bağlı müəyyən müzakirələrə rast gəlinir. Belə ki, teatrın bir çox aktyor və aktrisaları Gənc Tamaşaçılar Teatrının quruluşçu rejisoru Nicat Kazımovun baş rejissor təyin olmasını istəyirlər. Hətta bəzi əməkdaşlar bununla bağlı Mədəniyyət Nazirliyinə müraciət də ediblər.

Mövzu ilə bağlı Yenicag.az-ın əməkdaşı Gənc Tamaşaçılar Teatrının bir çox aktyor və aktrisalarının fikirlərini öyrənib.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Kalmıkiyanın əməkdar artisti və Azərbaycan Respublikasının əməkdar artisti İlham Əsədov öz açıqlamasında bildirib ki, imkan varsa, nazirliyin kollektivin istəyini nəzərə alması çox yaxşı olardı:

“Nicat Kazımovun baş rejissor olmasını çox istərdik. Yəni, kollektiv bunu istəyir. Çünki baş rejissorun öz içimizdə olması daha yaxşı olar. Nicat Kazımov təxmini 20 ilə yaxındır ki, bizim teatrımızda çalışır. Onun istər böyüklər, istərsə də kiçiklər üçün çoxlu tamaşaları var. Nicat Kazımovun tamaşaları bir çox ölkələrdə təşkil olunan festivallarda da uğur qazanıb. Kollektivin böyük hissəsi Nicat Kazımovun baş rejissor olmasını istəsə də, təbii ki, son qərarı Mədəniyyət Nazirliyi verəcək. Nazirliyin isə kimi təyin edəcəyini deyə bilmərik”.

Gənc Tamaşaçılar Teatrının aktrisası, Azərbaycanın xalq artisti Naibə Allahverdiyeva Nicat Kazımovun baş rejissor olmasını istəyir:

“Təbii ki, bütün səlahiyyətlər Mədəniyyət Nazirliyinə aiddir. Sadəcə kollektivin çoxdan arzusudur ki, Nicat Kazımov baş rejissor təyin olunsun. Çünki o, artıq sınaqdan keçib. Bundan başqa, hər zaman içimizdə olub və Gənc Tamaşaçılar Teatrını həddən artıq çox sevir. O, kollektivlə mehribandır. Baş rejissor olmaq təkcə istedadlı olmaq demək deyil. Məlumdur ki, yaradıcı insanlar bir az həssasdır. Ulu Öndər deyib ki, “teatr işçilərini çox gözəl tanıyıram. Onların səhnə arxası həyatlarını bəlkə də çoxları bilmir. Bizə elə gəlir ki, ancaq deyib gülürlər. Lakin heç kim bilməsə də, mən çox gözəl bilirəm”. Teatr işçiləri oynadığı obrazla bağlı rəhbərlikdən gözəl söz eşidəndə, tamaşaçı alqışı görəndə daha da ilhamlanır. Bu mənada biz Nicat Kazımovu çox yaxşı tanıyırıq və onun xarakterini bilirik. O, Gənc Tamaşaçılar Teatrına bağlıdır. Biz Nicat Kazımovun baş rejissor olmasını istəyirik. Bütün hallarda qanun qanundur.Cənab nazir kimi təyin etsə, biz onu qəbul edəcəyik”.

Dövlət Gənc Tamaşaçılar teatrının aktrisası, əməkdar artist, əməkdar incəsənət xadimi Qəmər Məmmədova hesab edir ki, Nicat Kazımov baş rejissor olmalıdır:

“O, illərdir ortaya gözəl tamaşalar qoyur. Bütün tədbirlərin rejissorudur. Nicat Kazımov 20 ildən çoxdur ki, rejissor kimi fəaliyyət göstərir. Onun baş rejissor olmasını dəstəkləyirəm”.

Gənc Tamaşaçılar Teatrının aktyoru Bəhram Əliheydərə görə, Kollektivin 85-90 faizi Nicat Kazımovun baş rejissor olmasını istəyir:

“Əgər teatrın kollektivinin fikirlərinə əsasən ölçü götürüləcəksə, teatrın aktyorlarını yaxşı tanıyan Nicat Kazımovun baş rejissor olmasını istərdik. Hesab edirəm ki, bu məsələdə alternativ namizəd yoxdur. Əgər baş rejissor kimi başqası gələrsə, onun aktyor və aktrisaları tanıması zaman alacaq. Lakin Nicat Kazımov illərdir ki, bu teatrda can qoyub və kifayət qədər rejissorlar görüb. O, hansı rejissorun necə işləyib-işləmədiyini yaxşı bilir”.

Gənc Tamaşaçılar Teatrının aktyoru Anar Seyfullayev də Nicat Kazımovun baş rejissor olmasını dəstəkləyir:

“2008-ci ildə Gənc Tamaşaçılar Teatrına gəlmişəm və həmin vaxtlardan Nicat Kazımovun hansı çətinliklərlə fəaliyyət göstərdiyini görmüşəm. Bu gün baş rejissorluğa namizəd Nicat Kazımovun haqqıdır. Kollektiv onu tanıyır və ona inanır. Əlbəttə, qanun qarşısında boynumuz qıldan incədir. Sadəcə Gənc Tamaşaçılar Teatrının gənc aktyorları olaraq cənab nazir Adil Kərimli və Mədəniyyət Nazirliyinin heyətindən xahiş edirik ki, baş rejissor bizim kollektivimizdən təyin olunsun. Ümumilikdə heç kimə etirazımız yoxdur”.

Gənc Tamaşaçılar Teatrının aktyoru Araz Pirimovun sözlərinə görə, Nicat Kazımovdan başqa alternativ yoxdur:

“Düzdür, başqa bir rejissor təyin oluna bilər. Sadəcə olaraq Nicat Kazımov illərdir əziyyət çəkən və teatrın sütunlarından biridir. Fikrimcə, bundan sonra da belə olacaq. Baş rejissor olmaq Nicat Kazımovun haqqıdır. Teatrın inkişafını istəyiriksə, aktyorlarla yanaşı rejissor seçimi də düzgün olmalıdır. Elə bir baş rejissor gəlməlidir ki, teatrı zirvədə saxlasın”.

Gənc Tamaşaçılar Teatrının gənc aktrisası Zümrüd Quliyeva hesab edir ki, baş rejissorun teatrın əməkdaşının olması arzuolunandır:

“Öz içimizdən olan birinin baş rejissor olmasını çox istərdim. Nicat Kazımovun baş rejissor olmasını istəyən çoxdur. Mən də həmin şəxslərdən biriyəm”.

Gənc Tamaşaçılar Teatrının aktyoru Müşfiq Əliyev vurğulayıb ki, teatrın inkişafı düzgün təyinatdan asılıdır:

“Yəni, teatrın inkişafı kollektivə lazım olan insandan başlayır. Naşı adamı kollektivə qoyanda uçuruma yol açır. Gənc Tamaşaçılar Teatrı illərdir ki, öz sözünü demiş bir teatrdır. Bu teatrın ən çox zəhmətini çəkənlərdən biri də Nicat Kazımov olub. Onun gördüyü işlərlə bağlı bir kitab lazımdır ki, məlumat verilsin. Kollektiv Nicat Kazımovu dəstəkləyir və onun baş rejissor olmasını istəyir”.

Gənc Tamaşaçılar teatrının aktyoru Elnur Hüseynov isə rəsmi şəxslər və nazirliyin onların istəyini nəzərə alacağına ümid edir:

“Nicat Kazımov teatrın 95 illik ənənəsini çox gözəl nümayiş etdirən, aktyor və rejissor kimi teatrda yetişən bir sənətkardır. O, teatrın əməkdaşlarının rəğbətini qazanan bir şəxsiyyətdir. O, mənim ürəyimcə olan namizəddir”.

Gənc Tamaşaçılar Teatrının aktrisası Simuzər Ağakişiyeva Nicat Kazımov baş rejissor olmağa layiqdir:

“Nicat Kazımov mənim tələbə yoldaşım olub. O, insani keyfiyyətləri olan bir şəxsdir. Nicat insanın pis və yaxşı günündə yanında ola bilən bir insandır. Çox istərdim ki, teatrın baş rejissoru olsun. Nicat Kazımov universiteti bitirən kimi Gənc Tamaşaçılar Teatrına aktyor olaraq gəlib. O, teatra illərini qoyub. Bundan başqa, fikirləri maraqlıdır. Nicat Kazımovun baş rejissor olmasını dəstəkləyirəm”.

Dövlət Gənc Tamaşaçılar teatrının aktyoru Nurlan Süleymanlı da Nicat Kazımovun baş rejissor olmasını dəstəkləyir.

Gənc Tamaşaçılar Teatrının aktyoru, xalq artisti Yasin Qarayev isə “facebook” hesabında Mədəniyyət naziri Adil Kərimliyə müraciət ünvanlayıb. Müraciəti olduğu kimi təqdim edirik:
“Azərbaycan Respublikasının əməkdar artisti Nicat Kazımov 30 ildən çoxdur ki, Gənc Tamaşaçılar Teatrında aktyor-rejissor kimi fəaliyyət göstərir. O, bu illər ərzində saysız-hesabsız tamaşalara quruluş vermiş və çox böyük uğurlar qazanmışdır. 2007-ci ildə quruluş verdiyi “Pəri cadu” tamaşası ilk dəfə Mədəniyyət Nazirliyinin təsis etdiyi “Zirvə” mükafatına layiq görülmüşdür. Nicat Kazımovun müxtəlif dövlət tədbirlərində verdiyi quruluşlar da ictimaiyyət tərəfindən həmişə rəğbətlə qarşılanıb. Teatrımızın kollektivi Nicat Kazımovu yüksək intellektə və zəngin təcrübəyə malik olan bir rejissor kimi çox sevir. Bu gün kollektivin hər bir üzvü teatrımızda Nicat Kazımovu baş rejissor vəzifəsində görmək arzusundadırlar. Cənab nazir, bu arzunun reallaşması sizdən asılıdır”.

Gülşən Şərif

www.yenicag.az

991
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv