Gəncə Vüsalə Muradovanı deputat görmək istəyir – VİDEO

37 saylı birinci Nizami (Gəncə) seçki dairəsinin seçicilərindən Vüsalə Muradovaya böyük maraq var.

Yenicag.az xəbər verir ki, gəncəlilər daha yaxından tanımaq, öz fikirlərini çatdırmaq və dəstək nümayiş etdirmək üçün Vüsalə Muradovanın ətrafına toplaşırlar.

Bəs Vüsalə Muradova kimdir?

Muradova Vüsalə Xəqani qızı 12 avqust 1981-ci ildə Gəncə şəhərində anadan olub. 1986-cı ildə Gəncə şəhər 11 saylı orta məktəbin birinci sinfinə gedib. 1996-cı ildə orta məktəbi bitirərək Azərbaycan İqtisad Universitetinin İqtisadiyyatın hüquqi tənzimlənməsi fakültəsinə daxil olub. 2003-cü ildə həmin universiteti magistr səviyyəsi diplomu ilə bitirib. 2006-cı ildə Rusiya Federasiyasının Moskva şəhərində Moskva Hüquq İnstitutuna qəbul olub, 2010-cu ildə həmin institutu fərqlənmə diplomu ilə bitirib.

2005-ci ildə Rusiya Federasiyasında “BİNBANK” QSC-də əməliyyatçı, 2005-ci ilin avqust ayından 2007-ci ilin iyul ayınadək Moskva şəhərində notariat kontorunda hüquq məsləhətçisi vəzifəsində çalışıb.

2007-2011-ci illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Audit Departamentində işləyib. 01.06.2012-ci ildə “VICTORYWAYS Audit Consulting” MMC-yə hüquqşünas vəzifəsinə təyin olunub. Hazırda həmin MMC-də Hüquq şöbəsinin müdiri vəzifəsində fəaliyyətini davam etdirir. Eyni zamanda AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun doktorantıdır.

Vüsalə Muradova deputatlığa namizədliyinin rəsmi qeydə alındıqdan sonra insanlara fəaliyyəti haqqında geniş məlumat verir. Hüquqşünas kimi insanların pozulan hüquqlarının qarşısının alınmasına çalışacağını bəyan edir.

İndiyə qədər internet resurslarında və MTK-larda baş verən qanun pozuntularıyla mübarizə aparır və aparmağa da davam edir. Yaşadığı bölgədə Mənzil Tikinti Kooperativlərinin sakinlərə yaşatdıqları problemlərin həlli üçün səylər göstərir.

Xalq arasında olmağı sevən V. Muradova daim onların problemlərini dinləyir. Gəncədə seçicilərlə görüşlərində onların yol, kanalizasiya kimi problemlərinin həlli üçün dövlət mexanizminin sürətli işləməsi üçün çalışacağını bildirir.

İnsan hüquqları çərçivəsində uşaqların, qadınların hüquqlarını qorumaq üçün əlindən gələcək fəaliyyətdə heç nədən çəkinməyərək qanunların ona verəcəyi səlahiyyətlərdən istifadə edəcəyini bildirir. Seçicilərlə görüşdə onların passiv olmaması, seçkiyə gəlmələrinin gərəkli olduğunu diqqətə çatdırır./Qafqazinfo/

COP29