Gəncə Ermənistan ərazisi kimi göstərildi – Rus şirkətdən təxribat – VİDEO

Rusiyanın “Tele2” mobil operatoru Azərbaycan ərazisini Ermənistan ərazisi kimi təqdim edir.

Yenicag.az xəbər verir ki, Moskva-Gəncə relsi ilə səyahət edən turistlər hava limanına endikdən sonra rominq nömrələrə “Ermənistana xoş gəlmisiniz” mesajı gəlir.

Mesajda “Tele2” mobil operatorunun rominq dəqiqələrinin qiyməti və Rusiyanın Ermənistandakı səfirliyinin nömrəsi (+374-94-00-47-95) abunəçilərə təqdim edilir. Bu vəziyyət həmin operatorun müştərisi olan azərbaycanlılar arasında ciddi narazılıq doğurub və bu barədə müvafiq qurumlara şikayət edilib.

Qeyd edək ki, Rusiyanın bir neçə şirkəti dəfələrlə Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edərək Qarabağı ya müstəqil qurum kimi təqdim edib, ya da Ermənistan ərazisi kimi göstərib. Görünən odur ki, artıq həmin şirkətlər siyahısına “Tele2” mobil operatoru da daxil olub.

Ümid edirik ki, Rusiya XİN sözçüsü Mariya Zaxarovanın “Azərbaycan Rusiyanın erməni vətəndaşlarına qarşı diskriminasiya siyasətindən əl çəkməlidir” ultimatumuna səssiz qalan Azərbaycan Xarici İşlər Nazirliyi məsələyə biganə yanaşmayacaq.