!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gənclərə vətənpərvərlik hisslərinin aşılanması: Milli şüur necə inkişaf etdirilir?

!Reklam – Yazi

Firudin Cəlilov: “Gənclərimiz gələcəkdə sağlam dövlətin qurucuları kimi meydanda olacaqlar”;

Nihad Allahyarlı: “Vətən müharibəsi hər bir Azərbaycan gəncində milli mənlik şüurunun və vətənpərvərlik hissinin ən ali səviyyədə olmasını bir daha sübut etdi”.

Dövlətin gələcəyi vətənpərvər ruhda, sağlam düşüncə ilə yetişməkdə olan gənclərin əlindədir. Hər bir azərbaycanlı gəncin vətənpərvər və milli ruhda yetişdirilməsi ölkəmiz adına sevindirici haldır. Azərbaycanı beynəlxalq platformalarda, beynəlxalq idman yarışlarında, beynəlxalq siyasi masalarda təmsil etməyə hər an hazır olan gənclik yetişməkdədir. Onlar məhz həmin gənclərdir ki, bu gün ölkəmizi xaricdə təhsil, idman, texnologiya sahəsində təmsil edirlər. Azərbaycanlı adını daşıyan hər bir gənc elə yetişdirilib ki, onlar hər an vətənin müdafiəsində dayanmağa hazırdırlar.Azərbaycanda gənc nəslə yatırılan sərmayə barədə danışan keçmiş təhsil naziri Firudin Cəlilov Yenicag.az-a açıqlamasında deyib ki, Azərbaycanın hərbi, siyasi müstəvidə canı, qanı bahasına qazandığı uğurlar ali və orta məktəblərdə, ümumtəhsil müəssisələrində yetişən gənclərə uğurla təbliğ edilir:

“Ölkəmiz 3 il öncə böyük uğura imza ataraq Qarabağı 30 illik erməni işğalından cəmi 44 gün ərzində azad etdi. Bu ilin sonuna az qalmış isə Qarabağda qanunsuz fəaliyyət göstərən terrorçu erməni hərbçiləri ərazilərimizdən 24 saatlıq antiterror əməliyyatı ilə təmizləndi. Bu uğurlar Azərbaycanı dünya miqyasında öz haqqını yerdə qoymayan, güclü ordu və xalqa sahib ölkə kimi tanıtdı. Azərbaycan yeni dövrə keçid etdi. Azərbaycanın hərbi, siyasi müstəvidə canı, qanı bahasına qazandığı uğurlar ali və orta məktəblərdə, ümumtəhsil müəssisələrində yetişən gənclərə uğurla təbliğ edilir. Bu, dövlətimizin, yetişən Azərbaycan gəncliyi üçün əhəmiyyətli məsələdir. Hər bir azərbaycanlı gənc ölkəmizin gücünü bilməli, bizi beynəlxalq miqyasda layiqincə təmsil etməyi öyrənməlidir.

Gənclər bizim gələcəyimizdir. Bu günün tələbəsi sabahın naziri, səfiri, hansısa yüksək vəzifəli şəxsi, tanınmış alimi, yaxud yazarı ola bilər. Bir sözlə gələcəyimizi yetişən gənclik təmsil edəcək. Gənclərimiz gələcəkdə sağlam dövlətin qurucuları kimi meydanda olacaqlar. Bu səbəbdən onları sağlam yetişdirmək lazımdır. Sağlam yetişdirmək üçün isə sağlam mühit çox vacibdir”.

“Davam” Gənclər Hərəkatının İdarə Heyətinin sədri Nihad Allahyarlı isə Yenicag.az-a açıqlamasında deyib ki, gənclik müasir dövrün hərəkətverici qüvvəsidir:

“Bu gün Azərbaycanda həyata keçirilən gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Gənclərin milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin yüksək səviyyədə inkişaf etdirilməsi isə dövlətin və biz gənclər təşkilatlarının qarşısında duran prioritet məsələdir.

Prezident İlham Əliyevin çıxışlarından birində vurğuladığı kimi, bizə sağlam millət lazımdır, sağlam, yeni gənc nəsil lazımdır. Bilikli, savadlı, bütün dünyada gedən proseslərə bələd olan, gözəl təhsil alan, öz biliyi və savadı ilə Azərbaycanın gələcək inkişafına töhfə verəcək gənc nəsil lazımdır, vətənpərvər gənc nəsil lazımdır.

Hər bir vətəndaşın formalaşan milli mənlik şüuru onun cəmiyyətdə, ictimai münasibətlər sistemində tutduğu və oynadığı rolu müəyyənləşdirir, onun fəal vətəndaşlıq keyfiyyətlərinin qabarıq ifadəsinə çevrilir. Buna görə də gənclərin vətənpərvərlik tərbiyəsi və milli şüurunun inkişafı üçün düşünülmüş şəkildə müxtəlif dövlət proqramları qəbul edilib, prezident fərman və sərəncamları imzalanıb, beynəlxalq hüquq prinsiplərinə əsaslanan qanunvericilik bazası yaradılıb.

Dövlətin diqqət və qayğısı nəticəsində Azərbaycan gəncliyi siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır, cəmiyyətin inkişafında fəal iştirak edir, mədəniyyət, incəsənət, iqtisadiyyat və digər sahələrdə nailiyyətlər qazanır.

Yaxın keçmişə nəzər salsaq, görərik ki, bu diqqət və qayğının təməli Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərə qədər gedib çatır. Ulu Öndərin Fərmanı ilə gənc nəslin mütəşəkkil formada yetişdirilməsi üçün 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyi təsis edildi. Gənclərlə bağlı atılan növbəti addım 2 fevral 1996-cı ildə Gənclərin Birinci Forumunun keçirilməsi oldu. 1997-ci il fevralın 1-də forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən Ulu Öndər Heydər Əliyev 2 fevral – Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında sərəncam imzaladı.

Müasir dövrdə Ulu Öndər tərəfindən əsasları qoyulan nəticəyönümlü siyasət onun siyasi varisi prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclər bu gün dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında və digər sahələrdə təmsil olunur, dövlət dəstəyi ilə dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilirlər. Azərbaycan Respublikasında gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin idarəçilikdə fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həll edilməsi məqsədilə hər cür şərait və imkanlar yaradılır. Prezident İlham Əliyevin 2006-cı ildə Gənclər və İdman Nazirliyinin yenidən təşkil edilməsi ilə bağlı fərmanı, 2007-ci il ölkədə “Gənclər İli”nin elan edilməsi, gənclər siyasətilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətlərin stimullaşdırılması məqsədilə Gənclər Fondunun yaradılması, gənclər üçün prezident mükafatının təsis edilməsi, gənclərin və gənc ailələrin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə güzəştli ipoteka kreditinin verilməsi gənclərə göstərilən diqqət və qayğının nəticəsidir.

Vətənini sevən, öz xalqına və vətəninə sadiq və onların mənafeyi yolunda canından keçməyə hazır olan insan birmənalı olaraq vətənpərvərdir. Gənclərdə vətənpərvərlik hissinin aşılanması ailədən başlayır. Vətənpərvərlik təkcə vətəni sevmək deyil, həm də Vətən naminə çalışmaq, Vətəni qorumağa hər an hazır olmaqdır.

Bu məqamda xüsusilə hərb sahəsində şücaət göstərən Azərbaycan gəncliyini vurğulamaq lazımdır. Hazırda Azərbaycan Ordusu sıralarında öz vəzifəsini şərəflə yerinə yetirən şəxsi heyətin böyük əksəriyyətini gənclər təşkil edir. Müasir dövr Azərbaycan gəncliyinin ən böyük qəhrəmanlıq salnaməsi, sözsüz ki, 44 günlük Vətən müharibəsində göstərdikləri haqlı mübarizədir.

Qarabağı azad etmək uğrunda gedən qanlı döyüşlərdə sinəsini sipər edən, əlisilahlı düşmənin üzərinə gedən igidlərin əksəriyyətini də gənclər təşkil edirdi. Onlar bütün dünyaya Azərbaycan gəncinin nəyə qadir olduğunu sübut ediblər. Azadlığa qovuşan hər qarış vətən torpağında minlərlə gənc şəhidimizin qanı və bütün qəhrəman qazilərimizin alın təri var.

Vətən müharibəsi hər bir Azərbaycan gəncində milli mənlik şüurunun və vətənpərvərlik hissinin ən ali səviyyədə olmasını bir daha sübut etdi. Cənab prezident İlham Əliyevin Azərbaycan gəncləri haqqında səsləndirdiyi bu fikirlər gəncliyə verilən ən böyük qiymətin, göstərilən yüksək etimadın və sevginin bariz nümunəsidir: “Elə gənclər yetişdirmişik ki, bu gənclər dağı dağ üstə qoya bilər və əslində, bunu da etdilər. İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi idi. Biz elə bir gənc nəsil yetişdirdik ki, onlar həm yüksək mənəvi, həm də yüksək fiziki keyfiyyətlər göstərərək, uzun illər ərzində işğal altında olan torpaqları azad etdilər və Şuşa kimi alınmaz qalanı faktiki olaraq yüngül silahlarla, əliyalın azad etdilər. Nə idi bizi qabağa aparan? Ləyaqət və ruh!” Bir yumruq kimi öz Lideri ətrafında birləşən Azərbaycan gəncliyi bütün dövrlərdə olduğu kimi tarixyüklü sınaqlardan da hər zaman üzüağ çıxmağı bacarıb və bacaracaqdır”.

Nəsimi Ələsgərli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

488
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv